Back to Languages

Azerbaijani - Chapter 13 - Ar-Rad

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Ar-Rad 13:1

Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır

Verse 2 — Surah Ar-Rad 13:2

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız

Verse 3 — Surah Ar-Rad 13:3

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır

Verse 4 — Surah Ar-Rad 13:4

Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır

Verse 5 — Surah Ar-Rad 13:5

Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar

Verse 6 — Surah Ar-Rad 13:6

Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir

Verse 7 — Surah Ar-Rad 13:7

Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır

Verse 8 — Surah Ar-Rad 13:8

Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır

Verse 9 — Surah Ar-Rad 13:9

Allah qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır

Verse 10 — Surah Ar-Rad 13:10

Aranızdan sözü gizlədənlər də, onu açıq deyənlər də, gecə gizlənib, gündüz gəzib dolananlar da Allah üçün eynidirlər

Verse 11 — Surah Ar-Rad 13:11

Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. Əgər Allah hər hansı bir qövmə pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz. Onların Ondan başqa ixtiyar sahibi yoxdur

Verse 12 — Surah Ar-Rad 13:12

İldırımdan qorxasınız və yağışın yağmasına ümid bəsləyəsiniz deyə sizə şimşək göstərən və yağış dolu ağır buludları var edən Odur

Verse 13 — Surah Ar-Rad 13:13

Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir

Verse 14 — Surah Ar-Rad 13:14

Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir

Verse 15 — Surah Ar-Rad 13:15

Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir

Verse 16 — Surah Ar-Rad 13:16

De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir”

Verse 17 — Surah Ar-Rad 13:17

O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır. Sel də üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə yerində qalır. Budur Allahın çəkdiyi misallar

Verse 18 — Surah Ar-Rad 13:18

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır

Verse 19 — Surah Ar-Rad 13:19

Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kora bənzəyə bilərmi? Bundan ancaq ağıl sahibləri ibrət alarlar

Verse 20 — Surah Ar-Rad 13:20

O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar

Verse 21 — Surah Ar-Rad 13:21

O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər

Verse 22 — Surah Ar-Rad 13:22

O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –

Verse 23 — Surah Ar-Rad 13:23

əməlisaleh ataları, zövcələri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub deyəcəklər

Verse 24 — Surah Ar-Rad 13:24

“Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”

Verse 25 — Surah Ar-Rad 13:25

Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır

Verse 26 — Surah Ar-Rad 13:26

Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür

Verse 27 — Surah Ar-Rad 13:27

Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”

Verse 28 — Surah Ar-Rad 13:28

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır

Verse 29 — Surah Ar-Rad 13:29

İman gətirib saleh əməllər edənlər üçün xoş güzəran və gözəl qayıdış yeri hazırlanmışdır

Verse 30 — Surah Ar-Rad 13:30

Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Mərhəmətli Allahı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”

Verse 31 — Surah Ar-Rad 13:31

Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz

Verse 32 — Surah Ar-Rad 13:32

Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Bir görəydin onları cəzalandırmağım necə oldu

Verse 33 — Surah Ar-Rad 13:33

Hər kəsin qazandığını qoruyub saxlayan Allah, buna qadir olmayan bütlər kimi ola bilərmi? Müşriklər isə Allaha şəriklər qoşurlar. De: “Onların adlarını söyləyin! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri yaxud boş sözlərimi xəbər verirsiniz?” Doğrusu, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar doğru yoldan çıxarıldılar. Allah kimi azdırsa, onu doğru yola yönəldən olmaz

Verse 34 — Surah Ar-Rad 13:34

Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allahdan qoruyan olmaz

Verse 35 — Surah Ar-Rad 13:35

Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur

Verse 36 — Surah Ar-Rad 13:36

Kitab verdiyimiz kəslər sənə nazil edilənə sevinirlər. Firqələr arasında eləsi də vardır ki, onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız Ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız Onadır!”

Verse 37 — Surah Ar-Rad 13:37

Beləliklə biz onu (Quranı) ərəbcə bir qanun olaraq nazil etdik. Əgər sənə gələn bu elmdən sonra onların istəklərinə tabe olsan, səni Allahdan nə bir himayə edən, nə də bir qoruyan olar

Verse 38 — Surah Ar-Rad 13:38

Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var

Verse 39 — Surah Ar-Rad 13:39

Allah bu yazıdan istədiyini silər, istədiyini də sabit saxlayar. Kitabın anası da Onun yanındadır

Verse 40 — Surah Ar-Rad 13:40

Biz onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya ondan öncə səni öldürsək bil ki, sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir

Verse 41 — Surah Ar-Rad 13:41

Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqq-hesab çəkəndir

Verse 42 — Surah Ar-Rad 13:42

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər

Verse 43 — Surah Ar-Rad 13:43

Kafirlər deyirlər: “Sən göndərilmiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsələrin şahid olması yetər”