Verse 1 — Surah Fatir 35:1
Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir
Verse 2 — Surah Fatir 35:2
Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir
Verse 3 — Surah Fatir 35:3
Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz
Verse 4 — Surah Fatir 35:4
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, səndən əvvəl də elçilər yalançı hesab olunmuşdu. Bütün işlər ancaq Allaha qaytarılacaqdır
Verse 5 — Surah Fatir 35:5
Ey insanlar! Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi aldatmasın, tovlayan şeytan da sizi yoldan çıxartmasın
Verse 6 — Surah Fatir 35:6
Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır
Verse 7 — Surah Fatir 35:7
Kafirlər üçün şiddətli əzab tədarük edilmişdir. İman gətirib yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat hazırlanmışdır
Verse 8 — Surah Fatir 35:8
Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir
Verse 9 — Surah Fatir 35:9
Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz onları ölü bir diyara tərəf qovub, yeri ölümündən sonra onunla canlandırırıq. Ölülərin dirildilməsi də belə olacaqdır
Verse 10 — Surah Fatir 35:10
Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır
Verse 11 — Surah Fatir 35:11
Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq açıq-aydın Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır
Verse 12 — Surah Fatir 35:12
İki dəniz eyni deyil. Birinin suyu dadlı, şirin və içməyə rahat, digərininki isə həddindən artıq duzlu və acıdır. Onların hər birindən təzə balıq yeyir, taxdığınız zinət əşyalarını çıxarırsınız. Sən gəmilərin onu yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfünü axtarıb tapmağınız və şükür etməyiniz üçündür
Verse 13 — Surah Fatir 35:13
O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər
Verse 14 — Surah Fatir 35:14
Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz
Verse 15 — Surah Fatir 35:15
Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir
Verse 16 — Surah Fatir 35:16
Əgər istəsə, sizi yox edib yerinizə yeni bir məxluq gətirər
Verse 17 — Surah Fatir 35:17
Bu, Allah üçün çətin deyil
Verse 18 — Surah Fatir 35:18
Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz. Sən ancaq Rəbbindən Onu görmədikləri halda qorxanları və namaz qılanları xəbərdar edirsən. Kim günahlardan təmizlənirsə, öz xeyrinə təmizlənmiş olur. Qayıdış də ancaq Allahadır
Verse 19 — Surah Fatir 35:19
Kor ilə görən eyni deyil
Verse 20 — Surah Fatir 35:20
zülmətlərlə nur da
Verse 21 — Surah Fatir 35:21
kölgə ilə bürkü də eyni deyil
Verse 22 — Surah Fatir 35:22
Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən
Verse 23 — Surah Fatir 35:23
Sən ancaq qorxudub xəbərdar edənsən
Verse 24 — Surah Fatir 35:24
Həqiqətən, Biz səni haqla müjdə verən və xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın
Verse 25 — Surah Fatir 35:25
Əgər onlar səni yalançı hesab etsələr, bil ki, onlardan əvvəlkilər də elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər
Verse 26 — Surah Fatir 35:26
Sonra Mən haqqı inkar edənləri yaxaladım. Görəydin Mənim onları həlak etməyim necə oldu
Verse 27 — Surah Fatir 35:27
Məgər Allahın göydən yağmur endirdiyini və onunla müxtəlif rəngli meyvələr yetişdirdiyimizi görmürsənmi? Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar əmələ gətirdik
Verse 28 — Surah Fatir 35:28
İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır
Verse 29 — Surah Fatir 35:29
Allahın Kitabını oxuyanlar, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki
Verse 30 — Surah Fatir 35:30
Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir
Verse 31 — Surah Fatir 35:31
Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi gələn haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir
Verse 32 — Surah Fatir 35:32
Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur
Verse 33 — Surah Fatir 35:33
Onlar Ədn cənnətlərinə daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır
Verse 34 — Surah Fatir 35:34
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir
Verse 35 — Surah Fatir 35:35
Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”
Verse 36 — Surah Fatir 35:36
Kafirləri isə Cəhənnəm odu gözləyir. Orada nə öldürülməzlər ki, ölüb canları qurtarsın, nə də bu odun əzabı onlar üçün yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq
Verse 37 — Surah Fatir 35:37
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən Peyğəmbər də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”
Verse 38 — Surah Fatir 35:38
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. O, kökslərdə olanları da bilir
Verse 39 — Surah Fatir 35:39
Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz əleyhinə olar. Kafirlərin küfrü Rəbbi yanında ancaq onlara bəslənən qəzəbi artırar. Kafirlərin küfrü onlara ziyandan başqa bir şey artırmaz
Verse 40 — Surah Fatir 35:40
De: “Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər
Verse 41 — Surah Fatir 35:41
Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır
Verse 42 — Surah Fatir 35:42
Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan bir peyğəmbər gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan peyğəmbər gəldikdə isə bu, onların ancaq nifrətini artırdı
Verse 43 — Surah Fatir 35:43
Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən
Verse 44 — Surah Fatir 35:44
Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, hər şeyi biləndir, hər şeyə Qadirdir
Verse 45 — Surah Fatir 35:45
Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah Öz qullarını görür