Back to Languages

Azerbaijani - Chapter 38 - Sad

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Sad 38:1

Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun

Verse 2 — Surah Sad 38:2

(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar)

Verse 3 — Surah Sad 38:3

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi

Verse 4 — Surah Sad 38:4

Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır

Verse 5 — Surah Sad 38:5

Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir

Verse 6 — Surah Sad 38:6

Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir)

Verse 7 — Surah Sad 38:7

Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır

Verse 8 — Surah Sad 38:8

Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar

Verse 9 — Surah Sad 38:9

Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur

Verse 10 — Surah Sad 38:10

Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər)

Verse 11 — Surah Sad 38:11

Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar

Verse 12 — Surah Sad 38:12

Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi

Verse 13 — Surah Sad 38:13

Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) – bu firqələrin

Verse 14 — Surah Sad 38:14

Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu

Verse 15 — Surah Sad 38:15

Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz

Verse 16 — Surah Sad 38:16

Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər

Verse 17 — Surah Sad 38:17

(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi)

Verse 18 — Surah Sad 38:18

Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şə’ninə tə’riflər deyərdilər

Verse 19 — Surah Sad 38:19

Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi

Verse 20 — Surah Sad 38:20

Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı)

Verse 21 — Surah Sad 38:21

(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) mə’bədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər

Verse 22 — Surah Sad 38:22

Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”

Verse 23 — Surah Sad 38:23

(Onlardan biri dedi:) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”

Verse 24 — Surah Sad 38:24

(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi

Verse 25 — Surah Sad 38:25

Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət gözləyir)

Verse 26 — Surah Sad 38:26

Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir

Verse 27 — Surah Sad 38:27

Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına

Verse 28 — Surah Sad 38:28

Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik

Verse 29 — Surah Sad 38:29

(Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar

Verse 30 — Surah Sad 38:30

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi)

Verse 31 — Surah Sad 38:31

(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman

Verse 32 — Surah Sad 38:32

O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”

Verse 33 — Surah Sad 38:33

(Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı)

Verse 34 — Surah Sad 38:34

And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı

Verse 35 — Surah Sad 38:35

(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi)

Verse 36 — Surah Sad 38:36

Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi

Verse 37 — Surah Sad 38:37

(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası

Verse 38 — Surah Sad 38:38

Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)

Verse 39 — Surah Sad 38:39

(Və ona belə buyurduq:) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu ne’mətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)”

Verse 40 — Surah Sad 38:40

Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət vardır)

Verse 41 — Surah Sad 38:41

(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

Verse 42 — Surah Sad 38:42

(Ona belə buyurduq:) “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi)

Verse 43 — Surah Sad 38:43

Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq

Verse 44 — Surah Sad 38:44

(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq:) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi

Verse 45 — Surah Sad 38:45

(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə’qubu da yad et

Verse 46 — Surah Sad 38:46

Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər)

Verse 47 — Surah Sad 38:47

Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər

Verse 48 — Surah Sad 38:48

(Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir

Verse 49 — Surah Sad 38:49

Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir

Verse 50 — Surah Sad 38:50

Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri

Verse 51 — Surah Sad 38:51

Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər

Verse 52 — Surah Sad 38:52

Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır

Verse 53 — Surah Sad 38:53

Haqq-hesab günü üçün (axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır

Verse 54 — Surah Sad 38:54

Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir

Verse 55 — Surah Sad 38:55

Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri

Verse 56 — Surah Sad 38:56

Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir

Verse 57 — Surah Sad 38:57

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar

Verse 58 — Surah Sad 38:58

(Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır

Verse 59 — Surah Sad 38:59

(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər:) “Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!”

Verse 60 — Surah Sad 38:60

(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir

Verse 61 — Surah Sad 38:61

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”

Verse 62 — Surah Sad 38:62

(Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: “(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük

Verse 63 — Surah Sad 38:63

Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!”

Verse 64 — Surah Sad 38:64

Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir

Verse 65 — Surah Sad 38:65

(Ya Rəsulum!) De: “Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur

Verse 66 — Surah Sad 38:66

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır

Verse 67 — Surah Sad 38:67

De: “O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir

Verse 68 — Surah Sad 38:68

Siz isə ondan üz döndərirsiniz

Verse 69 — Surah Sad 38:69

(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi

Verse 70 — Surah Sad 38:70

(Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!”

Verse 71 — Surah Sad 38:71

(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam

Verse 72 — Surah Sad 38:72

Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”

Verse 73 — Surah Sad 38:73

Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi

Verse 74 — Surah Sad 38:74

Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu

Verse 75 — Surah Sad 38:75

(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”

Verse 76 — Surah Sad 38:76

(İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

Verse 77 — Surah Sad 38:77

(Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən

Verse 78 — Surah Sad 38:78

Qiyamət gününə qədər Mənim lə’nətim sənin üstündən əskik olmasın!”

Verse 79 — Surah Sad 38:79

(İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”

Verse 80 — Surah Sad 38:80

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən

Verse 81 — Surah Sad 38:81

(Dərgahımda) vaxtı mə’lum olan günə (qiyamətə) qədər!”

Verse 82 — Surah Sad 38:82

(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam

Verse 83 — Surah Sad 38:83

Yalnız Sənin sadiq bəndələrindən başqa

Verse 84 — Surah Sad 38:84

(Allah) buyurdu, “Həqiqətən, doğru deyirəm

Verse 85 — Surah Sad 38:85

And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”

Verse 86 — Surah Sad 38:86

(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur’an mənim sözüm deyil, Allah kəlamıdır)

Verse 87 — Surah Sad 38:87

Bu (Qur’an) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir

Verse 88 — Surah Sad 38:88

Siz onun verdiyi xəbəri (Qur’anda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!”