daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir
Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Kitabın anasıdır. Digərləri isə mutəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: “Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir.” Ağıl sahiblərindən başqa heç kəs bunu dərk edə bilməz
Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə, insanları bir yerə cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz
Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da, onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir
Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Möminlər kafirlərin sayca onlardan iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür. Halbuki gözəl qayıdış yeri Allah yanındadır
De: “Sizə bunlardan daha xeyirlisini xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın rizası vardır.” Allah qullarını görəndir
Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa ibadətə layiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahidlik etmişlər. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir
Həqiqətən, Allah yanında haqq din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir
Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, həmçinin.” Kitab verilənlərə və savadsızlara de: “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görəndir
Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ
Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm etməsi üçün Allahın Kitabına dəvət olunurlar. Sonra onlardan bir dəstə üz çevirib geri dönür
Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!”– demələrinə görədir. Onları uydurduqları şeylər öz dinlərində aldadıb yoldan çıxartmışdır
Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də, heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq
De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin kəsə verir, istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni ucaldır, istədiyini də, alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən
Sən gecəni gündüzə qatır, gündüzü isə gecəyə qatırsan. Ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən.”
Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kəs bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq kafirlərdən gələ biləcək təhlükədən çəkinməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Dönüş də ancaq Allahadır
De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir.”
Hər kəs etdiyi yaxşı və pis əməllərini qarşısında hazır görəcəyi gün, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir (Öz əzabı ilə qorxudur). Allah qullarına qarşı çox şəfqətlidir
De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, rəhmlidir.”
Bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi bir qul olmaq üçün nəzir etdim. Bu nəziri məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən.”
Nəhayət, bari-həmlini yerə qoyduğu zaman dedi: “Ey Rəbbim! Mən qız doğdum” – halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi, – “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm.”
Rəbbi Məryəmi gözəl tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və ona baxmağı Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin yanına mehraba daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. Nəhayət, o: “Ey Məryəm! Bu, sənin üçün haradandır?”– deyə soruşduqda, Məryəm dedi: “Bu, Allah tərəfindəndir! Şübhəsiz ki, Allah istədiyi kimsəyə hesabsız ruzi verir.”
Zəkəriyya mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir.”
O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də, sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah buyurdu: “Elədir, lakin Allah istədiyini edər.”
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et.” Allah buyurdu: “Sənin əlamətin, üç gün, – işarə ilə danışmaq istisna olmaqla, – insanlarla danışmamağındır. Həmin vaxt Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”
Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. İsrail oğullarından hansı birinin Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də, sən onların yanında deyildin
O zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə səni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. O, həm bu dünyada, həm də axirətdə şan-şöhrətli və Allaha yaxın olanlardandır
Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı halda necə övladım ola bilər?” Allah buyurdu: “Elədir, Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə, ona ancaq “Ol!”– deyər, o da olar.”
Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, bilin ki, bunda sizin üçün bir dəlil vardır
Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin
İsa onlardakı küfrü hiss etdikdə, dedi: “Allah yolunda kimlər mənə yardımçı olacaq?” Həvarilər dedilər: “Bizik Allahın dininin yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanıq
O vaxt Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də, ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm
Sənə elm gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək.”
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
Bax, siz o kəslərsiniz ki, bildiyiniz şeylər barədə höcətləşdiniz. Bəs nə üçün bilmədiyiniz şeylər barədə höcətləşirsiniz? Allah bilir, siz isə bilməzsiniz
Kitab əhlindən bir zümrə bir-birinə dedi: “Möminlərə nazil edilənə günün əvvəlində iman gətirin, günün sonunda isə onu inkar edin ki, bəlkə onlar öz dinlərindən dönələr
Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Şübhəsiz ki, doğru yol, Allahın yoludur!” Onlar yenə bir-birilərinə dedilər: “Sizə verilənin bənzərinin başqa bir kimsəyə verildiyinə və ya Rəbbiniz yanında müsəlmanların sizə dəlil gətirəcəyinə inanmayın.” De: “Şübhəsiz ki, lütf Allahın əlindədir və onu istədiyinə verir! Allahın lütfü genişdir, O hər şeyi biləndir.”
Kitab əhlindən eləsi var ki, ona bir yığın mal əmanət etsən, onu sənə tam qaytarar. Onlardan eləsi də var ki, ona bir dinar versən belə, başının üstündə durub tələb etməyincə onu sənə qaytarmaz. Bu, ona görədir ki, onlar: “Avamlardan ötrü bizə günah olmaz!”– deyirlər və bilə-bilə Allaha qarşı yalan söyləyirlər
Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan kimsələrə gəlincə, onlara axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün ağrılı-acılı bir əzab vardır
Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə, Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki, bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah tərəfindəndir!”– deyirlər. Halbuki bu, Allah tərəfindən də deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar
Heç bir kəsin, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– deməsi mümkün deyil. Əksinə, o belə deyər: “Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!”
Bir zaman Allah peyğəmbərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə, ona mütləq iman gətirib yardım edəcəksiniz”– deyə əhd almış və onlara: “İqrar etdinizmi, bu əhdimi öhdənizə götürdünüzmü?”– demişdi. Onlar: “İqrar etdik!”– deyə cavab vermişdilər. Allah da belə buyurmuşdu: “Elə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam.”
Yoxsa onlar Allahın dinindən başqasınımı axtarırlar? Halbuki, göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar
De: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olanlara, Musaya, İsaya və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Biz onların heç birini digərindən fərqləndirmirik. Biz yalnız Ona təslim olanlarıq!”
İman gətirdikdən, Allahın göndərdiyi Rəsulun haqq olduğuna şahidlik etdikdən və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz
Sözsüz ki, iman gətirdikdən sonra kafir olan və küfrlərini daha da artıran kimsələrin tövbəsi əsla qəbul edilməyəcək. Məhz onlar doğru yoldan azanlardır
Həqiqətən, kafir olub kafir kimi ölənlər dünya dolusu qızıl fidyə versələr belə, bu onların heç birindən qəbul edilməyəcək. Onlar üçün ağrılı-acılı bir əzab vardır. Onların heç köməkçiləri də yoxdur
Tövrat nazil olmamışdan əvvəl İsrailin (Yəqubun) özünə haram etdiklərindən savayı bütün yeməklər İsrail oğullarına halal idi. De: “Əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!”
Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur
De: “Ey Kitab əhli! Siz haqqa şahid olduğunuz halda, nə üçün doğru yolu əyri göstərməyə çalışaraq iman gətirənləri Allah yolundan sapdırırsınız?!” Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir
Sizə Allahın ayələri oxunduğu halda, Onun Rəsulu da aranızda ikən, siz necə küfr edə bilərsiniz?! Kim Allaha möhkəm bağlanarsa, həqiqətən, doğru yola yönəlmiş olar
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir çuxurun lap kənarında ikən O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola yönələsiniz
O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də, qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz?! Elə isə, küfr etdiyinizə görə dadın əzabı!”– deyiləcəkdir
Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz. Kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların arasında iman gətirənlər də vardır. Əksəriyyəti isə haqq yolunu azmış fasiqlərdir
Harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Yalnız Allahın ipinə və ya insanların ipinə sarılan kimsələr müstəsnadır. Onlar Allahın qəzəbinə uğramış, onlara yoxsulluq üz vermişdir. Bu cəza ona görədir ki, onlar Allahın ayələrinə küfr etmiş və bəzi peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bu həm də ona görədir ki, onlar asilik etmiş və həddi aşmışlar
Onların hamısı eyni deyil. Kitab əhli içərisində dinində sabitqədəm bir toplum vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar
Onlar Allaha və Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisaleh insanlardandırlar
Kafirlərin nə malları, nə də övladları, onlara Allah yanında heç bir şeydə fayda verə bilməz. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar
Onların bu dünya həyatında sərf etdiklərinin misalı, özlərinə zülm edən adamların tarlasına ziyan vurub onu məhv edən çox soyuq bir küləyin misalına bənzəyir. Allah onlara zülm etmədi, lakin onlar özləri özlərinə zülm edirdirlər
Ey iman gətirənlər! Sizdən olmayanları özünüzə sirdaş tutmayın. Çünki onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik
Bax, siz o kəslərsiniz ki, onlar sizi sevmədiyi halda siz onları sevirsiniz. Siz nazil olmuş kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda: “Biz də, iman gətirdik!”– deyir, təklikdə qalanda isə sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir
Sizə bir uğur nəsib olduqda, bu onları kədərləndirir, sizə bir fəlakət üz verdikdə isə, ona sevinirlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların hiyləsi sizə heç bir zərər verməz. Sözsüz ki, Allah onların etdiklərini əhatəyə almışdır
Bir zaman sən Uhuddakı döyüşdən ötrü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getmişdin. Allah, hər şeyi eşidəndir, hər şeyi biləndir
Əlbəttə, əgər səbir edib Allahdan qorxsanız və elə indi onlar sizin üstünüzə hücum etsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər
Bu işin sənə aidiyyəti yoxdur, – müsəlman olsalar onların tövbəsini qəbul etsin və ya inkar etsələr onlara əzab versin. Çünki onlar zalımdırlar
O müttəqilər ki, bolluqda da, qıtlıqda da, mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər
Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir
Əgər siz Uhud döyüşündə yara almışsınızsa, əlbəttə, düşməniniz olan o qövm də bu cür yara almışdı. Biz bu günləri – qalibiyyəti və məğlubiyyəti, insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz
Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?! Kim geri dönərsə, Allaha heç bir şeylə zərər yetirməz. Allah şükür edənləri mütləq mükafatlandırar
Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq
Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə nə zəifləmiş, nə acizlik göstərmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevər
Onların sözü ancaq: “Ey Rəbbimiz, günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla, qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin qəlblərinə qorxu salacağıq. Onların gedəcəkləri yer Oddur. Zalımların məskunlaşacağı yer nə pisdir
Siz Allahın izni ilə düşmənlərinizi qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət, Allah sizə istədiyiniz qələbəni göstərdikdən sonra siz zəiflik göstərib Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır
O zaman Peyğəmbər arxanızdan – düşmənə yaxın olan sıralardan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düşməndən qaçırdınız. Allah da qəminizin üstünə qəm qoymaqla sizi cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır
Sonra bu qəm-qüssənin ardınca Allah sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. Bir dəstə də, öz canlarının hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir varmı?”– deyə, Allah barəsində haqsız yerə, cahiliyyə dövründəkinə bənzər zənnə qapıldılar. De: “Sözsüz ki, bütün işlər Allaha aiddir!” Onlar sənə açıb demədiklərini öz içərilərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik”– deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər, yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq və qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir.”
Uhudda iki qoşun qarşılaşdığı gün içərinizdən geri dönənləri şeytan qazandıqları bəzi günahlar üzündən səhv etməyə sövq etdi. Buna baxmayaraq Allah onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir
Ey iman gətirənlər! Yer üzündə səfərə çıxmış və ya döyüşə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bu qənaəti onların qəlblərində bir həsrət olsun deyə yaratdı. Halbuki, Dirildən də, öldürən də, Allahdır. Allah nə etdiklərinizi görür
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər
Peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən kimsə Qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə əməllərinin əvəzi tam verilər və onlara zülm edilməz
Allah möminlərə, onların öz işərisindən, özlərinə Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir Elçi göndərməklə lütf göstərdi. Halbuki, bundan öncə onlar açıq-aydın azğınlıq içərisində idilər
Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?”– söylədiniz. De: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir
və münafiqləri bəlli etsin. Münafiqlərə: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!”– deyildi. Onlar: “Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik”– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir
Evlərində oturub öz qardaşları barəsində: “Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər”– söyləyənlərə de: “Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!”
Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri müjdəsinə sevinirlər
Yara aldıqdan sonra belə Allahın və Onun Rəsulunun dəvətini qəbul edən kimsələrdən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır
O kəslər ki, bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!”– dedikdə, bu söz onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər
Beləcə, özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və lütfü sayəsində geri döndülər və beləliklə də, Allahın rizasına uydular. Allah böyük lütf sahibidir
Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır
Kafirlər elə güman etməsinlər ki, onlara möhlət verməyimiz onların xeyrinədir. Biz onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır
Allah möminləri sizin hazırda olduğunuz vəziyyətdə tərk edən deyil, sonda murdarı təmizdən ayıracaqdır. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Elə isə Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizin üçün böyük bir mükafat vardır
Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır
“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah, əlbət ki, eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürdüklərini yazacaq və onlara deyəcəyik: “Dadın o yandırıb-yaxan əzabı
“Doğrusu, Allah bizdən əhd almışdı ki, odun yandıracağı bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq”– deyənlərə de: “Məndən əvvəl sizə elçilər açıq-aydın dəlillərlə və dediyiniz qurbanla gəlmişdilər. Əgər doğru danışırsınızsa, onda nə üçün onları öldürdünüz?”
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl açıq-aydın dəlillər, səhifələr və nur saçan kitab gətirmiş elçiləri də yalançı hesab etmişdilər
Hər kəs ölümü dadacaq. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və Allaha şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir
Allah Kitab verilənlərdən: “Siz o kitabı mütləq insanlara açıqlayacaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə əhd almışdı. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir
Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlar üçün ağrılı-acılı bir əzab vardır
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edər, göylərin və yerin yaradılışı haqqında düşünər və deyərlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru
Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşılarla bir yerdə al
Rəbbi də onların dualarını qəbul edib cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”
Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan nemətlər yaxşılar üçün daha xeyirlidir
Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir