Back to Languages

Azerbaijani - Chapter 22 - Al-Hajj

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Hajj 22:1

Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir

Verse 2 — Surah Al-Hajj 22:2

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir

Verse 3 — Surah Al-Hajj 22:3

Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır

Verse 4 — Surah Al-Hajj 22:4

(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər

Verse 5 — Surah Al-Hajj 22:5

Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər

Verse 6 — Surah Al-Hajj 22:6

Bu (insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi) ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir

Verse 7 — Surah Al-Hajj 22:7

Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir

Verse 8 — Surah Al-Hajj 22:8

İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər

Verse 9 — Surah Al-Hajj 22:9

O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq

Verse 10 — Surah Al-Hajj 22:10

(O zaman ona belə deyiləcək:) “Bu, (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”

Verse 11 — Surah Al-Hajj 22:11

İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu

Verse 12 — Surah Al-Hajj 22:12

O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur

Verse 13 — Surah Al-Hajj 22:13

Özü də zərəri xeyirindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır

Verse 14 — Surah Al-Hajj 22:14

Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər

Verse 15 — Surah Al-Hajj 22:15

Hər kim Allahın dünyada və axirətdə ona (Öz Peyğəmbərinə) kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi? (Əlbəttə, qaldıra bilməz! Allahın öz peyğəmbərinə yardım etməsini istəməyənlər, qəzəblərindən özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona dünyada zəfər, axirətdə isə yüksək məqamlar nəsib edəcəkdir)

Verse 16 — Surah Al-Hajj 22:16

Biz (Qur’anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola müvəffəq edər

Verse 17 — Surah Al-Hajj 22:17

Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir)

Verse 18 — Surah Al-Hajj 22:18

(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (mö’minlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər

Verse 19 — Surah Al-Hajj 22:19

Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir

Verse 20 — Surah Al-Hajj 22:20

O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir

Verse 21 — Surah Al-Hajj 22:21

Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır

Verse 22 — Surah Al-Hajj 22:22

(Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər)

Verse 23 — Surah Al-Hajj 22:23

Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır

Verse 24 — Surah Al-Hajj 22:24

Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər

Verse 25 — Surah Al-Hajj 22:25

Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə’bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq

Verse 26 — Surah Al-Hajj 22:26

(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”

Verse 27 — Surah Al-Hajj 22:27

İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər

Verse 28 — Surah Al-Hajj 22:28

Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə’lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin

Verse 29 — Surah Al-Hajj 22:29

Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə’bəni) təvaf etsinlər

Verse 30 — Surah Al-Hajj 22:30

(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin

Verse 31 — Surah Al-Hajj 22:31

Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür’ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər

Verse 32 — Surah Al-Hajj 22:32

(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır)

Verse 33 — Surah Al-Hajj 22:33

Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə’bə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kə’bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət-məşvərət edərsiniz)

Verse 34 — Surah Al-Hajj 22:34

Biz hər bir ümmət üçün qurbangah (yaxud mə’bəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver

Verse 35 — Surah Al-Hajj 22:35

O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər

Verse 36 — Surah Al-Hajj 22:36

Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne’mətimizə) şükr edəsiniz

Verse 37 — Surah Al-Hajj 22:37

Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver

Verse 38 — Surah Al-Hajj 22:38

Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz

Verse 39 — Surah Al-Hajj 22:39

Zülmə mə’ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir

Verse 40 — Surah Al-Hajj 22:40

O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri mö’minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir

Verse 41 — Surah Al-Hajj 22:41

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq mö’minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir)

Verse 42 — Surah Al-Hajj 22:42

(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi

Verse 43 — Surah Al-Hajj 22:43

İbrahim tayfası da, Lut qövmü də

Verse 44 — Surah Al-Hajj 22:44

Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir’onun özü və camaatı tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları (əzabla) yaxaladım. (Bir görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb inkar etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne’məti müsibətlə əvəz etdim)

Verse 45 — Surah Al-Hajj 22:45

Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı

Verse 46 — Surah Al-Hajj 22:46

Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar)

Verse 47 — Surah Al-Hajj 22:47

(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz və’dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir

Verse 48 — Surah Al-Hajj 22:48

Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar)

Verse 49 — Surah Al-Hajj 22:49

De: “Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam (Allahın əzabı ilə açıq-aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)

Verse 50 — Surah Al-Hajj 22:50

İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir

Verse 51 — Surah Al-Hajj 22:51

Ayələrimizdən (Qur’anı batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri) aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər

Verse 52 — Surah Al-Hajj 22:52

(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir

Verse 53 — Surah Al-Hajj 22:53

(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqqdan uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar)

Verse 54 — Surah Al-Hajj 22:54

Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur’an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər

Verse 55 — Surah Al-Hajj 22:55

Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri olmayan (səmərəsiz) bir günün (onların kökünü kəsəcək Bədr vuruşunun) əzabı onlara gəlib yetişənədək (Qur’an barəsində) şəkk-şübhədə olmaqda davam edəcəklər

Verse 56 — Surah Al-Hajj 22:56

O gün (qiyamt günü) hökm yalnız Allahındır. (Allah) onların (müşriklərin və mö’minlərin) arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar

Verse 57 — Surah Al-Hajj 22:57

Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar

Verse 58 — Surah Al-Hajj 22:58

Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır

Verse 59 — Surah Al-Hajj 22:59

(Allah) onları razı qalacaqları (xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı) həlimdir

Verse 60 — Surah Al-Hajj 22:60

(Allahın hökmü) budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə mə’ruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah (özünümüdafiə məqsədilə düşməndən intiqam alan mö’min bəndəsini) əfv edəndir, bağışlayandır

Verse 61 — Surah Al-Hajj 22:61

Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, güzdüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə’zən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidəndir, görəndir

Verse 62 — Surah Al-Hajj 22:62

Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna görə də yalnız Allaha ibadət edilməlidir)

Verse 63 — Surah Al-Hajj 22:63

(Ya Rəsulum!) Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır

Verse 64 — Surah Al-Hajj 22:64

Göylərdə və yerdə nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış əsərdir). Həqiqətən, Allah ehtiyacsızdır, (hər çür) şükürə, tə’rifə layiqdir! (Hər işi bəyəniləndir)

Verse 65 — Surah Al-Hajj 22:65

(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir

Verse 66 — Surah Al-Hajj 22:66

Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət günü) yenə dirildəcək məhz Odur

Verse 67 — Surah Al-Hajj 22:67

Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) də’vət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)

Verse 68 — Surah Al-Hajj 22:68

(Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz qurbanların ətindən yediyiniz halda, bəs Allahın öldürdüyü, yə’ni öz əcəli ilə ölmüş heyvanların ətini niyə yemirsiniz deyə) səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir

Verse 69 — Surah Al-Hajj 22:69

İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!”

Verse 70 — Surah Al-Hajj 22:70

(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır

Verse 71 — Surah Al-Hajj 22:71

(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz

Verse 72 — Surah Al-Hajj 22:72

Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: “Sizə bundan (Qur’an oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən) daha pisini xəbər verimmi? – Cəhənnəm (odu)! Allah onu kafirlərə və’d etmişdir. O nə pis məskəndir! (Nə pis qayıdış yeridir!)”

Verse 73 — Surah Al-Hajj 22:73

Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də)

Verse 74 — Surah Al-Hajj 22:74

(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir

Verse 75 — Surah Al-Hajj 22:75

Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir

Verse 76 — Surah Al-Hajj 22:76

(Allah) onların önlərindəkini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Bütün işlər (nəticə e’tibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın hüzurunda duracaqdır)

Verse 77 — Surah Al-Hajj 22:77

Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz)

Verse 78 — Surah Al-Hajj 22:78

(Ey mö’minlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil olmamışdan) əvvəl də, bunda (Qur’anda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir