Back to Languages

Azerbaijani - Chapter 27 - An-Naml

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah An-Naml 27:1

Ta, Sin! Bu, Qur’anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir

Verse 2 — Surah An-Naml 27:2

Mö’minlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir

Verse 3 — Surah An-Naml 27:3

O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz aılır, zəkat verir və axirətə möhkəm inanırlar

Verse 4 — Surah An-Naml 27:4

Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər

Verse 5 — Surah An-Naml 27:5

Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə) axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır

Verse 6 — Surah An-Naml 27:6

(Ya Rəsulum!) Həqiqətən, Qur’an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə’lim) olunur

Verse 7 — Surah An-Naml 27:7

Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: “Mən bir od gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim ki, qızınasınız”

Verse 8 — Surah An-Naml 27:8

Musa (alovun) yanına çatdıqda belə bir nida gəldi: “Alovun yanında olan (Musa) və ətrafında olanlar (mələklər və ya peyğəmbərlər) mübarək kimsələrdir (bərəkətlidirlər). Aləmlərin Rəbbi olan Allah pakdır, müqəddəsdir! (Bütün eyib və nöqsanlardan kənardır)

Verse 9 — Surah An-Naml 27:9

Ya Musa! Yenilməz qüvvət, hikmət sahibi olan Allah Mənəm

Verse 10 — Surah An-Naml 27:10

Əsanı (yerə) at! (Musa əsanı yerə atdı). O, (əsanın) ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq:) “Ya Musa, qorxma! Peyğəmbərlər Mənim hüzurumda qorxmazlar

Verse 11 — Surah An-Naml 27:11

Yalnız (günah etməklə özünə) zülm eləyən (qorxmalıdır). Lakin (pislik etdikdən) sonra tövbə ilə pisliyi yaxşılığa çevirən kəs (bilsin ki, Mən beləsini) bağışlayanam, rəhm edənəm

Verse 12 — Surah An-Naml 27:12

Əlini qoynuna (köynəyinin yaxasına, yaxud qoltuğunun altına) qoy ki, Fir’ona və onun tayfasına göndərilən doqquz mö’cüzədən biri olaraq eyibsiz-qüsursuz ağappaq (parlaq bir nur kimi) çıxsın. Həqiqətən, onlar (Allahın itaətindən çıxmiş) fasiq bir camaatdır!”

Verse 13 — Surah An-Naml 27:13

Mö’cüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər

Verse 14 — Surah An-Naml 27:14

(Mö’cüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu

Verse 15 — Surah An-Naml 27:15

Biz Davuda və Süleymana elm (insanlar arasında mübahisəli məsələləri həll edib ədalətli hökm çıxartmaq, quşların dilini bilmək və i. a.) verdik. Onlar dedilər: “Bizi öz mö’min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”

Verse 16 — Surah An-Naml 27:16

Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”

Verse 17 — Surah An-Naml 27:17

(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər

Verse 18 — Surah An-Naml 27:18

Nəhayət, onlar (Taifdəki, yaxud Şamdakı) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa (qarışqaların padşahı) dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!”

Verse 19 — Surah An-Naml 27:19

(Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun ne’mətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”

Verse 20 — Surah An-Naml 27:20

Sonra (Süleyman) quşları yoxlayıb dedi: “(Torpaq altında suyun harada olduğunu bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur

Verse 21 — Surah An-Naml 27:21

And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!”

Verse 22 — Surah An-Naml 27:22

Bir azdan (Hüdhüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm

Verse 23 — Surah An-Naml 27:23

Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verrilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır

Verse 24 — Surah An-Naml 27:24

Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər

Verse 25 — Surah An-Naml 27:25

Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)

Verse 26 — Surah An-Naml 27:26

O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!”

Verse 27 — Surah An-Naml 27:27

(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan

Verse 28 — Surah An-Naml 27:28

Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!”

Verse 29 — Surah An-Naml 27:29

(Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey ə’yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı)

Verse 30 — Surah An-Naml 27:30

O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim” lədir (bismillahla başlanır)

Verse 31 — Surah An-Naml 27:31

(Məzmunu belədir:)” Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt’i (müsəlman) olaraq gəlin! (Mənim də’vətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”

Verse 32 — Surah An-Naml 27:32

(Bəlqis) dedi: “Ey ə’yanlar! Bu iş barəsində mənə rə’yinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!”

Verse 33 — Surah An-Naml 27:33

Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyinə özün bax (fikirləş)!”

Verse 34 — Surah An-Naml 27:34

(Bəlqis) dedi: Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu xarabazara çevirər, xalqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir)

Verse 35 — Surah An-Naml 27:35

Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (Əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yox, əgər ancaq bir padşahdırsa, qəbul edər)

Verse 36 — Surah An-Naml 27:36

(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz

Verse 37 — Surah An-Naml 27:37

Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müt’i olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və xar vəziyyətdə çıxardarıq!”

Verse 38 — Surah An-Naml 27:38

(Süleyman) dedi: “Ey ə’yanlar! Onlar müt’i vəziyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”

Verse 39 — Surah An-Naml 27:39

Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, e’tibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, lə’l-cəvahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”

Verse 40 — Surah An-Naml 27:40

(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi (Cəbrail, yaxud Xızır və ya Süleymanın çox ağıllı və tədbirli vəziri Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun ne’mətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim (Rəbbimin ne’mətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir)

Verse 41 — Surah An-Naml 27:41

(Süleyman) dedi: “(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya yox?!”

Verse 42 — Surah An-Naml 27:42

(Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi:) “Bizə ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müt’i (müsəlman) olmuşuq!”

Verse 43 — Surah An-Naml 27:43

(Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). Çünki o, kafir bir tayfadan idi

Verse 44 — Surah An-Naml 27:44

(Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: “Saraya daxil ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!” – dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!”

Verse 45 — Surah An-Naml 27:45

Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər) göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən (düşmənçilik edən) iki firqəyə (mö’minlərə və kafirlərə) ayrıldılar

Verse 46 — Surah An-Naml 27:46

(Saleh) dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? (Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”

Verse 47 — Surah An-Naml 27:47

Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Ayağınız bizə düşmədiyi üçüb pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq). (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz

Verse 48 — Surah An-Naml 27:48

(Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər

Verse 49 — Surah An-Naml 27:49

Onlar öz aralarında Allaha and içib belə dedilər: “Biz gecə ona və ailəsinə (yaxud ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!”

Verse 50 — Surah An-Naml 27:50

Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik

Verse 51 — Surah An-Naml 27:51

(Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik

Verse 52 — Surah An-Naml 27:52

Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır

Verse 53 — Surah An-Naml 27:53

İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik

Verse 54 — Surah An-Naml 27:54

Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz)

Verse 55 — Surah An-Naml 27:55

Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!”

Verse 56 — Surah An-Naml 27:56

(Lut) tayfasının cavabı yalnız: “Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!” – deməkləri olmuşdu

Verse 57 — Surah An-Naml 27:57

Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik)

Verse 58 — Surah An-Naml 27:58

Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vaxitəsilə Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş

Verse 59 — Surah An-Naml 27:59

(Ya Rəsulum!) De: “Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları (bütlər)

Verse 60 — Surah An-Naml 27:60

(Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir qövmdürlər)

Verse 61 — Surah An-Naml 27:61

(Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan, üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini, Onun nə qədər əzəmətli olduğunu) bilmirlər

Verse 62 — Surah An-Naml 27:62

(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız

Verse 63 — Surah An-Naml 27:63

Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?! Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır

Verse 64 — Surah An-Naml 27:64

Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?” De: “(Ey müşriklər!) Əgər (Allahın şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!”

Verse 65 — Surah An-Naml 27:65

(Ya Rəsulum!) De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər

Verse 66 — Surah An-Naml 27:66

Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar (axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!” (Müşriklər axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda verməyəcəkdir)

Verse 67 — Surah An-Naml 27:67

Kafirlər dedilər: “Məgər bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib qəbirlərimizdən) çıxardılacağıq

Verse 68 — Surah An-Naml 27:68

Həqiqətən, bu (dirilmə) bizə və’d olunduğu kimi, öncə atalarımıza da (və’d olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!”

Verse 69 — Surah An-Naml 27:69

(Ya Rəsulum!) De: “Yer üzünü gəzib-dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!”

Verse 70 — Surah An-Naml 27:70

(Ya Peyğəmbərim!) Onlardan (kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə və (sənə qarşı) qurduqlarına (hiylələrə) görə də ürəyini qısma

Verse 71 — Surah An-Naml 27:71

Onlar: Əgər doğru danışırsınızsa, (deyin görək) bu və’d (bizi qorxutduğunuz əzab və’dəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar

Verse 72 — Surah An-Naml 27:72

De: “Tez-tələsik istədiyiniz (əzabın) bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!” (Müşriklər onlara və’d olunan əzabın bir hissəsini Ühüd vuruşunda daddılar, qalanını isə Cəhənnəmdə dadacaqlar)

Verse 73 — Surah An-Naml 27:73

(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz

Verse 74 — Surah An-Naml 27:74

Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar etdikləri hər şeyi (qəlblərin sirlərini və açıq-aşkar əməllərini) bilir

Verse 75 — Surah An-Naml 27:75

Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın

Verse 76 — Surah An-Naml 27:76

Həqiqətən, bu Qur’an İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini anladıb xəbər verir

Verse 77 — Surah An-Naml 27:77

Və şübhəsiz ki, o mö’minlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir

Verse 78 — Surah An-Naml 27:78

Həqiqətən, sənin Rəbbin onların (dini məsələlərdə ixtilafda olanların) arasında Öz hökmünü (ədalətlə) verəcəkdir. O, (hər şeyə) qalib olandır, (hər şeyi) biləndir

Verse 79 — Surah An-Naml 27:79

(Ya Rəsulum!) Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən (haqq yoldasan)

Verse 80 — Surah An-Naml 27:80

Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara (haqqa) çağırışı eşitdirə bilərsən

Verse 81 — Surah An-Naml 27:81

Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən inanıb Ona canla-başla itaət edərlər)

Verse 82 — Surah An-Naml 27:82

Onlara deyilən söz yerinə yetdiyi (qiyamət yaxınlaşdığı) zaman onlar üçün yerdən (mö’minlərlə kafirləri xüsusi nişanla bir-birlərindən ayıran) bir heyvan çıxardarıq ki, onlarla danışıb (Bizim adımızdan): “İnsanlar ayələrimizə inanmırdılar!” – deyər

Verse 83 — Surah An-Naml 27:83

O gün hər ümmətdən ayələrimizi təkzib edənləri dəstə-dəstə yığarıq. Sonra onlar (bir yerə cəm edilib məhşərə) sürüklənərlər

Verse 84 — Surah An-Naml 27:84

Onlar (haqq-hesab yerinə) gəlib çatdıqda (Allah) buyurar: “Ayələrimizi anlamadığınız (bilmədiyiniz) halda, onları yalanmı hesab edirdiniz? Yaxud siz (dünyada) nə edirdiniz? (O nə iş idi ki, görürdünüz?)”

Verse 85 — Surah An-Naml 27:85

Etdikləri zülm (küfr) üzündən onlara deyilən söz yerinə yetər (və’d olunduqları əzab, müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər

Verse 86 — Surah An-Naml 27:86

Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır

Verse 87 — Surah An-Naml 27:87

Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müt’i (zəlil) vəziyyətdə gələr

Verse 88 — Surah An-Naml 27:88

(O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla (yerli-yerində) edən Allahın gördüyü işdir. Həqiqətən, O, etdiyiniz (bütün) əməllərdən xəbərdardır

Verse 89 — Surah An-Naml 27:89

Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (tövhid kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar

Verse 90 — Surah An-Naml 27:90

(Rəbbinin hüzuruna) pis əməllə gələnlər isə cəhənnəm oduna üzüstə atılarlar. (Mələklər onlara belə deyərlər:) “Bu, yalnız (dünyadakı pis) əməllərinizin cəzasıdır! (Sizə artıq heç bir şey edilmir!)”

Verse 91 — Surah An-Naml 27:91

(Ya Rəsulum! De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr olumuşdur. Elə bir şəhər ki, (Rəbbim) onu müqəddəs tutmuşdur. (Orada qan tökmək, bir kəsə zülm etmək qadağan olunmuşdur. Başqa yerdə halal olan şeylər orada haram buyurulmuşdur). Hər şey yalnız Onundur. Mənə müsəlman (Allaha təslim) olmaq əmr edilmişdir

Verse 92 — Surah An-Naml 27:92

Və mənə Qur’an oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!” (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm)

Verse 93 — Surah An-Naml 27:93

Və de: “Həmd olsun Allaha! O Öz ayələrini (qüdrət nişanələrini) sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən (Məkkə müşrikləri və kafirlərin gördüyü işlərdən) əsla xəbərsiz deyildir!”