Back to Languages

Azerbaijani - Chapter 39 - Az-Zumar

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Az-Zumar 39:1

Kitabın (Qur’anın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir

Verse 2 — Surah Az-Zumar 39:2

(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et! (Bütpərəstlər kimi Ona şərik qoşma. Allaha ixlasla tapın)

Verse 3 — Surah Az-Zumar 39:3

Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz

Verse 4 — Surah Az-Zumar 39:4

Əgər Allah özünə övlad götürmək istəsəydi, yaratdıqlarından istədiyini (özü də ən mükəmməlini) seçərdi. O, pakdır, müqəddəsdir! (Allaha övlad götürmək yaraşmaz. Bütün kainat Allahın qüdrət əsəri ola-ola Onun övlada nə ehtiyacı vardır?!) O, bir olan, (hər şeyi) qəhr edən (hər şeyə gücü yetən) Allahdır

Verse 5 — Surah Az-Zumar 39:5

(Allah) göyləri və yeri haqq olaraq (hikmətlə) yaratdı. O, gecəni gündüzə, gündüzü də gecəyə qatar (gah gündüzü, gah da gecəni uzadar). O günəşi və ayı ram (bəndələrinin mənafeyinə tabe) etdi. Onların hər biri müəyyən bir müddətədək (qiyamət gününə qədər) hərəkət edər. Agah olun ki, O, yenilməz qüvvət sahibidir, (günahları) çox bağışlayandır

Verse 6 — Surah Az-Zumar 39:6

Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz)

Verse 7 — Surah Az-Zumar 39:7

Əgər küfr etsəniz (Allahın ne’mətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın ne’mətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir

Verse 8 — Surah Az-Zumar 39:8

İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir ne’mət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: “Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”

Verse 9 — Surah Az-Zumar 39:9

Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müt’i bəndə kafirlə bildirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”

Verse 10 — Surah Az-Zumar 39:10

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənlərə (axirətdə) yaxşılıq (Cənnət) vardır. Allahın yeri genişdir (sizə bir çətinlik üz versə, başqa ölkələrə hicrət edə bilərsiniz). Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir!”

Verse 11 — Surah Az-Zumar 39:11

De: “Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur

Verse 12 — Surah Az-Zumar 39:12

Mənə (bu ümmətdən) ilk müsəlman olmaq buyurulmuşdur!”

Verse 13 — Surah Az-Zumar 39:13

De: “Əgər Rəbbimə asi olsam.., doğrusu, böyük günün (müdhiş günün, qiyamətin) əzabından qorxuram!”

Verse 14 — Surah Az-Zumar 39:14

De: “Mən Allaha dinimi (ibadət və itaətimi) yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) tapınıram

Verse 15 — Surah Az-Zumar 39:15

Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”

Verse 16 — Surah Az-Zumar 39:16

Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun

Verse 17 — Surah Az-Zumar 39:17

Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver

Verse 18 — Surah Az-Zumar 39:18

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır

Verse 19 — Surah Az-Zumar 39:19

(Ya Peyğəmbər!) Məgər sən haqqında (lövhi-məhfuzda) əzab sözü (hökmü) vacib olmuş kimsəni (qoruya bilərsənmi)?! Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi

Verse 20 — Surah Az-Zumar 39:20

Lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın və’didir. Allah və’də xilaf çıxmaz

Verse 21 — Surah Az-Zumar 39:21

(Ya Peyğəmbər!) Məgər Allahın göydən yağış yağdırdığını, onu yer üzündəki bulaqlara axıtdığını, sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar, sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrətlər vardır

Verse 22 — Surah Az-Zumar 39:22

Məgər Allahın köksünü (qəlbini) islam üçün açmaqla Rəbbindən nur üzərində olan kəs (qəlbi möhürlənmiş kimsə kimi ola bilərmi)?! [Və ya: Məgər Allahın köksünü (qəlbini) islam üçün açdığı kəs Rəbbindən bir nur üzərində deyilmi?!] Elə isə vay qəlbləri Allahın zikrinə (Qur’ana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar

Verse 23 — Surah Az-Zumar 39:23

Allah sözün ən gözəlini (Qur’anı, ayələri) bir-birinə bənzər, (xəbərləri və hekayətləri, əmrləri və qadağanları, və’dləri və təhdidləri) təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Qur’anın təhdidlərindən) Rəbbindən qorxanların tükləri biz-biz olar. Allahın zikrindən (öyüd-nəsihətlərindən, və’dlərindən) sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Qur’an) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın (küfr edəcəyini əzəldən bildiyi üçün) yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz

Verse 24 — Surah Az-Zumar 39:24

Məgər qiyamət günü (əli bağlı olduğu üçün) şiddətli əzabdan üzü ilə qorunan (yaxud cəhənnəm oduna üzüstə atılan kəs əzabdan əmin olan və ya Cənnətə daxil olan kimsə kimi ola bilərmi)?! Zalımlara (kafirlərə): “Etdiyiniz əməllərin cəzasını dadın!” – deyilər

Verse 25 — Surah Az-Zumar 39:25

Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (peyğəmbərləri) təkzib etmişdilər. Buna görə də heç özləri bilmədikləri yerdən onlara əzab gəlmişdi

Verse 26 — Surah Az-Zumar 39:26

Allah rüsvayçılığı onlara dünyada daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər

Verse 27 — Surah Az-Zumar 39:27

Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər

Verse 28 — Surah Az-Zumar 39:28

Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Qur’an nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər

Verse 29 — Surah Az-Zumar 39:29

Allah (müşriklərlə müvəhhid mö’minlər barəsində) bir məsəl çəkir: “Bir adamın (kölənin) bir-biri ilə çəkişən (pis xasiyyətli) bir neçə şərikli ağası var (hərəsi onu haqqı çatan qədər işlədir). Başqa bir adamın da yalnız bir ağası var (təkcə ona xidmət edir). Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tə’rif) ancaq Allaha məxsusdur, lakin onların (müşriklərin) əksəriyyəti (bu həqiqəti) bilməz

Verse 30 — Surah Az-Zumar 39:30

(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər

Verse 31 — Surah Az-Zumar 39:31

Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda mübahisə edəcəksiniz

Verse 32 — Surah Az-Zumar 39:32

Allaha qarşı yalan uydurub söyləyən (Allaha övlad isnad edən, Onun şərikləri olduğunu deyən), özünə gələn həqiqəti (Qur’anı, peyğəmbəri) təkzib edən kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! (Əlbəttə, vardır)

Verse 33 — Surah Az-Zumar 39:33

Haqqı (Qur’anı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və mö’minlər) isə əsl müttəqilərdir

Verse 34 — Surah Az-Zumar 39:34

Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur

Verse 35 — Surah Az-Zumar 39:35

Allah (bununla) onların etdikləri ən pis işlərin üstünü örtəcək və gördükləri ən yaxşı işlərə görə onları mükafatlandıracaqdır (yaxud etdikləri əməllərin ən gözəl mükafatını verəcəkdir)

Verse 36 — Surah Az-Zumar 39:36

(Ya Peyğəmbər!) Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?! Onlar (müşriklər) isə səni Ondan qeyriləri (öz bütləri, tanrıları) ilə qorxudurlar. Allahın yoldan çıxartdığı kimsəyə heç kəs yol göstərə bilməz

Verse 37 — Surah Az-Zumar 39:37

Allahın doğru yola saldığı kimsəni də heç kəs yoldan çıxarda bilməz. Məgər Allah (mülkündə hər şeyə qalib olan) yenilməz qüvvət sahibi, intiqam sahibi deyilmi

Verse 38 — Surah Az-Zumar 39:38

Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”

Verse 39 — Surah Az-Zumar 39:39

De: “Ey qövmüm! Siz özünüzə uyğun tərzdə işinizi görün, mən də özümə münasib şəkildə işimi görəcəyəm (və ya siz əlinizdən gələni edin, mən də əlimdən gələni edəcəyəm). Siz mütləq biləcəksiniz ki

Verse 40 — Surah Az-Zumar 39:40

Rüsvayçı əzab kimə gələcək, kim həmişəlik əzaba düçar olacaqdır!”

Verse 41 — Surah Az-Zumar 39:41

(Ya Peyğəmbər!) Biz Kitabı (Qur’anı) insanlar üçün sənə haqq olaraq nazil etdik. Kim doğru yolda olsa, özü üçün (öz xeyrinə) olar. Kim (haqq yoldan) çıxsa, zərəri özünə yetişər. Sən onlara vəkil deyirsən

Verse 42 — Surah Az-Zumar 39:42

Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır

Verse 43 — Surah Az-Zumar 39:43

Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (bütləri) şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!”

Verse 44 — Surah Az-Zumar 39:44

De: “Bütün şəfaət yalnız Allaha məxsusdur. Göylərin və yerin hökmü Onun əlindədir. Sonra siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!”

Verse 45 — Surah Az-Zumar 39:45

Allah tək olaraq anıldığı (la ilahə illallah deyildiyi) zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər

Verse 46 — Surah Az-Zumar 39:46

De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları (məsələlər) barəsində Sən hökm edəcəksən!”

Verse 47 — Surah Az-Zumar 39:47

Yer üzündə nə (sərvət) varsa, hamısı, üstəlik bir o qədər də kafirlərin olmuş olsaydı, mütləq onun qiyamət gününün pis əzabından qurtarmaq üçün fidyə verərdilər (lakin onlardan fidyə qəbul olunmaz). Və (o zaman) Allahdan onlara güman etmədikləri (gözləmədikləri əzab) görünəcəkdir

Verse 48 — Surah Az-Zumar 39:48

Onlara (dünyada) etdikləri pis əməllərin cəzası (pis nəticəsi) görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır

Verse 49 — Surah Az-Zumar 39:49

İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir ne’mət ə’ta etdikdə: “Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!” – deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz

Verse 50 — Surah Az-Zumar 39:50

Şübhəsiz ki, bu sözü onlardan (Məkkə müşriklərindən) əvvəlkilər (keçmiş ümmətlər) də demişdilər. Lakin qazandıqları (dünya malı) onlara heç bir fayda vermədi (əzabı onlardan dəf edə bilmədi)

Verse 51 — Surah Az-Zumar 39:51

Onlar etdikləri pis əməllərin cəzasına düçar oldular. Bunların (Məkkə müşriklərinin) zülm edənləri də qazandıqları günahların cəzasına düçar olacaqlar. Onlar (Allahı) aciz buraxan deyillər (qaçıb canlarını əzabımızdan qurtara bilməzlər)

Verse 52 — Surah Az-Zumar 39:52

Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır

Verse 53 — Surah Az-Zumar 39:53

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir

Verse 54 — Surah Az-Zumar 39:54

(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz

Verse 55 — Surah Az-Zumar 39:55

Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qur’ana) tabe olun

Verse 56 — Surah Az-Zumar 39:56

(Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qur’ana, Peyğəmbərə və mö’minlərə) istehza edirdim!” – deməsin

Verse 57 — Surah Az-Zumar 39:57

Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” – söyləməsin

Verse 58 — Surah Az-Zumar 39:58

Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin

Verse 59 — Surah Az-Zumar 39:59

(Onun bu sözlərinin cavabında Allah belə buyurar:) “Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, (iman gətirməyə) təkəbbür göstərdin və kafirlərdən olsun!”

Verse 60 — Surah Az-Zumar 39:60

(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır)

Verse 61 — Surah Az-Zumar 39:61

Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər

Verse 62 — Surah Az-Zumar 39:62

Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir

Verse 63 — Surah Az-Zumar 39:63

Göylərin və yerin açarları (ixtiyarı) Onun əlindədir. Allahın ayələrini inkar edənlər – məhz onlar ziyana uğrayanlardır

Verse 64 — Surah Az-Zumar 39:64

De: “Ey cahillər! (Bütün bunlardan sonra) mənə Allahdan başqasınamı ibadət etməyi əmr edirsiniz?”

Verse 65 — Surah Az-Zumar 39:65

(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan

Verse 66 — Surah Az-Zumar 39:66

Xeyr, yalnız Allaha ibadət et və (Onun ne’mətlərinə) şükür edənlərdən ol!”

Verse 67 — Surah Az-Zumar 39:67

(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır

Verse 68 — Surah Az-Zumar 39:68

Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar

Verse 69 — Surah Az-Zumar 39:69

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab (ortaya) qoyulacaq (hərənin əməl dəftəri öz əlinə veriləcəkdir), peyğəmbərlər və şahidlər (əməlisaleh insanlar və ya mələklər araya) gətiriləcək, onlar (bəndələr) arasında ədalətlə hökm olunacaq və onlara haqsızlıq edilməyəcəkdir

Verse 70 — Surah Az-Zumar 39:70

Hər kəs öz əməlinin cəzası (əvəzi) veriləcəkdir! Allah onların nə etdiklərini ən yaxşı biləndir

Verse 71 — Surah Az-Zumar 39:71

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab verəcəklər

Verse 72 — Surah Az-Zumar 39:72

(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir

Verse 73 — Surah Az-Zumar 39:73

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər

Verse 74 — Surah Az-Zumar 39:74

Onlar isə: “Bizə verdiyi və’dini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” – deyəcəklər

Verse 75 — Surah Az-Zumar 39:75

(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini həmd-səna ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq (mö’minlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə mö’minlər tərəfindən bir ağızdan): “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir