Verse 1 — Surah Hud 11:1
Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır
Verse 2 — Surah Hud 11:2
Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm
Verse 3 — Surah Hud 11:3
Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram
Verse 4 — Surah Hud 11:4
Siz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir
Verse 5 — Surah Hud 11:5
Baxın, onlar ürəklərindəki küfrü ört-basdır edirlər ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir
Verse 6 — Surah Hud 11:6
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)
Verse 7 — Surah Hud 11:7
Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən: “Siz öləndən sonra diriləcəksiniz!”– desən, kafir olanlar: “Bu, açıq-aydın bir sehrdir!”– deyərlər
Verse 8 — Surah Hud 11:8
Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?”– deyəcəklər. Xəbəriniz olsun ki, əzab onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri o əzab onları bürüyəcəkdir
Verse 9 — Surah Hud 11:9
Əgər insana Özümüzdən bir mərhəmət daddırsaq, sonra da ondan onu geri alsaq, o, naümid və nankor olar
Verse 10 — Surah Hud 11:10
Əgər başına gələn müsibətdən sonra, ona firavanlıq daddırsaq: “Bəlalar məndən sovuşdu!”– deyər və sevinib lovğalıq edər
Verse 11 — Surah Hud 11:11
Səbir edib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün bağışlanma və böyük bir mükafat vardır
Verse 12 — Surah Hud 11:12
Onların: “Nə üçün ona bir xəzinə endirilməyib, yaxud onunla bir mələk gəlməyib?”– deməkləri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk edəcəksən və buna görə köksün daralacaq. Sən ancaq qorxudansan. Allah isə hər şeyi Qoruyandır
Verse 13 — Surah Hud 11:13
Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu?!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər uydurulmuş on surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!”
Verse 14 — Surah Hud 11:14
Əgər sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Siz müsəlman olacaqsınızmı
Verse 15 — Surah Hud 11:15
Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər
Verse 16 — Surah Hud 11:16
Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar
Verse 17 — Surah Hud 11:17
Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabını təsdiqlədiyi kimsə kafirə tay ola bilərmi? Müsəlmanlar Qurana iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə Qurana heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən gələn haqdır, lakin insanların çoxu buna inanmır
Verse 18 — Surah Hud 11:18
Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara
Verse 19 — Surah Hud 11:19
O kəslər ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və Axirəti inkar edirlər
Verse 20 — Surah Hud 11:20
Onlar yer üzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər
Verse 21 — Surah Hud 11:21
Onlar özlərini ziyana uğradarlar. Uydurduqları bütlər isə onlardan qeybə çəkilib gedər
Verse 22 — Surah Hud 11:22
Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır
Verse 23 — Surah Hud 11:23
Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar
Verse 24 — Surah Hud 11:24
Bu iki zümrənin halı korla karın, görənlə eşidənin halına bənzəyir. Onların halı eyni ola bilərmi? Məgər düşünüb ibrət almırsınız
Verse 25 — Surah Hud 11:25
Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: “Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm
Verse 26 — Surah Hud 11:26
Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram”
Verse 27 — Surah Hud 11:27
Onun qövmünün kafir zadəganları dedilər: “Biz səni özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”
Verse 28 — Surah Hud 11:28
Nuh dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz sizi ona inanmağa məcburmu edəcəyik
Verse 29 — Surah Hud 11:29
Ey qövmüm! Mən buna görə sizdən var-dövlət istəmirəm. Mənim mükafatım ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Çünki onlar Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm
Verse 30 — Surah Hud 11:30
Ey qövmüm! Əgər onları qovsam, məni Allahdan kim qoruya bilər? Məgər düşünüb ibrət almırsınız
Verse 31 — Surah Hud 11:31
Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor baxdığınız kəslərə demirəm ki, Allah onlara əsla xeyir verməyəcək. Onların canında nələr olduğunu Allah daha yaxşı bilir. Əks təqdirdə, sözsüz ki, mən zalımlardan olardım”
Verse 32 — Surah Hud 11:32
Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir”
Verse 33 — Surah Hud 11:33
O dedi: “Onu istəsə, ancaq Allah sizə gətirəcək və siz də ondan yaxa qurtara bilməyəcəksiniz
Verse 34 — Surah Hud 11:34
Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”
Verse 35 — Surah Hud 11:35
Yoxsa onlar: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər mən onu özümdən uydurmuşamsa, günahım özümə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uzağam”
Verse 36 — Surah Hud 11:36
Nuha belə vəhy olundu: “Qövmündən, daha əvvəl iman gətirənlər istisna olmaqla artıq heç kəs iman gətirməyəcək. Elə isə onların etdikləri əməllərə görə kədərlənmə
Verse 37 — Surah Hud 11:37
Gözlərimizin önündə və vəhyimiz üzrə gəmini düzəlt. Zalım olanlardan ötrü Mənə müraciət etmə. Şübhəsiz ki, onlar suda batırılacaqlar”
Verse 38 — Surah Hud 11:38
Nuh gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq
Verse 39 — Surah Hud 11:39
Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz”
Verse 40 — Surah Hud 11:40
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynayıb daşdığı zaman Biz Nuha dedik: “Heyvanların hər növündən bir cüt, barələrində söz keçmiş kəslər istisna olmaqla, öz ailəni və bir də iman gətirənləri gəmiyə mindir”. Lakin, onunla birlikdə az adam iman gətirmişdi
Verse 41 — Surah Hud 11:41
Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir”
Verse 42 — Surah Hud 11:42
Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
Verse 43 — Surah Hud 11:43
O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu
Verse 44 — Surah Hud 11:44
Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!”
Verse 45 — Surah Hud 11:45
Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin Hakimisən!”
Verse 46 — Surah Hud 11:46
O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, (kafirlər üçün mədəd diləməyin) pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”
Verse 47 — Surah Hud 11:47
O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”
Verse 48 — Surah Hud 11:48
Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Özlərinə bir müddət güzəran verəcəyimiz, sonra da Öz tərəfimizdən ağrılı-acılı bir əzaba düçar edəcəyimiz ümmətlər də olacaqdır”
Verse 49 — Surah Hud 11:49
Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin qövmün bilirdi. Səbir et! Şübhəsiz ki, gözəl aqibət müttəqilərindir
Verse 50 — Surah Hud 11:50
Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Siz ancaq iftira yaxırsınız
Verse 51 — Surah Hud 11:51
Ey qövmüm! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq məni yaradandadır. Məgər anlamırsınız
Verse 52 — Surah Hud 11:52
Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”
Verse 53 — Surah Hud 11:53
Onlar dedilər: “Ey Hud! Sən bizə açıq-aydın bir dəlil gətirmədin, biz də sənin sözünlə məbudlarımızı tərk edən deyilik. Biz sənə inanmırıq
Verse 54 — Surah Hud 11:54
Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib”. O dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam
Verse 55 — Surah Hud 11:55
Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin
Verse 56 — Surah Hud 11:56
Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim düz yoldadır (ədalətlə hökm verir)
Verse 57 — Surah Hud 11:57
Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir”
Verse 58 — Surah Hud 11:58
Əmrimiz gəldikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq
Verse 59 — Surah Hud 11:59
Bu, Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun elçilərinə asi oldular və hər bir inadcıl təkəbbür sahibinin əmrinə uydular
Verse 60 — Surah Hud 11:60
Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad
Verse 61 — Surah Hud 11:61
Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, çağırışa cavab verəndir”
Verse 62 — Surah Hud 11:62
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir kimsə idin. Doğrudanmı atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin əqidə barəsində şübhə doğuran şəkk içindəyik”
Verse 63 — Surah Hud 11:63
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız
Verse 64 — Surah Hud 11:64
Ey qövmüm! Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın onu Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi yaxın bir əzab yaxalayar”
Verse 65 — Surah Hud 11:65
Onlar dəvənin diz vətərini kəsdilər. Saleh dedi: “Yurdunuzda üç gün də kef eləyin. Bu, yalan olmayan bir vəddir”
Verse 66 — Surah Hud 11:66
Əmrimiz gəldikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə əzabdan və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin Qüvvətlidir, Qüdrətlidir
Verse 67 — Surah Hud 11:67
Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar
Verse 68 — Surah Hud 11:68
Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü
Verse 69 — Surah Hud 11:69
Elçilərimiz İbrahimə İshaqın doğulacağı barədə müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi
Verse 70 — Surah Hud 11:70
İbrahim mələklərin yeməyə əl vurmadıqlarını gördükdə onlar onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: “Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik”
Verse 71 — Surah Hud 11:71
Onun arvadı pərdə arxasında durmuşdu. O, güldü. Biz onu İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik
Verse 72 — Surah Hud 11:72
O dedi: “Vay halıma! Mən bir qoca qarı, bu ərim də bir qoca kişi olduğu halda doğa bilərəmmi? Doğrusu, bu, təəccüblü bir şeydir”
Verse 73 — Surah Hud 11:73
Onlar dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”
Verse 74 — Surah Hud 11:74
İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə mübahisə etməyə başladı
Verse 75 — Surah Hud 11:75
Həqiqətən, İbrahim həlim, Allaha çox yalvaran və Ona üz tutan bir kəs idi
Verse 76 — Surah Hud 11:76
Mələklər dedilər: “Ey İbrahim! Bu mübahisədən əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”
Verse 77 — Surah Hud 11:77
Elçilərimiz Lutun yanına gəldikdə, onlara görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi
Verse 78 — Surah Hud 11:78
Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”
Verse 79 — Surah Hud 11:79
Onlar dedilər: “Bilirsən ki, sənin qızlarına heç bir ehtiyacımız yoxdur. Nə istədiyimizi də yəqin ki, bilirsən”
Verse 80 — Surah Hud 11:80
O dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”
Verse 81 — Surah Hud 11:81
Mələklər dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında arvadından başqa bütün ailənlə yola düş. Qoy içinizdən heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların həlak olmaq vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”
Verse 82 — Surah Hud 11:82
Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq
Verse 83 — Surah Hud 11:83
O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir
Verse 84 — Surah Hud 11:84
Mədyən qövmünə də qardaşları Şueybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza hər şeyi bürüyən günün əzabı gələ
Verse 85 — Surah Hud 11:85
Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin
Verse 86 — Surah Hud 11:86
Əgər möminsinizsə, bilin ki, Allahın saxladığı nemətlər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”
Verse 87 — Surah Hud 11:87
Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri məbudlardan, yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”
Verse 88 — Surah Hud 11:88
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun? Sizə qadağan buyurduğum şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam
Verse 89 — Surah Hud 11:89
Ey qövmüm! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir”
Verse 90 — Surah Hud 11:90
Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir, həm də Seviləndir
Verse 91 — Surah Hud 11:91
Onlar dedilər: “Ey Şueyb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də böyük bir adam deyilsən”
Verse 92 — Surah Hud 11:92
O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir
Verse 93 — Surah Hud 11:93
Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyirəm”
Verse 94 — Surah Hud 11:94
Əmrimiz gəldikdə Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar
Verse 95 — Surah Hud 11:95
Sanki orada heç yaşamamışdılar. Səmud qövmü məhv olduğu kimi Mədyən qövmü də məhv olsun
Verse 96 — Surah Hud 11:96
Biz Musanı möcüzələrimizlə və aydın bir dəlillə elçi göndərdik –
Verse 97 — Surah Hud 11:97
Firon və onun əyanlarına. Əyanlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri doğru yol göstərən əmr deyildi
Verse 98 — Surah Hud 11:98
Firon Qiyamət günü öz qövmünün qabağına düşüb onları Oda aparacaq. Girəcəkləri yer nə pis yerdir
Verse 99 — Surah Hud 11:99
Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır
Verse 100 — Surah Hud 11:100
Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan izi qalanı da var, yerlə yeksan olanı da
Verse 101 — Surah Hud 11:101
Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədi. Bütlər onların ancaq tələfatını artırdı
Verse 102 — Surah Hud 11:102
Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlidir
Verse 103 — Surah Hud 11:103
Həqiqətən, bunlarda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, insanların bir yerə toplanacağı bir gündür. Bu, həm də, hamının şahid olacağı bir gündür
Verse 104 — Surah Hud 11:104
Biz onu sadəcə müəyyən olunmuş vaxtadək təxirə salmışıq
Verse 105 — Surah Hud 11:105
Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq
Verse 106 — Surah Hud 11:106
Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada zarıyacaq və bağıracaqlar
Verse 107 — Surah Hud 11:107
Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir
Verse 108 — Surah Hud 11:108
Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır
Verse 109 — Surah Hud 11:109
Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik
Verse 110 — Surah Hud 11:110
Biz Musaya Kitab verdik, lakin onun barəsində də ixtilaf düşdü. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, onlar Quran barəsində də şübhə doğuran şəkk içindədirlər
Verse 111 — Surah Hud 11:111
Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır
Verse 112 — Surah Hud 11:112
Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru yolda olun. Həddi aşmayın, çünki O, sizin nə etdiklərinizi görür
Verse 113 — Surah Hud 11:113
Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz
Verse 114 — Surah Hud 11:114
Gündüzün iki başında – əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır
Verse 115 — Surah Hud 11:115
Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz
Verse 116 — Surah Hud 11:116
Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular
Verse 117 — Surah Hud 11:117
Ölkə əhalisi islah edən adamlar olduğu halda, Rəbbin o ölkəni haqsız yerə məhv etməz
Verse 118 — Surah Hud 11:118
Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar
Verse 119 — Surah Hud 11:119
Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!” Sözü yerinə yetəcək
Verse 120 — Surah Hud 11:120
Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir
Verse 121 — Surah Hud 11:121
İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik
Verse 122 — Surah Hud 11:122
Gözləyin! Biz də gözləyirik”
Verse 123 — Surah Hud 11:123
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin sizin etdiklərinizdən qafil deyildir