Verse 1 — Surah Yunus 10:1
Əlif. Ləm. Ra. Bu, hikmətli Kitabın ayələridir
Verse 2 — Surah Yunus 10:2
İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbi yanında onların etdikləri yaxşılıqların mükafatı var!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər
Verse 3 — Surah Yunus 10:3
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız
Verse 4 — Surah Yunus 10:4
Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır
Verse 5 — Surah Yunus 10:5
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları ancaq haqq olaraq yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir
Verse 6 — Surah Yunus 10:6
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır
Verse 7 — Surah Yunus 10:7
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –
Verse 8 — Surah Yunus 10:8
məhz onların qazandıqları günahlara görə gedəcəkləri yer Oddur
Verse 9 — Surah Yunus 10:9
İman gətirib saleh əməllər edənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim cənnətlərində onların ayaqları altından çaylar axar
Verse 10 — Surah Yunus 10:10
Onların oradakı duası: “Allahım! Sən pak və müqəddəssən!”, orada bir-birlərini salamlaması: “Salam!” sözü və dualarının sonu: “Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur!” sözləri olacaq
Verse 11 — Surah Yunus 10:11
Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik
Verse 12 — Surah Yunus 10:12
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi
Verse 13 — Surah Yunus 10:13
Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq
Verse 14 — Surah Yunus 10:14
Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız
Verse 15 — Surah Yunus 10:15
Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram”
Verse 16 — Surah Yunus 10:16
De: “Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?”
Verse 17 — Surah Yunus 10:17
Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar
Verse 18 — Surah Yunus 10:18
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır
Verse 19 — Surah Yunus 10:19
İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi
Verse 20 — Surah Yunus 10:20
Onlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”
Verse 21 — Surah Yunus 10:21
İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz mələklər qurduğunuz hiylələri yazırlar
Verse 22 — Surah Yunus 10:22
Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”
Verse 23 — Surah Yunus 10:23
Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik
Verse 24 — Surah Yunus 10:24
Dünya həyatının misalı göydən endirdiyimiz suyun misalına bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri onun məhsulunu yığmağa qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən bir qövm üçün beləcə izah edirik
Verse 25 — Surah Yunus 10:25
Allah əmin-amanlıq yurduna – Cənnətə çağırır və istədiyini doğru yola yönəldir
Verse 26 — Surah Yunus 10:26
Yaxşı iş görənlər üçün ən yaxşısı və bundan da üstünü (Cənnət, üstəlik də Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və onlar orada əbədi qalacaqlar
Verse 27 — Surah Yunus 10:27
Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və onlar orada əbədi qalacaqlar
Verse 28 — Surah Yunus 10:28
O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!”– deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz
Verse 29 — Surah Yunus 10:29
Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik”
Verse 30 — Surah Yunus 10:30
Orada hər kəs keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar
Verse 31 — Surah Yunus 10:31
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?”
Verse 32 — Surah Yunus 10:32
O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz
Verse 33 — Surah Yunus 10:33
Beləliklə, fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü doğru çıxdı
Verse 34 — Surah Yunus 10:34
De: “Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?” De: “Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!”
Verse 35 — Surah Yunus 10:35
De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?” De: “Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?”
Verse 36 — Surah Yunus 10:36
Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir
Verse 37 — Surah Yunus 10:37
Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir
Verse 38 — Surah Yunus 10:38
Yoxsa: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”
Verse 39 — Surah Yunus 10:39
Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş Quranı yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu
Verse 40 — Surah Yunus 10:40
İçərilərində bu Qurana inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır
Verse 41 — Surah Yunus 10:41
Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”
Verse 42 — Surah Yunus 10:42
Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən
Verse 43 — Surah Yunus 10:43
Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən
Verse 44 — Surah Yunus 10:44
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər
Verse 45 — Surah Yunus 10:45
Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər
Verse 46 — Surah Yunus 10:46
Onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir
Verse 47 — Surah Yunus 10:47
Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz
Verse 48 — Surah Yunus 10:48
Kafirlər deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”
Verse 49 — Surah Yunus 10:49
De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”
Verse 50 — Surah Yunus 10:50
Müşriklərə de: “Söyləyin görüm, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər
Verse 51 — Surah Yunus 10:51
Əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”
Verse 52 — Surah Yunus 10:52
Sonra zalımlara deyiləcəkdir: “Dadın əbədi əzabı! Məgər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?”
Verse 53 — Surah Yunus 10:53
Səndən: “O əzab doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz ondan yaxa qurtara bilməyəcəksiniz”
Verse 54 — Surah Yunus 10:54
Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz
Verse 55 — Surah Yunus 10:55
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir
Verse 56 — Surah Yunus 10:56
O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız
Verse 57 — Surah Yunus 10:57
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir
Verse 58 — Surah Yunus 10:58
De: “Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir
Verse 59 — Surah Yunus 10:59
De: “Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız”. De: “Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?”
Verse 60 — Surah Yunus 10:60
Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir
Verse 61 — Surah Yunus 10:61
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın
Verse 62 — Surah Yunus 10:62
Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər
Verse 63 — Surah Yunus 10:63
Onlar iman gətirmiş və Allahdan qorxmuşlar
Verse 64 — Surah Yunus 10:64
Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur
Verse 65 — Surah Yunus 10:65
Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir
Verse 66 — Surah Yunus 10:66
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar
Verse 67 — Surah Yunus 10:67
Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır
Verse 68 — Surah Yunus 10:68
Onlar: “Allah Özünə övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, heç nəyə möhtac deyil. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz
Verse 69 — Surah Yunus 10:69
De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”
Verse 70 — Surah Yunus 10:70
Onlar bir müddət dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq
Verse 71 — Surah Yunus 10:71
Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin
Verse 72 — Surah Yunus 10:72
Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir”
Verse 73 — Surah Yunus 10:73
Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu
Verse 74 — Surah Yunus 10:74
Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik
Verse 75 — Surah Yunus 10:75
Sonra onların arxasınca Musanı və Harunu Fironun və onun əyanlarının yanına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər
Verse 76 — Surah Yunus 10:76
Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər
Verse 77 — Surah Yunus 10:77
Musa dedi: “Əcəba, sizə haqq gəldikdə: “Bu sehrdirmi?”– deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar”
Verse 78 — Surah Yunus 10:78
Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”
Verse 79 — Surah Yunus 10:79
Firon dedi: “Bütün bilikli sehrbazları yanıma gətirin!”
Verse 80 — Surah Yunus 10:80
Sehrbazlar gəldikdə Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
Verse 81 — Surah Yunus 10:81
Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda Musa dedi: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz”
Verse 82 — Surah Yunus 10:82
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək
Verse 83 — Surah Yunus 10:83
Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi
Verse 84 — Surah Yunus 10:84
Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!”
Verse 85 — Surah Yunus 10:85
Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə
Verse 86 — Surah Yunus 10:86
Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!”
Verse 87 — Surah Yunus 10:87
Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!”– deyə vəhy etdik
Verse 88 — Surah Yunus 10:88
Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et, qəlblərini də sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər”
Verse 89 — Surah Yunus 10:89
Allah dedi: “Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın!”
Verse 90 — Surah Yunus 10:90
Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa məbud olmadığına inandım. Mən də müsəlmanlardanam!”
Verse 91 — Surah Yunus 10:91
Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun
Verse 92 — Surah Yunus 10:92
Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir
Verse 93 — Surah Yunus 10:93
Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir
Verse 94 — Surah Yunus 10:94
Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma
Verse 95 — Surah Yunus 10:95
Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan
Verse 96 — Surah Yunus 10:96
Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər
Verse 97 — Surah Yunus 10:97
Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə, iman gətirməzlər
Verse 98 — Surah Yunus 10:98
Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik
Verse 99 — Surah Yunus 10:99
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən
Verse 100 — Surah Yunus 10:100
Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar
Verse 101 — Surah Yunus 10:101
De: “Görün göylərdə və yerdə nələr var”. Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir
Verse 102 — Surah Yunus 10:102
Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: “Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm”
Verse 103 — Surah Yunus 10:103
Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir
Verse 104 — Surah Yunus 10:104
De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”
Verse 105 — Surah Yunus 10:105
Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma
Verse 106 — Surah Yunus 10:106
Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan
Verse 107 — Surah Yunus 10:107
Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir
Verse 108 — Surah Yunus 10:108
De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”
Verse 109 — Surah Yunus 10:109
Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökmranların ən yaxşısıdır