Back to Languages

Azerbaijani - Chapter 3 - Al-Imran

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Imran 3:1

Verse 2 — Surah Al-Imran 3:2

Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur

Verse 3 — Surah Al-Imran 3:3

Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Qur’anı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi

Verse 4 — Surah Al-Imran 3:4

Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir

Verse 5 — Surah Al-Imran 3:5

Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz

Verse 6 — Surah Al-Imran 3:6

Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur

Verse 7 — Surah Al-Imran 3:7

(Ya Rəsulum!) Sənə Kitabı (Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mə’nasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər

Verse 8 — Surah Al-Imran 3:8

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, ne’mət) bəxş edənsən

Verse 9 — Surah Al-Imran 3:9

Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz və’dəsindən əsla dönməz

Verse 10 — Surah Al-Imran 3:10

Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar

Verse 11 — Surah Al-Imran 3:11

Bunların adəti Fir’on camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir

Verse 12 — Surah Al-Imran 3:12

(Ya Rəsulum!) Kafir olanlara de: “Siz (tezliklə) məğlub olacaq və Cəhənnəmə sürüklənəcəksiniz!” (Cəhənnəm) necə də pis yerdir

Verse 13 — Surah Al-Imran 3:13

(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Mö’minlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Mö’minlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər mö’minləri iki özləri qədər, yə’ni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yə’ni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir

Verse 14 — Surah Al-Imran 3:14

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır

Verse 15 — Surah Al-Imran 3:15

(Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük ne’mət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir

Verse 16 — Surah Al-Imran 3:16

O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər

Verse 17 — Surah Al-Imran 3:17

Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)

Verse 18 — Surah Al-Imran 3:18

Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər

Verse 19 — Surah Al-Imran 3:19

Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir

Verse 20 — Surah Al-Imran 3:20

(Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm”. Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: “Siz də təslim (müsəlman) oldunuzmu?” Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı) təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir

Verse 21 — Surah Al-Imran 3:21

(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver

Verse 22 — Surah Al-Imran 3:22

O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır

Verse 23 — Surah Al-Imran 3:23

Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) də’vət olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) dönüklük edəndirlər (haqdan üz çevirəndirlər)

Verse 24 — Surah Al-Imran 3:24

Bu (dönüklük) onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) aldadıb yoldan çıxartmışdır

Verse 25 — Surah Al-Imran 3:25

Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir

Verse 26 — Surah Al-Imran 3:26

(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən

Verse 27 — Surah Al-Imran 3:27

Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”

Verse 28 — Surah Al-Imran 3:28

Mö’minlər mö’minləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır)

Verse 29 — Surah Al-Imran 3:29

(Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir

Verse 30 — Surah Al-Imran 3:30

O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”

Verse 31 — Surah Al-Imran 3:31

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

Verse 32 — Surah Al-Imran 3:32

Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”

Verse 33 — Surah Al-Imran 3:33

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi

Verse 34 — Surah Al-Imran 3:34

Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir

Verse 35 — Surah Al-Imran 3:35

(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla

Verse 36 — Surah Al-Imran 3:36

Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qiz kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məl’un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi)

Verse 37 — Surah Al-Imran 3:37

Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər

Verse 38 — Surah Al-Imran 3:38

(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”

Verse 39 — Surah Al-Imran 3:39

(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”

Verse 40 — Surah Al-Imran 3:40

(Zəkəriyya:) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “– söylədi. (Allah isə:) “(Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, - deyə buyurdu

Verse 41 — Surah Al-Imran 3:41

(Zəkəriyya:) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah:) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!” buyurdu

Verse 42 — Surah Al-Imran 3:42

(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur

Verse 43 — Surah Al-Imran 3:43

Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”

Verse 44 — Surah Al-Imran 3:44

(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin

Verse 45 — Surah Al-Imran 3:45

Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır

Verse 46 — Surah Al-Imran 3:46

O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”

Verse 47 — Surah Al-Imran 3:47

(Məryəm:) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar

Verse 48 — Surah Al-Imran 3:48

(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək

Verse 49 — Surah Al-Imran 3:49

Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) “Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö’minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır

Verse 50 — Surah Al-Imran 3:50

Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bə’zi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir mö’cüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin

Verse 51 — Surah Al-Imran 3:51

Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol

Verse 52 — Surah Al-Imran 3:52

İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”

Verse 53 — Surah Al-Imran 3:53

(Həvarilər dedilər:) “Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!”

Verse 54 — Surah Al-Imran 3:54

Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)

Verse 55 — Surah Al-Imran 3:55

O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm

Verse 56 — Surah Al-Imran 3:56

Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!”

Verse 57 — Surah Al-Imran 3:57

İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz

Verse 58 — Surah Al-Imran 3:58

(Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qur’andan Cəbrail vasitəsilə) sənə söyləyirik

Verse 59 — Surah Al-Imran 3:59

Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu

Verse 60 — Surah Al-Imran 3:60

(Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma

Verse 61 — Surah Al-Imran 3:61

(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!”

Verse 62 — Surah Al-Imran 3:62

Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir

Verse 63 — Surah Al-Imran 3:63

Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır

Verse 64 — Surah Al-Imran 3:64

(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”

Verse 65 — Surah Al-Imran 3:65

Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz

Verse 66 — Surah Al-Imran 3:66

Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz

Verse 67 — Surah Al-Imran 3:67

İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi

Verse 68 — Surah Al-Imran 3:68

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur

Verse 69 — Surah Al-Imran 3:69

Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər

Verse 70 — Surah Al-Imran 3:70

Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar edirsiniz

Verse 71 — Surah Al-Imran 3:71

Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz

Verse 72 — Surah Al-Imran 3:72

Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Mö’minlərə nazil edilənə (Qur’ana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (mö’minlər öz dinlərindən) üz döndərsinlər

Verse 73 — Surah Al-Imran 3:73

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” (Ya Rəsulum! Onlara) söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur”. (Yəhudilər öz adamlarına dedilər:) “Sizə verilən şeyin (Tövratın və bə’zi digər ne’mətlərin) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə (inanmayın)!” (Ya Rəsulum!) De: “Həqiqətən, ne’mət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!”

Verse 74 — Surah Al-Imran 3:74

(Allah) Öz ne’mətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir

Verse 75 — Surah Al-Imran 3:75

Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər

Verse 76 — Surah Al-Imran 3:76

Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər

Verse 77 — Surah Al-Imran 3:77

Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir

Verse 78 — Surah Al-Imran 3:78

(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”,- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər

Verse 79 — Surah Al-Imran 3:79

Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər

Verse 80 — Surah Al-Imran 3:80

O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr edərmi

Verse 81 — Surah Al-Imran 3:81

(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu

Verse 82 — Surah Al-Imran 3:82

Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir)

Verse 83 — Surah Al-Imran 3:83

Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar

Verse 84 — Surah Al-Imran 3:84

(Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”

Verse 85 — Surah Al-Imran 3:85

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar

Verse 86 — Surah Al-Imran 3:86

İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz

Verse 87 — Surah Al-Imran 3:87

Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lə’nətinə düçar olmaqdır

Verse 88 — Surah Al-Imran 3:88

Onlar bu lə’nət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır

Verse 89 — Surah Al-Imran 3:89

Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir

Verse 90 — Surah Al-Imran 3:90

İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır

Verse 91 — Surah Al-Imran 3:91

Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz

Verse 92 — Surah Al-Imran 3:92

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir

Verse 93 — Surah Al-Imran 3:93

Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə’qub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!”

Verse 94 — Surah Al-Imran 3:94

Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir

Verse 95 — Surah Al-Imran 3:95

(Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi”

Verse 96 — Surah Al-Imran 3:96

Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə’bəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır

Verse 97 — Surah Al-Imran 3:97

Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir

Verse 98 — Surah Al-Imran 3:98

De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?”

Verse 99 — Surah Al-Imran 3:99

De: “Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir”

Verse 100 — Surah Al-Imran 3:100

Ey mö’minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər

Verse 101 — Surah Al-Imran 3:101

Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha (Onun dininə) sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir

Verse 102 — Surah Al-Imran 3:102

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün

Verse 103 — Surah Al-Imran 3:103

Hamılıqla Allahın ipinə (dininə, Qur’ana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi ne’mətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun ne’məti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız

Verse 104 — Surah Al-Imran 3:104

(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir

Verse 105 — Surah Al-Imran 3:105

(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar

Verse 106 — Surah Al-Imran 3:106

Bə’zi üzlərin ağ, bə’zi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir

Verse 107 — Surah Al-Imran 3:107

Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar

Verse 108 — Surah Al-Imran 3:108

Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz

Verse 109 — Surah Al-Imran 3:109

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır

Verse 110 — Surah Al-Imran 3:110

(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bə’zi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır

Verse 111 — Surah Al-Imran 3:111

Onlar (yəhudilər) sizə (dil ilə) əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz

Verse 112 — Surah Al-Imran 3:112

Onlara (yəhudilərə), harada olursa olsunlar, zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla (islamı qəbul etməklə, yaxud öz dinlərində qalıb müsəlmanlara cizyə verməklə) xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar

Verse 113 — Surah Al-Imran 3:113

Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar

Verse 114 — Surah Al-Imran 3:114

Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər

Verse 115 — Surah Al-Imran 3:115

Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır

Verse 116 — Surah Al-Imran 3:116

Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar

Verse 117 — Surah Al-Imran 3:117

Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər

Verse 118 — Surah Al-Imran 3:118

Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik

Verse 119 — Surah Al-Imran 3:119

Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir

Verse 120 — Surah Al-Imran 3:120

Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir

Verse 121 — Surah Al-Imran 3:121

(Ya Rəsulum!) Sən müharibədən ötrü mö’minlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir

Verse 122 — Surah Al-Imran 3:122

(O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək mö’minlər (hər işdə) Allaha təvəkkül etsinlər

Verse 123 — Surah Al-Imran 3:123

(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun

Verse 124 — Surah Al-Imran 3:124

O zaman sən mö’minlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”

Verse 125 — Surah Al-Imran 3:125

Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər

Verse 126 — Surah Al-Imran 3:126

Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki

Verse 127 — Surah Al-Imran 3:127

O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər

Verse 128 — Surah Al-Imran 3:128

(Ya Rəsulum!) Bu işdə sənə dəxli olan bir şey yoxdur. (Allah) ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər, çünki onlar, həqiqətən, zalım kimsələrdir

Verse 129 — Surah Al-Imran 3:129

Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O, istədiyini bağışlar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir

Verse 130 — Surah Al-Imran 3:130

Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız

Verse 131 — Surah Al-Imran 3:131

Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin

Verse 132 — Surah Al-Imran 3:132

Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız

Verse 133 — Surah Al-Imran 3:133

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin

Verse 134 — Surah Al-Imran 3:134

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər

Verse 135 — Surah Al-Imran 3:135

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar

Verse 136 — Surah Al-Imran 3:136

Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir

Verse 137 — Surah Al-Imran 3:137

(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün

Verse 138 — Surah Al-Imran 3:138

Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir

Verse 139 — Surah Al-Imran 3:139

(Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz

Verse 140 — Surah Al-Imran 3:140

Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz

Verse 141 — Surah Al-Imran 3:141

(Bu həm də) Allahın iman gətirənləri (günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür

Verse 142 — Surah Al-Imran 3:142

Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (bəlliləşdirib bir-birindən) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz

Verse 143 — Surah Al-Imran 3:143

Siz (Bədr vuruşunda) ölümlə qarşılaşmadan əvvəl ölüm (şəhid olmaq) arzulayırdınız. (Ühüd vuruşunda isə) artıq onu gördünüz və durub baxdınız

Verse 144 — Surah Al-Imran 3:144

Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər

Verse 145 — Surah Al-Imran 3:145

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır. (Cihadda) dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükür edənləri də, əlbəttə, mükafatlandıracağıq

Verse 146 — Surah Al-Imran 3:146

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər

Verse 147 — Surah Al-Imran 3:147

Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır

Verse 148 — Surah Al-Imran 3:148

Nəhayət, Allah onlara həm dünya ne’mətlərini, həm də ən gözəl axirət ne’mətini (Cənnəti) verdi. Allah yaxşı iş görənləri sevər

Verse 149 — Surah Al-Imran 3:149

Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz

Verse 150 — Surah Al-Imran 3:150

Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır

Verse 151 — Surah Al-Imran 3:151

Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yer nə pisdir

Verse 152 — Surah Al-Imran 3:152

(Ühüd müharibəsində) siz onları Allahın iznilə əzib-qırdığınız zaman, Allah sizə verdiyi və’dinə sadiq çıxdı. Lakin O (Allah) sevdiyiniz şeyi (zəfər və qəniməti) sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və (sizə verilmiş) əmr barəsində bir-birinizlə mübahisə edərək (Peyğəmbərə) qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri isə axirəti istəyirdi. Əlbəttə, O sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı mərhəmətlidir

Verse 153 — Surah Al-Imran 3:153

Siz (düşməndən qaçaraq dağa) qalxdığınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizin qəminizin üstünə qəm gətirməklə (məğlubiyyət, Peyğəmbərin qətl edilməsi barəsindəki yanlış xəbərdən doğan əndişə; onun əmrinə tabe olmamaq nəticəsində üz verən peşmançılıqla) cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəsüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır

Verse 154 — Surah Al-Imran 3:154

Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: “Bu işdə bizim üçün bir şey (xeyir) varmı?” – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. (Ya Rəsulum!) Onlara de: “Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)”. Onlar (münafiqlər) sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: “Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik”, - deyirlər. (Ya Rəsulum!) De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!”

Verse 155 — Surah Al-Imran 3:155

(Ühüd müharibəsində) iki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri Şeytan, məhz etdikləri bə’zi əməllərlə (Peyğəmbərin əmrinə asi olmaqla) yoldan çıxmağa (büdrəməyə) məcbur etdi. (Tövbə etdikdən sonra) Allah artıq onları bağışladı. Həqiqətən, Allah bağışlayandır, həlimdir

Verse 156 — Surah Al-Imran 3:156

Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş (orada vəfat etmiş və ya öldürülmüş) qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, - deyən kafirlər kimi olmayın! Allah bunu (bu əqidəni) onların ürəklərində bir həsrət (yarası) olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir

Verse 157 — Surah Al-Imran 3:157

Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, (kafirlərin dünyada) topladıqları şeylərdən (sərvətdən) daha xeyirlidir

Verse 158 — Surah Al-Imran 3:158

Ölsəniz də, öldürülsəniz də, (axırda) mütləq Allahın hüzuruna toplanacaqsınız

Verse 159 — Surah Al-Imran 3:159

(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər

Verse 160 — Surah Al-Imran 3:160

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də mö’minlər Allaha təvəkkül etsinlər

Verse 161 — Surah Al-Imran 3:161

Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə (boynuna yüklənmiş halda) gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz

Verse 162 — Surah Al-Imran 3:162

Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. O yer necə də pisdir

Verse 163 — Surah Al-Imran 3:163

Onların Allah yanında (bir-birindən fərqli) dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir

Verse 164 — Surah Al-Imran 3:164

Allah mö’minlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Qur’anı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər

Verse 165 — Surah Al-Imran 3:165

Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: “Bu haradan gəldi?” – dediniz. (Ya Rəsulum!) Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir

Verse 166 — Surah Al-Imran 3:166

(Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın iznilə oldu ki, mö’minləri ayırd etsin

Verse 167 — Surah Al-Imran 3:167

Və münafiqləri onlardan fərqləndirsin. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! (Düşmənin hücumunu dəf edin!) – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir

Verse 168 — Surah Al-Imran 3:168

(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!”

Verse 169 — Surah Al-Imran 3:169

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur

Verse 170 — Surah Al-Imran 3:170

Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi ne’mətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər

Verse 171 — Surah Al-Imran 3:171

Onlar Allahdan gələn ne’mət və mərhəmətə görə, həm də Allahın mö’minlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar

Verse 172 — Surah Al-Imran 3:172

Yaralandıqdan sonra Allahın və Peyğəmbərin də’vətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir

Verse 173 — Surah Al-Imran 3:173

O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər

Verse 174 — Surah Al-Imran 3:174

Sonra da Allahın ne’məti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir

Verse 175 — Surah Al-Imran 3:175

Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö’minsinizsə, Məndən qorxun

Verse 176 — Surah Al-Imran 3:176

Küfrə can atanlar səni kədərləndirməsin! Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir

Verse 177 — Surah Al-Imran 3:177

Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar

Verse 178 — Surah Al-Imran 3:178

Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər

Verse 179 — Surah Al-Imran 3:179

Allah pisi yaxşıdan (münafiqi mö’mindən) ayırmaq üçün mö’minləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin, Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bə’zi şeylər bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir

Verse 180 — Surah Al-Imran 3:180

Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır

Verse 181 — Surah Al-Imran 3:181

“Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: “Dadın atəşin əzabını!” – deyəcəyik

Verse 182 — Surah Al-Imran 3:182

Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir

Verse 183 — Surah Al-Imran 3:183

“Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö’cüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”

Verse 184 — Surah Al-Imran 3:184

(Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq mö’cüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar

Verse 185 — Surah Al-Imran 3:185

Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir

Verse 186 — Surah Al-Imran 3:186

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir

Verse 187 — Surah Al-Imran 3:187

(Ya Rəsulum!) Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir

Verse 188 — Surah Al-Imran 3:188

(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tə’rif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir

Verse 189 — Surah Al-Imran 3:189

Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir

Verse 190 — Surah Al-Imran 3:190

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır

Verse 191 — Surah Al-Imran 3:191

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru

Verse 192 — Surah Al-Imran 3:192

Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz

Verse 193 — Surah Al-Imran 3:193

Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al

Verse 194 — Surah Al-Imran 3:194

Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!”

Verse 195 — Surah Al-Imran 3:195

Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”

Verse 196 — Surah Al-Imran 3:196

(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın

Verse 197 — Surah Al-Imran 3:197

Bu, (axirət ne’mətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır

Verse 198 — Surah Al-Imran 3:198

Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan ne’mətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir

Verse 199 — Surah Al-Imran 3:199

Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qur’ana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir

Verse 200 — Surah Al-Imran 3:200

Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız