Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allaha və Peyğəmbərə aiddir”. Elə isə Allahdan qorxun və aranızdakı münasibətləri düzəldin. Əgər möminsinizsə, Allaha və Onun Elçisinə itaət edin
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər
O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi
O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin
O zaman Rəbbin mələklərə: “Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!”– deyə vəhy etmişdi
Daha bir döyüş əməliyyatı keçirmək üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulanlar istisna olmaqla, kim belə bir gündə onlara arxa çevirərsə, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer Cəhənnəmdir. Ora necə də pis dönüş yeridir
Onları siz öldürmədiniz, Allah onları öldürdü. (Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqdan keçirtsin. Həqiqətən, Allah Eşidəndir, Biləndir
Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir
Ey iman gətirənlər! Peyğəmbər sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız
Yadınıza salın ki, bir zaman siz az idiniz, yer üzündə zəif sayılırdınız; kafir adamların sizi ələ keçirəcəyindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, Öz köməyi ilə sizi qüvvətləndirdi və sizə pak ruzilərdən verdi ki, bəlkə şükür edəsiniz
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır
Ayələrimiz onlara oxunduğu zaman deyərlər: “Artıq eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”
O zaman onlar: “Ey Allah! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqdırsa, onda üstümüzə göydən daş yağdır və ya bizə ağrılı-acılı bir əzab göndər”– demişdilər
Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir
Şübhəsiz ki, kafir olanlar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər. Onlar onu sərf edəcək, sonra bunun peşmançılığını çəkəcək, daha sonra isə məğlub ediləcəklər. Kafir olanları Cəhənnəmə toplayacaqlar ki
Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır
Kafir olanlara de ki, əgər küfrə son qoysalar, olub-keçənlər onlara bağışlanar. Yox, əgər küfrə qayıtsalar, əvvəlkilərin başına gələn aqibəti gözləsinlər
Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür
Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin qarşı-qarşıya gəldiyi gün qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun qohum-əqrəbasına, yetimlərə, kasıblara və müsafirlərə məxsusdur. Allah hər şeyə qadirdir
O zaman siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda (dənizin sahilində) idi. Əgər siz vədələşsəydiniz, həmin vaxt və yer barəsində ixtilafa düşərdiniz. Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın. Həqiqətən, Allah Eşidəndir, Biləndir
O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir
O vaxt qarşı-qarşıya gəldiyiniz zaman Allah onları sizin gözünüzə az göstərdi, sizi də onların gözündə azaltdı ki, olacaq işi yerinə yetirsin. Bütün işlər Allaha qayıdır
Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxan və insanları Allah yolundan sapdıran kəslər kimi olmayın. Allah onların əməllərini hər tərəfdən ehtiva etmişdir
O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar dedilər: “Bunları öz dinləri aldatdı!” Kim Allaha təvəkkül etsə, bilsin ki, Allah Qüdrətlidir, Müdrikdir
Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah Qüvvətlidir, cəzalandırması da şiddətlidir
Bunların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə qərq etdik. Onların hamısı zalım idi
Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz
Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir
Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbirli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbir edənlərlədir
Peyğəmbərə yer üzündə çoxlu kafir qırmayınca əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti qazanmağınızı istəyir. Allah Qüdrətlidir, Müdrikdir
Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”
Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilin ki, onlar bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah möminlərə onların öhdəsindən gəlməyə imkan vermişdi. Allah Biləndir, Müdrikdir
Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsarlar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür
İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır
Sonradan iman gətirənlər, hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabına görə bir-birinə varis olmağa daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi bilir