Back to Languages

Azerbaijani - Chapter 2 - Al-Baqarah

Translation by Alikhan Musayev — Permalink

Verse 1 — Surah Al-Baqarah 2:1

Verse 2 — Surah Al-Baqarah 2:2

Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır

Verse 3 — Surah Al-Baqarah 2:3

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər

Verse 4 — Surah Al-Baqarah 2:4

O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar

Verse 5 — Surah Al-Baqarah 2:5

Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır

Verse 6 — Surah Al-Baqarah 2:6

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər

Verse 7 — Surah Al-Baqarah 2:7

Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır

Verse 8 — Surah Al-Baqarah 2:8

İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər

Verse 9 — Surah Al-Baqarah 2:9

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar

Verse 10 — Surah Al-Baqarah 2:10

Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər

Verse 11 — Surah Al-Baqarah 2:11

Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər

Verse 12 — Surah Al-Baqarah 2:12

Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər

Verse 13 — Surah Al-Baqarah 2:13

Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər

Verse 14 — Surah Al-Baqarah 2:14

Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz möminlərə ancaq istehza edirik!”– deyirlər

Verse 15 — Surah Al-Baqarah 2:15

Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər

Verse 16 — Surah Al-Baqarah 2:16

Onlar, doğru yolu verib azğınlığı satın almış kimsələrdir. Amma onların ticarəti qazanc gətirmədi və özləri də doğru yola yönəlmədilər

Verse 17 — Surah Al-Baqarah 2:17

Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar

Verse 18 — Surah Al-Baqarah 2:18

Onlar kar, lal və kor olduqlarına görə doğru yola qayıtmazlar

Verse 19 — Surah Al-Baqarah 2:19

Yaxud onların məsəli zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır

Verse 20 — Surah Al-Baqarah 2:20

Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir

Verse 21 — Surah Al-Baqarah 2:21

Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız

Verse 22 — Surah Al-Baqarah 2:22

O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi. Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın

Verse 23 — Surah Al-Baqarah 2:23

Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın

Verse 24 — Surah Al-Baqarah 2:24

Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin

Verse 25 — Surah Al-Baqarah 2:25

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar

Verse 26 — Surah Al-Baqarah 2:26

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır

Verse 27 — Surah Al-Baqarah 2:27

O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır

Verse 28 — Surah Al-Baqarah 2:28

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız

Verse 29 — Surah Al-Baqarah 2:29

Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir

Verse 30 — Surah Al-Baqarah 2:30

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Verse 31 — Surah Al-Baqarah 2:31

Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”

Verse 32 — Surah Al-Baqarah 2:32

Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”

Verse 33 — Surah Al-Baqarah 2:33

Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”

Verse 34 — Surah Al-Baqarah 2:34

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu

Verse 35 — Surah Al-Baqarah 2:35

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”

Verse 36 — Surah Al-Baqarah 2:36

Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”

Verse 37 — Surah Al-Baqarah 2:37

Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir

Verse 38 — Surah Al-Baqarah 2:38

Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”

Verse 39 — Surah Al-Baqarah 2:39

Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar

Verse 40 — Surah Al-Baqarah 2:40

Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim. Təkcə Məndən qorxun

Verse 41 — Surah Al-Baqarah 2:41

Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun

Verse 42 — Surah Al-Baqarah 2:42

Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin

Verse 43 — Surah Al-Baqarah 2:43

Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin

Verse 44 — Surah Al-Baqarah 2:44

Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız

Verse 45 — Surah Al-Baqarah 2:45

Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir

Verse 46 — Surah Al-Baqarah 2:46

Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər

Verse 47 — Surah Al-Baqarah 2:47

Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın

Verse 48 — Surah Al-Baqarah 2:48

Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir

Verse 49 — Surah Al-Baqarah 2:49

Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi

Verse 50 — Surah Al-Baqarah 2:50

O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq

Verse 51 — Surah Al-Baqarah 2:51

O zaman Biz Musaya vəhy üçün qırx gecəlik vədə verdik. Sonra siz onun ardından buzovu özünüzə məbud qəbul edərək zalım oldunuz

Verse 52 — Surah Al-Baqarah 2:52

Sonra bunun ardınca Biz sizi bağışladıq ki, bəlkə şükür edəsiniz

Verse 53 — Surah Al-Baqarah 2:53

O zaman Biz Musaya Kitab və haqqı batildən ayıran Furqan verdik ki, bəlkə doğru yolla gedəsiniz

Verse 54 — Surah Al-Baqarah 2:54

O zaman Musa öz qövmünə dedi: “Ey qövmüm! Siz buzova ibadət etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir”. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir

Verse 55 — Surah Al-Baqarah 2:55

O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu

Verse 56 — Surah Al-Baqarah 2:56

Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz

Verse 57 — Surah Al-Baqarah 2:57

Biz sizin üstünüzə buludla kölgə saldıq, sizə manna və bildirçin endirdik və: “Sizə ruzi olaraq verdiyimiz pak şeylərdən yeyin!”– dedik. Onlar Bizə deyil, ancaq özlərinə zülm etdilər

Verse 58 — Surah Al-Baqarah 2:58

O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!”– deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq

Verse 59 — Surah Al-Baqarah 2:59

Zülm edənlər özlərinə deyilən sözü başqası ilə dəyişdilər. Biz də zülm edənlərə etdikləri günaha görə göydən əzab göndərdik

Verse 60 — Surah Al-Baqarah 2:60

O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”

Verse 61 — Surah Al-Baqarah 2:61

Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi

Verse 62 — Surah Al-Baqarah 2:62

Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər

Verse 63 — Surah Al-Baqarah 2:63

Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız!”

Verse 64 — Surah Al-Baqarah 2:64

Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız

Verse 65 — Surah Al-Baqarah 2:65

Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik

Verse 66 — Surah Al-Baqarah 2:66

Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik

Verse 67 — Surah Al-Baqarah 2:67

Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?”– dedilər. Musa: “Cahil olmaqdan Allaha sığınıram!”– dedi

Verse 68 — Surah Al-Baqarah 2:68

Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!”

Verse 69 — Surah Al-Baqarah 2:69

Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları sevindirir”

Verse 70 — Surah Al-Baqarah 2:70

Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə başqa inəklərə bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”

Verse 71 — Surah Al-Baqarah 2:71

Musa dedi: “Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsl həqiqəti bildirdin!”– dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər

Verse 72 — Surah Al-Baqarah 2:72

O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar

Verse 73 — Surah Al-Baqarah 2:73

Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız

Verse 74 — Surah Al-Baqarah 2:74

Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir

Verse 75 — Surah Al-Baqarah 2:75

Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər

Verse 76 — Surah Al-Baqarah 2:76

Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”– deyirlər

Verse 77 — Surah Al-Baqarah 2:77

Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir

Verse 78 — Surah Al-Baqarah 2:78

Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar

Verse 79 — Surah Al-Baqarah 2:79

Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!”– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına

Verse 80 — Surah Al-Baqarah 2:80

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Verse 81 — Surah Al-Baqarah 2:81

Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar

Verse 82 — Surah Al-Baqarah 2:82

İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar

Verse 83 — Surah Al-Baqarah 2:83

Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!”– deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz

Verse 84 — Surah Al-Baqarah 2:84

O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərək bu əhdi təsdiqlədiniz

Verse 85 — Surah Al-Baqarah 2:85

Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir

Verse 86 — Surah Al-Baqarah 2:86

Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir

Verse 87 — Surah Al-Baqarah 2:87

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik. Məgər hər dəfə sizə göndərilən elçi ürəyinizə yatmayan bir şey gətirəndə siz təkəbbür göstərmədinizmi? Onların bir qismini yalançı hesab edib, bir qismini də öldürmədinizmi

Verse 88 — Surah Al-Baqarah 2:88

Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar

Verse 89 — Surah Al-Baqarah 2:89

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə onu inkar etdilər. Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları peyğəmbər gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin

Verse 90 — Surah Al-Baqarah 2:90

Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər. Kafirlərə alçaldıcı bir əzab vardır

Verse 91 — Surah Al-Baqarah 2:91

Onlara: “Allahın nazil etdiyinə inanın!”– deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”– deyib onun ardınca gələni inkar edirlər. Halbuki Quran onların yanında olanı təsdiqləyən bir həqiqətdir. De: “Əgər siz inanan idinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”

Verse 92 — Surah Al-Baqarah 2:92

Musa sizə açıq-aydın dəlillər gətirmişdi. O getdikdən sonra siz buzovu ilahiləşdirib özünüzə zülm etdiniz

Verse 93 — Surah Al-Baqarah 2:93

O zaman Biz sizinlə əhd bağlayıb dağı başınızın üstünə qaldırdıq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!”– deyə əmr etdik. Onlar: “Eşitdik və asi olduq!”– dedilər. Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridildi. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”

Verse 94 — Surah Al-Baqarah 2:94

De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və doğru deyirsinizsə, onda özünüzə ölüm diləyin!”

Verse 95 — Surah Al-Baqarah 2:95

Onlar öz əllərinin etdiyinə görə bunu heç vaxt diləməzlər. Allah zalımları tanıyır

Verse 96 — Surah Al-Baqarah 2:96

Sən onların həyata bütün insanlardan, hətta müşriklərdən də daha həris olduqlarını görəcəksən. Onlardan hər biri min il ömür sürməsini istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdıra bilməz. Allah onların nə etdiklərini görür

Verse 97 — Surah Al-Baqarah 2:97

De: “Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir”

Verse 98 — Surah Al-Baqarah 2:98

Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir

Verse 99 — Surah Al-Baqarah 2:99

Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər

Verse 100 — Surah Al-Baqarah 2:100

Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır

Verse 101 — Surah Al-Baqarah 2:101

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər

Verse 102 — Surah Al-Baqarah 2:102

Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər

Verse 103 — Surah Al-Baqarah 2:103

Onlar iman gətirib Allahdan qorxsaydılar, Allahın verdiyi mükafat onlar üçün daha xeyirli olardı. Kaş bunu biləydilər

Verse 104 — Surah Al-Baqarah 2:104

Ey iman gətirənlər! Peyğəmbərə: “Bizə qayğı göstər!”– deməyin; “Bizə nəzər yetir!”– deyin və (Allahın əmrini) eşidin! Kafirləri ağrılı-acılı bir əzab gözləyir

Verse 105 — Surah Al-Baqarah 2:105

Nə Kitab əhlinin kafir olanları, nə də müşriklər sizə Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir. Allah böyük lütf sahibidir

Verse 106 — Surah Al-Baqarah 2:106

Biz hər hansı bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir

Verse 107 — Surah Al-Baqarah 2:107

Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır

Verse 108 — Surah Al-Baqarah 2:108

Yoxsa bundan əvvəl Musadan tələb olunduğu kimi siz də Peyğəmbərinizdən möcüzə tələb etmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır

Verse 109 — Surah Al-Baqarah 2:109

Kitab əhlindən bir çoxu həqiqəti bildikdən sonra da, paxıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər onları bağışlayın və onlara baş qoşmayın! Həqiqətən, Allah hər şeyə qadirdir

Verse 110 — Surah Al-Baqarah 2:110

Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür

Verse 111 — Surah Al-Baqarah 2:111

Onlar dedilər: “Yəhudilərdən və ya xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”

Verse 112 — Surah Al-Baqarah 2:112

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər

Verse 113 — Surah Al-Baqarah 2:113

Yəhudilər: “Xaçpərəstlər heç bir şeyə əsaslanmırlar!”– deyir, xaçpərəstlər isə: “Yəhudilər heç bir şeyə əsaslanmırlar!”– deyirlər. Halbuki onlar Kitab oxuyandırlar. Cahillər də onların danışdığı kimi danışırlar. Allah ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir

Verse 114 — Surah Al-Baqarah 2:114

Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır

Verse 115 — Surah Al-Baqarah 2:115

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir

Verse 116 — Surah Al-Baqarah 2:116

Onlar dedilər: “Allah Özünə övlad götürmüşdür!” Halbuki O, pakdır, müqəddəsdir! Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir

Verse 117 — Surah Al-Baqarah 2:117

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar

Verse 118 — Surah Al-Baqarah 2:118

Cahillər dedilər: “Bəs nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onların əcdadları da elə onlar kimi danışırdılar. Onların qəlbləri bir-birinə oxşayır. Biz, yəqinliklə inanan bir xalqa dəlillərimizi bəyan etmişik

Verse 119 — Surah Al-Baqarah 2:119

Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən bir peyğəmbər göndərdik. Cəhənnəm sakinləri barəsində isə sən sorğu-sual olunmayacaqsan

Verse 120 — Surah Al-Baqarah 2:120

Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar

Verse 121 — Surah Al-Baqarah 2:121

Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır

Verse 122 — Surah Al-Baqarah 2:122

Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və vaxtı ilə sizi aləmlərdən üstün etdiyimi xatırlayın

Verse 123 — Surah Al-Baqarah 2:123

Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək

Verse 124 — Surah Al-Baqarah 2:124

Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!”– dedi. İbrahim: “Nəslimdən də (imam et)!”– dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!”– dedi

Verse 125 — Surah Al-Baqarah 2:125

Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik

Verse 126 — Surah Al-Baqarah 2:126

Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – hər növ məhsullardan ruzi ver!” Allah dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izin verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”

Verse 127 — Surah Al-Baqarah 2:127

O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən

Verse 128 — Surah Al-Baqarah 2:128

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən

Verse 129 — Surah Al-Baqarah 2:129

Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Verse 130 — Surah Al-Baqarah 2:130

Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır

Verse 131 — Surah Al-Baqarah 2:131

Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi

Verse 132 — Surah Al-Baqarah 2:132

İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

Verse 133 — Surah Al-Baqarah 2:133

Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!”

Verse 134 — Surah Al-Baqarah 2:134

Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız

Verse 135 — Surah Al-Baqarah 2:135

Onlar dedilər: “Yəhudi və ya xaçpərəst olun ki, doğru yola yönələsiniz!” De: “Əksinə, biz hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”

Verse 136 — Surah Al-Baqarah 2:136

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!”

Verse 137 — Surah Al-Baqarah 2:137

Əgər onlar da siz iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərsələr, mütləq ixtilafa düşmüş olarlar. Onlardan qorunmaq üçün Allah sənə kifayət edər. O, Eşidəndir, Biləndir

Verse 138 — Surah Al-Baqarah 2:138

De: “Budur Allahın dini! Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız Ona ibadət edənlərik!”

Verse 139 — Surah Al-Baqarah 2:139

De: “Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də Rəbbimiz, sizin də Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona sadiq olanlarıq!”

Verse 140 — Surah Al-Baqarah 2:140

Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun nəslinin yəhudi və yaxud xaçpərəst olduğunu deyirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir

Verse 141 — Surah Al-Baqarah 2:141

Onlar bir ümmət idi ki, gəlib getdi. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız

Verse 142 — Surah Al-Baqarah 2:142

Səfeh adamlar deyəcəklər: “Onları üz tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”

Verse 143 — Surah Al-Baqarah 2:143

Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz, əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqa hamısına ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də, Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir

Verse 144 — Surah Al-Baqarah 2:144

Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir

Verse 145 — Surah Al-Baqarah 2:145

Kitab verilənlərə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə üz tutmazlar. Sən də onların qibləsinə üz tutan deyilsən. Onlar özləri də bir-birlərinin qibləsinə üz tutan deyillər. Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, sən də zalımlardan olarsan

Verse 146 — Surah Al-Baqarah 2:146

Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və yaxud Kəbənin qiblə olduğunu) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir

Verse 147 — Surah Al-Baqarah 2:147

Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma

Verse 148 — Surah Al-Baqarah 2:148

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir

Verse 149 — Surah Al-Baqarah 2:149

Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən gələn haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir

Verse 150 — Surah Al-Baqarah 2:150

Hara səfərə çıxsan, namaz qıldıqda üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin ki, zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. Onlardan qorxmayın, Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz doğru yola yönələsiniz

Verse 151 — Surah Al-Baqarah 2:151

Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik

Verse 152 — Surah Al-Baqarah 2:152

Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Mənə küfr etməyin

Verse 153 — Surah Al-Baqarah 2:153

Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir

Verse 154 — Surah Al-Baqarah 2:154

Allah yolunda ölənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz

Verse 155 — Surah Al-Baqarah 2:155

Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver

Verse 156 — Surah Al-Baqarah 2:156

O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər

Verse 157 — Surah Al-Baqarah 2:157

Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır

Verse 158 — Surah Al-Baqarah 2:158

Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir

Verse 159 — Surah Al-Baqarah 2:159

Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar

Verse 160 — Surah Al-Baqarah 2:160

Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm

Verse 161 — Surah Al-Baqarah 2:161

Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun

Verse 162 — Surah Al-Baqarah 2:162

Onlar bu lənətin içərisində həmişəlik qalarlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir

Verse 163 — Surah Al-Baqarah 2:163

Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir

Verse 164 — Surah Al-Baqarah 2:164

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır

Verse 165 — Surah Al-Baqarah 2:165

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər

Verse 166 — Surah Al-Baqarah 2:166

O zaman, tabe olunmuş başçılar tabe olanlardan uzaqlaşacaq, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir

Verse 167 — Surah Al-Baqarah 2:167

Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər

Verse 168 — Surah Al-Baqarah 2:168

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir

Verse 169 — Surah Al-Baqarah 2:169

O sizə pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir

Verse 170 — Surah Al-Baqarah 2:170

Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə

Verse 171 — Surah Al-Baqarah 2:171

Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar

Verse 172 — Surah Al-Baqarah 2:172

Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin

Verse 173 — Surah Al-Baqarah 2:173

O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir

Verse 174 — Surah Al-Baqarah 2:174

Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır

Verse 175 — Surah Al-Baqarah 2:175

Onlar doğru yolun əvəzinə azğınlığı, bağışlanmanın isə əvəzinə əzabı satın alan şəxslərdir. Onlar Cəhənnəm oduna necə də səbirlidirlər

Verse 176 — Surah Al-Baqarah 2:176

Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, haqdan uzaq bir ziddiyyət içindədirlər

Verse 177 — Surah Al-Baqarah 2:177

Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır

Verse 178 — Surah Al-Baqarah 2:178

Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır

Verse 179 — Surah Al-Baqarah 2:179

Qisasda sizin üçün həyat (əmin-amanlıq) vardır, ey ağıl sahibləri! Bəlkə Allahdan qorxasınız

Verse 180 — Surah Al-Baqarah 2:180

Sizlərdən birinə ölüm gəldiyi zaman qoyub gedəcəyi var-dövlətdən müvafiq qaydada valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona vacib edilmişdir. Bu, müttəqilər üçün bir borcdur

Verse 181 — Surah Al-Baqarah 2:181

Kim ölənin vəsiyyətini eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir

Verse 182 — Surah Al-Baqarah 2:182

Kim də vəsiyyət edənin haqsızlıq etməsindən və ya günah işlətməsindən ehtiyat edib tərəflərin arasını düzəldərsə, ona heç bir günah olmaz. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir

Verse 183 — Surah Al-Baqarah 2:183

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz

Verse 184 — Surah Al-Baqarah 2:184

Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir

Verse 185 — Surah Al-Baqarah 2:185

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz

Verse 186 — Surah Al-Baqarah 2:186

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər

Verse 187 — Surah Al-Baqarah 2:187

Orucluq gecəsi zövcələrinizlə yaxınlıq etmək sizə halal edildi. Onlar sizin üçün bir libas, siz də onlar üçün bir libassınız. Allah bilir ki, siz özünüzə xəyanət edirsiniz (orucluq gecələrində zövcələrinizlə yaxınlıq edirsiniz). Elə buna görə də O, tövbənizi qəbul edib sizi bağışladı. Artıq bu gündən onlara yaxınlaşın və Allahın sizin üçün əzəldən müəyyən etdiyinə nail olmağa çalışın. Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır, onlara yaxınlaşmayın! Allah Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə Ondan qorxalar

Verse 188 — Surah Al-Baqarah 2:188

Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın

Verse 189 — Surah Al-Baqarah 2:189

Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Evlərə arxa tərəfindən daxil olmağınız yaxşı əməl deyildir. Lakin yaxşı əməl sahibi Allahdan qorxan şəxsdir. Evlərə qapılarından daxil olun! Allahdan qorxun ki, bəlkə nicat tapasınız

Verse 190 — Surah Al-Baqarah 2:190

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir

Verse 191 — Surah Al-Baqarah 2:191

Müşrikləri harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən daha pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir

Verse 192 — Surah Al-Baqarah 2:192

Əgər onlar günah işlərə son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir

Verse 193 — Surah Al-Baqarah 2:193

Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur

Verse 194 — Surah Al-Baqarah 2:194

Haram ay haram aya görədir. Haram olanları pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir

Verse 195 — Surah Al-Baqarah 2:195

Malınızdan Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir

Verse 196 — Surah Al-Baqarah 2:196

Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir

Verse 197 — Surah Al-Baqarah 2:197

Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri

Verse 198 — Surah Al-Baqarah 2:198

Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz

Verse 199 — Surah Al-Baqarah 2:199

Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir

Verse 200 — Surah Al-Baqarah 2:200

Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur

Verse 201 — Surah Al-Baqarah 2:201

Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır

Verse 202 — Surah Al-Baqarah 2:202

Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir

Verse 203 — Surah Al-Baqarah 2:203

Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız

Verse 204 — Surah Al-Baqarah 2:204

İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir

Verse 205 — Surah Al-Baqarah 2:205

O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir

Verse 206 — Surah Al-Baqarah 2:206

Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır

Verse 207 — Surah Al-Baqarah 2:207

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir

Verse 208 — Surah Al-Baqarah 2:208

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir

Verse 209 — Surah Al-Baqarah 2:209

Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir

Verse 210 — Surah Al-Baqarah 2:210

Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır

Verse 211 — Surah Al-Baqarah 2:211

İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın dəlillər göndərdik. Allahın nemətini əldə etdikdən sonra onu dəyişdirənlərə Allah şiddətli cəza verəcəkdir

Verse 212 — Surah Al-Baqarah 2:212

Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər

Verse 213 — Surah Al-Baqarah 2:213

İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin. Halbuki kitab verilmiş şəxslər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa düşdülər. Allah isə Öz icazəsi ilə iman gətirənləri ixtilafda olduqları məsələlərdə haqqa yönəltdi. Allah istədiyini düz yola yönəldər

Verse 214 — Surah Al-Baqarah 2:214

Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır

Verse 215 — Surah Al-Baqarah 2:215

Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”

Verse 216 — Surah Al-Baqarah 2:216

Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz

Verse 217 — Surah Al-Baqarah 2:217

Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: “Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır”. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar

Verse 218 — Surah Al-Baqarah 2:218

Həqiqətən də, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər, Allahın mərhəmətinə ümid edirlər. Allah Bağışlayandır, Rəhmlidir

Verse 219 — Surah Al-Baqarah 2:219

Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”. Səndən Allah yolunda nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz –

Verse 220 — Surah Al-Baqarah 2:220

dünya və axirət barəsində. Səndən yetimlər haqqında soruşurlar. De: “Onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır”. Allah fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi çətin vəziyyətə salardı. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir

Verse 221 — Surah Al-Baqarah 2:221

Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar

Verse 222 — Surah Al-Baqarah 2:222

Səndən heyz barəsində soruşurlar. De: “Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın”. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da

Verse 223 — Surah Al-Baqarah 2:223

Qadınlarınız sizin tarlanızdır. Tarlanıza nə təhər istəyirsinizsə, yaxınlaşın. Özünüz üçün qabaqcadan yaxşı işlər hazırlayın. Allahdan qorxun və bilin ki, siz Onunla qarşılaşacaqsınız. Möminləri müjdələ

Verse 224 — Surah Al-Baqarah 2:224

Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir

Verse 225 — Surah Al-Baqarah 2:225

Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir

Verse 226 — Surah Al-Baqarah 2:226

Qadınları ilə yaxınlıq etməməyi and içənlər üçün gözləmə müddəti dörd aydır. Əgər onlar fikirlərindən dönsələr, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir

Verse 227 — Surah Al-Baqarah 2:227

Əgər onlar boşanmaq qərarına gəlsələr, şübhəsiz ki, Allah Eşidəndir, Biləndir

Verse 228 — Surah Al-Baqarah 2:228

Boşanmış qadınlar üç heyz müddəti gözləməlidirlər. Əgər Allaha və Axirət gününə iman gətirirlərsə, Allahın onların bətnində yaratdığını gizlətmək onlara halal olmaz. Əgər bu müddət ərzində onların ərləri barışmaq istəsələr, onları qaytarmağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir

Verse 229 — Surah Al-Baqarah 2:229

Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır

Verse 230 — Surah Al-Baqarah 2:230

Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona əvvəlki ərinə qayıtmaq halal olmaz. Əgər sonrakı əri onu boşasa, Allahın hədlərini yerinə yetirəcəklərini güman etdikləri təqdirdə yenidən əlaqə qurmalarında ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hədləridir, onları anlayan adamlara bəyan edir

Verse 231 — Surah Al-Baqarah 2:231

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya şəriətə müvafiq qayda üzrə saxlayın, ya da müvafiq qayda üzrə buraxın. Zərər vurmaq və təcavüz etmək məqsədilə onları saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir

Verse 232 — Surah Al-Baqarah 2:232

Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu sizlərdən Allaha və Axirət gününə iman gətirənlərə verilən bir öyüd-nəsihətdir. Bu sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz

Verse 233 — Surah Al-Baqarah 2:233

Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmizdirməni tamamlamaq istəyənlər üçündür. Anaların yeməyi və geyimi şəriətə müvafiq qaydada uşağın atasının üzərinə düşür. Heç kəs qüvvəsi çatdığından artıq yüklənməz. Nə anaya öz övladına görə, nə də ataya öz övladına görə zərər verilməməlidir. Bu vəzifə eynilə varisin üzərinə düşür. Əgər ata və ana özlərinin razılığı və məsləhəti ilə uşağı süddən kəsmək istəsələr, ikisinə də heç bir günah sayılmaz. Əgər siz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə və süd haqqını müvafiq qayda üzrə ödəsəniz, sizə heç bir günah olmaz. Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür

Verse 234 — Surah Al-Baqarah 2:234

Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən şəriətə müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır

Verse 235 — Surah Al-Baqarah 2:235

Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun! Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir

Verse 236 — Surah Al-Baqarah 2:236

Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qadınları boşasanız, sizə heç bir günah gəlməz. Onlara şəriətə müvafiq qayda üzrə pay verin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə versin. Bu isə yaxşılıq edənlər üçün bir borcdur

Verse 237 — Surah Al-Baqarah 2:237

Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür

Verse 238 — Surah Al-Baqarah 2:238

Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun

Verse 239 — Surah Al-Baqarah 2:239

Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin

Verse 240 — Surah Al-Baqarah 2:240

Sizlərdən ölən və özündən sonra zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək evlərindən çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar öz istəkləri ilə çıxıb getsələr, şəriətə müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir

Verse 241 — Surah Al-Baqarah 2:241

Boşanmış qadınlara şəriətə müvafiq qayda üzrə yaxşılıq etmək lazımdır. Bu, müttəqilər üçün bir borcdur

Verse 242 — Surah Al-Baqarah 2:242

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz

Verse 243 — Surah Al-Baqarah 2:243

Minlərlə adam olduqları halda ölüm qorxusundan yurdlarından çıxanları görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir

Verse 244 — Surah Al-Baqarah 2:244

Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir

Verse 245 — Surah Al-Baqarah 2:245

Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar. Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız

Verse 246 — Surah Al-Baqarah 2:246

Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır

Verse 247 — Surah Al-Baqarah 2:247

Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”

Verse 248 — Surah Al-Baqarah 2:248

Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir”

Verse 249 — Surah Al-Baqarah 2:249

Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir

Verse 250 — Surah Al-Baqarah 2:250

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”

Verse 251 — Surah Al-Baqarah 2:251

Möminlər Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır

Verse 252 — Surah Al-Baqarah 2:252

Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən

Verse 253 — Surah Al-Baqarah 2:253

Biz o elçilərin bəzisini digərlərindən üstün etdik. Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir

Verse 254 — Surah Al-Baqarah 2:254

Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin! Kafirlər isə zalımdırlar

Verse 255 — Surah Al-Baqarah 2:255

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur

Verse 256 — Surah Al-Baqarah 2:256

Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir

Verse 257 — Surah Al-Baqarah 2:257

Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar

Verse 258 — Surah Al-Baqarah 2:258

Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə padşah: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz

Verse 259 — Surah Al-Baqarah 2:259

Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi

Verse 260 — Surah Al-Baqarah 2:260

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?”– dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”

Verse 261 — Surah Al-Baqarah 2:261

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir

Verse 262 — Surah Al-Baqarah 2:262

Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər

Verse 263 — Surah Al-Baqarah 2:263

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir

Verse 264 — Surah Al-Baqarah 2:264

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz

Verse 265 — Surah Al-Baqarah 2:265

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür

Verse 266 — Surah Al-Baqarah 2:266

Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda bu bağa odlu bir qasırğa düşüb onu yandırsın? Allah ayələri sizə belə bəyan edir ki, bəlkə fikirləşəsiniz

Verse 267 — Surah Al-Baqarah 2:267

Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir

Verse 268 — Surah Al-Baqarah 2:268

Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir

Verse 269 — Surah Al-Baqarah 2:269

Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar

Verse 270 — Surah Al-Baqarah 2:270

Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz

Verse 271 — Surah Al-Baqarah 2:271

Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır

Verse 272 — Surah Al-Baqarah 2:272

Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz

Verse 273 — Surah Al-Baqarah 2:273

Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir

Verse 274 — Surah Al-Baqarah 2:274

Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər

Verse 275 — Surah Al-Baqarah 2:275

Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar

Verse 276 — Surah Al-Baqarah 2:276

Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz

Verse 277 — Surah Al-Baqarah 2:277

Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər

Verse 278 — Surah Al-Baqarah 2:278

Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın

Verse 279 — Surah Al-Baqarah 2:279

Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar

Verse 280 — Surah Al-Baqarah 2:280

Əgər borclu olan adam ağır şərait içindədirsə, onun vəziyyəti düzələnə qədər ona möhlət verin. Bilin ki, borcu bağışlamaq sizin üçün daha xeyirlidir

Verse 281 — Surah Al-Baqarah 2:281

Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır

Verse 282 — Surah Al-Baqarah 2:282

Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir

Verse 283 — Surah Al-Baqarah 2:283

Əgər səfərdə olsanız və katib tapmasanız, borc yiyəsinə saxlanılması üçün girov verin. Əgər sizlərdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir

Verse 284 — Surah Al-Baqarah 2:284

Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir

Verse 285 — Surah Al-Baqarah 2:285

Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”

Verse 286 — Surah Al-Baqarah 2:286

Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”