Back to Languages

Azerbaijani - Chapter 15 - Al-Hijr

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Hijr 15:1

Əlif, Lam, Mim, Ra! Bunlar (mükəmməl ilahi) Kitabın və açıq-aydın (mö’cüzə olan) Qur’anın ayələridir

Verse 2 — Surah Al-Hijr 15:2

Kafirlər (qiyamət günü), yəqin ki, müsəlman olmalarını istərdilər

Verse 3 — Surah Al-Hijr 15:3

(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər

Verse 4 — Surah Al-Hijr 15:4

Biz heç bir məmləkəti (heç bir ölkənin əhalisini) əcəli (lövhi-məhfuzda onun üçün müəyyən edilmiş vaxt) gəlib çatmamış məhv etmədik

Verse 5 — Surah Al-Hijr 15:5

Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər

Verse 6 — Surah Al-Hijr 15:6

(Müşriklər Peyğəmbərə) belə dedilər: “Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən

Verse 7 — Surah Al-Hijr 15:7

Əgər sən doğru danışanlardansansa (Peyğəmbər olduğun barədəki iddian düzgündürsə), mələkləri bizə gətirsənə!”

Verse 8 — Surah Al-Hijr 15:8

(Allah onların cavabında buyurdu:) “Biz mələkləri yalnız haqq olaraq (peyğəmbərlərə vəhy gətirmək, kafirlərə əzab vermək üçün) endiririk. O zaman onlara (kafirlərə) heç bir möhlət verilməz

Verse 9 — Surah Al-Hijr 15:9

Şübhəsiz ki, Qur’anı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”

Verse 10 — Surah Al-Hijr 15:10

(Ya Rəsulum!) Biz səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərmişdik

Verse 11 — Surah Al-Hijr 15:11

Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər

Verse 12 — Surah Al-Hijr 15:12

(Əvvəlki ümmətlər barəsində etdiyimiz kimi) Biz onu (küfrü, istehzanı) günahkarların (sənin qövmündən olan müşriklərin) ürəklərinə belə yeridirik

Verse 13 — Surah Al-Hijr 15:13

Özlərindən əvvəlkilərin başlarına gələnlər (müsibətlər) göz qabağında olduğu (olub keçdiyi) halda, onlar (yenə də) ona (Qur’ana) inanmazlar

Verse 14 — Surah Al-Hijr 15:14

Əgər onlara göydən bir qapı açsaq (nərdivan endirsək) və onunla durmadan yuxarı dırmaşsalar (göydə Allahın qüdrətini və əzamətini görsələr) yenə də (inanmayıb)

Verse 15 — Surah Al-Hijr 15:15

“Gözümüz bağlanmış (xumarlanmış), biz sehrlənmişik (Muhəmməd bizi ovsunlayıb gözümüzü bağlamışdır)”, - deyərlər

Verse 16 — Surah Al-Hijr 15:16

Biz səmada bürclər yaratdıq, onlara baxanlar üçün (ulduzlarla) bəzədik

Verse 17 — Surah Al-Hijr 15:17

Onları hər bir məl’un (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) Şeytandan qoruduq

Verse 18 — Surah Al-Hijr 15:18

Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məş’əl) tə’qib edər (və üstünə düşüb yandırar)

Verse 19 — Surah Al-Hijr 15:19

Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik

Verse 20 — Surah Al-Hijr 15:20

Sizdən və sizin ruzi vermədiklərinizdən (qul, kəniz, ev heyvanları və sairədən) ötrü yaşayış üçün lazım olan hər şey yaratdıq. (Ruzini siz yox, Biz veririk. Onun, sadəcə olaraq ixtiyarı sizdədir)

Verse 21 — Surah Al-Hijr 15:21

(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə mə’lumdur)

Verse 22 — Surah Al-Hijr 15:22

Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik (içirtdik). Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz! (Allah yağış suyunu saxlayıb istədiyi vaxt, istədiyi yerə yağdırar)

Verse 23 — Surah Al-Hijr 15:23

Həqiqətən, dirildən də, öldürən də Bizik, (hər şeyə) varis olan da Biz (Sizi məhv etdikdən sonra yer üzünə sahib olub onu istədiyimizə verən də, hər şey fənaya uğradıqdan sonra əbədi qalan da Bizik)

Verse 24 — Surah Al-Hijr 15:24

Sizdən əvvəl kimlər gəlib-gedibsə, onları da bilirik, sizdən sonra kimlər gələcəksə, onları da! (Və ya sizdən əvvəl də, sonra da iman gətirənləri bilirik)

Verse 25 — Surah Al-Hijr 15:25

Həqiqətən, Rəbbin (qiyamət günü haqq-hesab çəkmək üçün) onları bir yerə yığacaq. O, hikmət sahibidir, (hər şeyi) biləndir

Verse 26 — Surah Al-Hijr 15:26

Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq

Verse 27 — Surah Al-Hijr 15:27

(Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik

Verse 28 — Surah Al-Hijr 15:28

(Ya Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam

Verse 29 — Surah Al-Hijr 15:29

Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, tə’zim məqsədilə) səcdə edin!”

Verse 30 — Surah Al-Hijr 15:30

Bundan sonra mələklərin hamısı ona (tə’zim məqsədilə) səcdə etdilər

Verse 31 — Surah Al-Hijr 15:31

Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi

Verse 32 — Surah Al-Hijr 15:32

(Allah buyudu:) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”

Verse 33 — Surah Al-Hijr 15:33

(Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür)

Verse 34 — Surah Al-Hijr 15:34

(Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx. Sən məl’unsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən)

Verse 35 — Surah Al-Hijr 15:35

Sən qiyamət gününə qədər lə’nətlənmişsən!”

Verse 36 — Surah Al-Hijr 15:36

(İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (qiyamətə) qədər mənə möhlət ver!”

Verse 37 — Surah Al-Hijr 15:37

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən”

Verse 38 — Surah Al-Hijr 15:38

Ancaq mə’lum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər

Verse 39 — Surah Al-Hijr 15:39

(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam

Verse 40 — Surah Al-Hijr 15:40

Yalnız Sənin sadiq bəndələrindən başqa!”

Verse 41 — Surah Al-Hijr 15:41

(Allah) buyurdu: “Mənə görə, bu, düz yoldur! (Və ya: Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur)

Verse 42 — Surah Al-Hijr 15:42

Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz

Verse 43 — Surah Al-Hijr 15:43

Şübhəsiz ki, Cəhənnəm onların hamısına və’d olunmuş (onları gözləyən) yerdir

Verse 44 — Surah Al-Hijr 15:44

(Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər

Verse 45 — Surah Al-Hijr 15:45

Allahdan qorxub pis əməllərdən çəkinənlər isə cənnətlərdə və bulaqlar başında olacaqlar

Verse 46 — Surah Al-Hijr 15:46

Ora sağ-salamat (sağlıqla) və (hər şeydən) əmin olaraq daxil olun!”

Verse 47 — Surah Al-Hijr 15:47

Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər

Verse 48 — Surah Al-Hijr 15:48

Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar)

Verse 49 — Surah Al-Hijr 15:49

(Ya Rəsulum!) Qullarıma xəbər ver ki, (tövbə edəcəkləri təqdirdə) Mən, həqiqətən, bağışlayanam, rəhm edənəm

Verse 50 — Surah Al-Hijr 15:50

Eyni zamanda da əzabım da çox şiddətli əzabdır

Verse 51 — Surah Al-Hijr 15:51

Həm də onlara İbrahimin qonaqlarından (yanına qonaq gələn mələklərdən) xəbər ver

Verse 52 — Surah Al-Hijr 15:52

O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” – dedilər. (İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb:) “Biz, həqiqətən, sizdən qorxuruq!” – dedi

Verse 53 — Surah Al-Hijr 15:53

Onlar: “Qorxma, biz səni çox bilikli bir oğulla (oğlun olacağı ilə) müjdələyirik!” – deyə cavab verdilər

Verse 54 — Surah Al-Hijr 15:54

(İbrahim:) “Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” – deyə soruşdu

Verse 55 — Surah Al-Hijr 15:55

(Mələklər:) “Biz sənə doğru xəbərlə müjdə veririk. (Allah dərgahından) ümidini üzənlərdən olma!” – dedilər

Verse 56 — Surah Al-Hijr 15:56

(İbrahim) dedi: “(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?!”

Verse 57 — Surah Al-Hijr 15:57

“Ey elçilər! (Ey Allahın mələkləri! Bir deyin görək) işiniz nədir?” – dedi

Verse 58 — Surah Al-Hijr 15:58

(Mələklər) belə cavab verdilər: “Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik

Verse 59 — Surah Al-Hijr 15:59

Yalnız Lutun ailəsindən başqa! Biz, sözsüz ki, onların hamısı xilas edəcəyik

Verse 60 — Surah Al-Hijr 15:60

Ancaq (Lutun) zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, (küfr etdiyinə görə) əzaba uğrayanlardan (əzab içində qalanlardan) olacaqdır!”

Verse 61 — Surah Al-Hijr 15:61

Elçilər (mələklər) Lutun yanına gələndə

Verse 62 — Surah Al-Hijr 15:62

(Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!”

Verse 63 — Surah Al-Hijr 15:63

(Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik

Verse 64 — Surah Al-Hijr 15:64

Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq

Verse 65 — Surah Al-Hijr 15:65

Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”

Verse 66 — Surah Al-Hijr 15:66

Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq

Verse 67 — Surah Al-Hijr 15:67

(Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi

Verse 68 — Surah Al-Hijr 15:68

(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin

Verse 69 — Surah Al-Hijr 15:69

Allahdan qorxun və məni xar etməyin

Verse 70 — Surah Al-Hijr 15:70

Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular

Verse 71 — Surah Al-Hijr 15:71

(Lut) dedi: “Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!”

Verse 72 — Surah Al-Hijr 15:72

(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. (Lutun nəsihətini qəbul etmədilər)

Verse 73 — Surah Al-Hijr 15:73

Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü

Verse 74 — Surah Al-Hijr 15:74

Onların altını-üstünü çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq

Verse 75 — Surah Al-Hijr 15:75

Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır

Verse 76 — Surah Al-Hijr 15:76

Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır

Verse 77 — Surah Al-Hijr 15:77

Bunda mö’minlər üçün, sözsüz ki, bir ibrət vardır

Verse 78 — Surah Al-Hijr 15:78

Şübhəsiz ki, Əykə əhli də (sıx meşəlikdə yaşayan Şüeyb tayfası da) zalım idi. (Onlar Allaha asi olmaqla özlərinə zülm etdilər)

Verse 79 — Surah Al-Hijr 15:79

(Göydən od göndərib) onlardan da intiqam aldıq. Hər iki şəhər (Sədum və Əykənin qalıqları) açıq-aşkar göz qabağındadır, (Məkkə müşrikləri onlara baxıb niyə ibrət almırlar)

Verse 80 — Surah Al-Hijr 15:80

Həqiqətən, (Saleh tayfası olan) Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar

Verse 81 — Surah Al-Hijr 15:81

Biz onlara (Hicr əhalisinə) mö’cüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər (bu mö’cüzələrə baxıb ibrət almadılar, Allahın qüdrəti, əzəməti haqqında düşünmədilər)

Verse 82 — Surah Al-Hijr 15:82

Onlar (Allahın əzabından) salamat qurtarmaq üçün dağları yonub (özlərinə) evlər qurudular

Verse 83 — Surah Al-Hijr 15:83

Səhər çağı dəhşətli (tükürpədici) səs onları bürüdü

Verse 84 — Surah Al-Hijr 15:84

Gördükləri tədbirlər (möhkəm evlər, qalalar tikmək; var-dövlət yığmaq) onlara heç bir fayda vermədi (Allahın əzabını onlardan dəf edə bilmədi)

Verse 85 — Surah Al-Hijr 15:85

Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun şəkildə) yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir)

Verse 86 — Surah Al-Hijr 15:86

Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir

Verse 87 — Surah Al-Hijr 15:87

(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Qur’anı verdik

Verse 88 — Surah Al-Hijr 15:88

(Kafirlərin) bə’zi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlardan (onlar iman gətirmədiklərindən) ötrü kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük ne’mətlər gözləyir), mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et)

Verse 89 — Surah Al-Hijr 15:89

Və de: “Mən, həqiqətən, (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudanam!”

Verse 90 — Surah Al-Hijr 15:90

Eynilə (Qur’anı) bölənlərə endirdiyimiz (əzab) kimi

Verse 91 — Surah Al-Hijr 15:91

O kəslər ki, Qur’anı (müxtəlif) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Qur’anın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bə’zisi Qur’anı şe’r, bə’zisi sehr, bə’zisi isə kahinlik əsəri adlandırırdı)

Verse 92 — Surah Al-Hijr 15:92

(Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik

Verse 93 — Surah Al-Hijr 15:93

(Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik)

Verse 94 — Surah Al-Hijr 15:94

(Ya Rəsulum!) Sənə əmr olunanı (Qur’anı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər

Verse 95 — Surah Al-Hijr 15:95

Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik

Verse 96 — Surah Al-Hijr 15:96

O kəslər ki, Allaha başqa tanrı şərik qoşdular! Onlar (başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini) mütləq biləcəklər

Verse 97 — Surah Al-Hijr 15:97

(Ya Rəsulum!) Doğrusu, Biz onların (istehzalı) sözlərindən sənin ürəyinin qısıldığını bilirik

Verse 98 — Surah Al-Hijr 15:98

Sən isə Rəbbini tə’rifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol

Verse 99 — Surah Al-Hijr 15:99

Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et