Back to Languages

Azerbaijani - Chapter 12 - Yusuf

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Yusuf 12:1

Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Qur’anın) ayələridir

Verse 2 — Surah Yusuf 12:2

(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Qur’an olaraq nazil etdik ki, (mə’nasını) anlayasınız

Verse 3 — Surah Yusuf 12:3

(Ya Rəsulum!) Biz bu Qur’anı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvəlcə (ondan) əsla xəbərdar deyildin

Verse 4 — Surah Yusuf 12:4

Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (tə’zim) edirlər”

Verse 5 — Surah Yusuf 12:5

(Atası Yə’qub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir

Verse 6 — Surah Yusuf 12:6

(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa ne’mətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yə’qub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”

Verse 7 — Surah Yusuf 12:7

Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır

Verse 8 — Surah Yusuf 12:8

Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”

Verse 9 — Surah Yusuf 12:9

(Aralarında biri dedi:) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”

Verse 10 — Surah Yusuf 12:10

Bir başqası (Rubil və ya Şəm’un) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”

Verse 11 — Surah Yusuf 12:11

Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə e’tibar etmirsən

Verse 12 — Surah Yusuf 12:12

Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”

Verse 13 — Surah Yusuf 12:13

(Yə’qub) dedi: “Onu aparmağınız məni çox mə’yus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

Verse 14 — Surah Yusuf 12:14

Onlar: “Biz güclü bir dəstə (on bir nəfət) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər

Verse 15 — Surah Yusuf 12:15

(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik

Verse 16 — Surah Yusuf 12:16

Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər

Verse 17 — Surah Yusuf 12:17

Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”

Verse 18 — Surah Yusuf 12:18

Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yə’qub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”

Verse 19 — Surah Yusuf 12:19

Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir

Verse 20 — Surah Yusuf 12:20

(Yusifi tə’qib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yə’qubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər

Verse 21 — Surah Yusuf 12:21

(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz

Verse 22 — Surah Yusuf 12:22

(Yusif gəncliyinin) ən yetkin dövründə (17, 18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq

Verse 23 — Surah Yusuf 12:23

Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə:) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi

Verse 24 — Surah Yusuf 12:24

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir

Verse 25 — Surah Yusuf 12:25

(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”

Verse 26 — Surah Yusuf 12:26

(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır

Verse 27 — Surah Yusuf 12:27

Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır.”

Verse 28 — Surah Yusuf 12:28

(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”

Verse 29 — Surah Yusuf 12:29

Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən

Verse 30 — Surah Yusuf 12:30

Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük

Verse 31 — Surah Yusuf 12:31

(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə də’vət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq tə’riflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” - dedilər

Verse 32 — Surah Yusuf 12:32

(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”

Verse 33 — Surah Yusuf 12:33

(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”

Verse 34 — Surah Yusuf 12:34

Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir

Verse 35 — Surah Yusuf 12:35

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı)

Verse 36 — Surah Yusuf 12:36

Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”

Verse 37 — Surah Yusuf 12:37

(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mə’nasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim

Verse 38 — Surah Yusuf 12:38

Mən ata-babalarım İbrahim, İshaq və Yə’qubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi ne’mətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz

Verse 39 — Surah Yusuf 12:39

Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah

Verse 40 — Surah Yusuf 12:40

(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz

Verse 41 — Surah Yusuf 12:41

Ey iki zindan yoldaşım! (Yuxularınızın mə’nasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə e’dam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir)

Verse 42 — Surah Yusuf 12:42

(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı

Verse 43 — Surah Yusuf 12:43

(Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey ə’yanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”

Verse 44 — Surah Yusuf 12:44

Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər

Verse 45 — Surah Yusuf 12:45

(Zindandakı) iki (cavan) oğlandan (e’damdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!”

Verse 46 — Surah Yusuf 12:46

(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi:) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mə’nasını) bilsinlər!”

Verse 47 — Surah Yusuf 12:47

(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın

Verse 48 — Surah Yusuf 12:48

Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız

Verse 49 — Surah Yusuf 12:49

Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”

Verse 50 — Surah Yusuf 12:50

(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”

Verse 51 — Surah Yusuf 12:51

(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar:) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrubdanışanlardandır!”

Verse 52 — Surah Yusuf 12:52

(Yusif dedi:) “Bu (qadınlara həqiqəti e’tiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin

Verse 53 — Surah Yusuf 12:53

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”

Verse 54 — Surah Yusuf 12:54

Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, e’tibarlı bir şəxssən!” – dedi

Verse 55 — Surah Yusuf 12:55

(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə mə’mur tə’yin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə e’tibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”

Verse 56 — Surah Yusuf 12:56

Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik

Verse 57 — Surah Yusuf 12:57

İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir

Verse 58 — Surah Yusuf 12:58

(Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı

Verse 59 — Surah Yusuf 12:59

(Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz

Verse 60 — Surah Yusuf 12:60

Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”

Verse 61 — Surah Yusuf 12:61

(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”

Verse 62 — Surah Yusuf 12:62

(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”

Verse 63 — Surah Yusuf 12:63

(Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”

Verse 64 — Surah Yusuf 12:64

(Yə’qub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə e’tibar etdiyim kimi, heç onu sizə e’tibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”

Verse 65 — Surah Yusuf 12:65

Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmiz’ bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”

Verse 66 — Surah Yusuf 12:66

(Yə’qub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yə’qub): “Allah dediyimizə şahiddir!” – dedi

Verse 67 — Surah Yusuf 12:67

(Yə’qub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”

Verse 68 — Surah Yusuf 12:68

Onlar ataları (Yə’qubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yə’qubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yə’qub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz

Verse 69 — Surah Yusuf 12:69

Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”

Verse 70 — Surah Yusuf 12:70

(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi

Verse 71 — Surah Yusuf 12:71

(Yə’qubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular

Verse 72 — Surah Yusuf 12:72

Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (müştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı:) “Mən də buna zaminəm!” - (dedi)

Verse 73 — Surah Yusuf 12:73

(Yə’qubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”

Verse 74 — Surah Yusuf 12:74

Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”

Verse 75 — Surah Yusuf 12:75

(Qardaşlar:) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər

Verse 76 — Surah Yusuf 12:76

(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır

Verse 77 — Surah Yusuf 12:77

(Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi.. Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”

Verse 78 — Surah Yusuf 12:78

(Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”

Verse 79 — Surah Yusuf 12:79

(Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”

Verse 80 — Surah Yusuf 12:80

Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır

Verse 81 — Surah Yusuf 12:81

Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et)

Verse 82 — Surah Yusuf 12:82

Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”

Verse 83 — Surah Yusuf 12:83

(Qardaşlar Yə’qubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”

Verse 84 — Surah Yusuf 12:84

(Bu sözlərdən sonra Yə’qub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yə’qubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi)

Verse 85 — Surah Yusuf 12:85

(Oğlanları Yə’quba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”

Verse 86 — Surah Yusuf 12:86

(Yə’qub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona tə’zim edəcəyimizi) bilirəm

Verse 87 — Surah Yusuf 12:87

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”

Verse 88 — Surah Yusuf 12:88

(Yə’qubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”

Verse 89 — Surah Yusuf 12:89

(Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu

Verse 90 — Surah Yusuf 12:90

Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi

Verse 91 — Surah Yusuf 12:91

Onlar: “Allaha and olsun ki, Allah səni bizdən ustün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər

Verse 92 — Surah Yusuf 12:92

(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edələrin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar)

Verse 93 — Surah Yusuf 12:93

Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”

Verse 94 — Surah Yusuf 12:94

Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yə’qub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyirdim ki, Yusifin ətrini alıram!”

Verse 95 — Surah Yusuf 12:95

Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!” dedilər

Verse 96 — Surah Yusuf 12:96

Muştuluqçu gəlib köynəyi (Yə’qubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi

Verse 97 — Surah Yusuf 12:97

(Oğlanları ona:) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər

Verse 98 — Surah Yusuf 12:98

(Yə’qub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”

Verse 99 — Surah Yusuf 12:99

(Yə’qub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi

Verse 100 — Surah Yusuf 12:100

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”

Verse 101 — Surah Yusuf 12:101

(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yə’qub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir e’tibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi:) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

Verse 102 — Surah Yusuf 12:102

(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin

Verse 103 — Surah Yusuf 12:103

Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir

Verse 104 — Surah Yusuf 12:104

Halbuki sən bundan (islamın təbliğı və imana də’vətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Qur’an) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir

Verse 105 — Surah Yusuf 12:105

Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mə’naları haqqında düşünməzlər)

Verse 106 — Surah Yusuf 12:106

Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər)

Verse 107 — Surah Yusuf 12:107

Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi

Verse 108 — Surah Yusuf 12:108

(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, də’vət) yolumdur. Mən və mənə tabe olan (mö’minlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!”

Verse 109 — Surah Yusuf 12:109

Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz

Verse 110 — Surah Yusuf 12:110

Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz

Verse 111 — Surah Yusuf 12:111

(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Qur’an) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir