Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir
İki fəsaddan birincisinin vaxtı gəldiyi zaman üstünüzə qüvvətli qullarımızı göndərdik. Onlar yurdunuzda gəzib dolaşıb sizi axtarırdılar. Bu, yerinə yetirilmiş bir vəd idi
Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə Qüdsdəki məscidə girdikləri kimi yenə də ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə düşmənlərinizi üstünüzə göndərdik
Ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz fəsad törətməyə qayıtsanız, Biz də sizi cəzalandırmağa qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün bir zindan etdik
Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi təfsilatı ilə izah etdik
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermərik
Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-calal içində yaşayan sakinlərinə Allaha itaət etməyi əmr edərik. Onlar isə orada günah işlər görərlər. Beləcə, o məmləkətin barəsindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə
Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de
Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə), onda onlara xoş söz de
Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur
Yetim həddi-büluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd barəsində sorğu-sual olunacaq
Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan
Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır
Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər
Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik
və ya sizə nəhəng görünən bir məxluq olun, yenə də Allah sizi diriltməyə qadirdir”. Onlar deyəcəklər: “Bizi həyata kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaq?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!”
Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir
Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi. Səmud tayfasına açıq-aydın möcüzə kimi bir dişi dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk
Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir”– demişdik. Meracda sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır
Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”
İblis dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismindən başqa onun bütün nəslini özümə ram edəcəyəm”
Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur
Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz
Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə dənizdə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz
Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik
O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. O zaman kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir
Müşriklər səni, sənə vəhy etdiyimizdən az qala döndərəcəkdilər ki, Qurandan başqa bir şeyi Bizə aid edəsən. Belə olduğu halda onlar səni özlərinə dost tutacaqdılar
Gün batmağa meyl edəndən gecənin qaranlığınadək bəlli vaxtlarda namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur
Gecənin bir vaxtı oyanıb sənə əlavə buyrulmuş təhəccüd namazında Quran oxu. Ola bilsin ki, buna görə Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin
De: “Ey Rəbbim! Məni daxil olacağım yerə yaxşılıqla daxil et; məni çıxacağım yerdən də yaxşılıqla çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver”
De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”
yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam”
Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq
Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz sür-sümük və ovuntu olduğumuz halda yeni bir məxluq olaraq dirildiləcəyik?”– dediklərinə görə onların cəzasıdır
Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər
De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də onun xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”
Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş; Musa onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm”– demişdi
Musa dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi, açıq-aşkar möcüzə olaraq endirdi. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”
De: “İstər ona inanın, istərsə də inanmayın. Doğrudan da, ondan əvvəl özlərinə elm verilmiş kimsələrə, ayələr oxunduğu zaman üzüstə səcdəyə qapanır
De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut
De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut