Back to Languages

Azerbaijani - Chapter 68 - Al-Qalam

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Qalam 68:1

Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki

Verse 2 — Surah Al-Qalam 68:2

Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən

Verse 3 — Surah Al-Qalam 68:3

Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir

Verse 4 — Surah Al-Qalam 68:4

Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən

Verse 5 — Surah Al-Qalam 68:5

(Tezliklə) sən də görəcəksən, onlar da görəcəklər

Verse 6 — Surah Al-Qalam 68:6

Hansınızın divanə olduğunu

Verse 7 — Surah Al-Qalam 68:7

Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır

Verse 8 — Surah Al-Qalam 68:8

Elə isə (ya Peyğəmbər! Allahın ayələrini) yalan sayanlara itaət etmə

Verse 9 — Surah Al-Qalam 68:9

(Müşriklər) istərdilər ki, sən onlara yumşaqlıq göstərəsən, onlar da sənə yumşaqlıq göstərsinlər! (Sən onların bütləri barəsində pis söz deməyəsən, onlar da sənə əziyyət verməsinlər və ya sən onların bütlərinə tapınasan, onlar da sənin Allahına ibadət etsinlər)

Verse 10 — Surah Al-Qalam 68:10

(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa

Verse 11 — Surah Al-Qalam 68:11

Qeybət edənə, söz gəzdirənə

Verse 12 — Surah Al-Qalam 68:12

Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana

Verse 13 — Surah Al-Qalam 68:13

Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya

Verse 14 — Surah Al-Qalam 68:14

O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə

Verse 15 — Surah Al-Qalam 68:15

Ayələrimiz ona oxunduğu zaman o: “(Bunlar) qədimlərin əfsanələridir!” – dedi

Verse 16 — Surah Al-Qalam 68:16

Biz (tezliklə) onun burnuna damğa basacağıq

Verse 17 — Surah Al-Qalam 68:17

Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər

Verse 18 — Surah Al-Qalam 68:18

Və heç bir istisna yeri də qoymamışdılar (inşallah deməmişdilər)

Verse 19 — Surah Al-Qalam 68:19

Onlar yuxuda ikən (ya Peyğəmbər!) sənin Rəbbindən o bağa bir bəla gəldi

Verse 20 — Surah Al-Qalam 68:20

Və o (yanıb) qapqara qaraldı (külə döndü)

Verse 21 — Surah Al-Qalam 68:21

Onlar səhər qalxıb bir-birini belə səslədilər

Verse 22 — Surah Al-Qalam 68:22

Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!”

Verse 23 — Surah Al-Qalam 68:23

Nəhayət, yola düşdülər, (yol boyu) bir-birinə xəlvətcə belə deyirdilər

Verse 24 — Surah Al-Qalam 68:24

“(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!”

Verse 25 — Surah Al-Qalam 68:25

Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər

Verse 26 — Surah Al-Qalam 68:26

(Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq

Verse 27 — Surah Al-Qalam 68:27

Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!”

Verse 28 — Surah Al-Qalam 68:28

Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!”

Verse 29 — Surah Al-Qalam 68:29

Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər

Verse 30 — Surah Al-Qalam 68:30

Onlar bir-birini danlamağa başladılar

Verse 31 — Surah Al-Qalam 68:31

Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik

Verse 32 — Surah Al-Qalam 68:32

Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!”

Verse 33 — Surah Al-Qalam 68:33

(Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər

Verse 34 — Surah Al-Qalam 68:34

Həqiqətən, Allahdan qorxub pis əməllərdən çəkinənləri Rəbbi yanında Nəim cənnətləti gözləyir

Verse 35 — Surah Al-Qalam 68:35

Məgər Biz müsəlmanları kafirlərlə eynimi tutacağıq

Verse 36 — Surah Al-Qalam 68:36

(Ey kafirlər! Siz dünyada yoxsul mö’minlərdən var-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı, yaxud ən azı onlarla eyni olacağınızı iddia edirsiniz). Sizə nə olub, necə mühakimə yürüdürsünüz

Verse 37 — Surah Al-Qalam 68:37

Yoxsa (Allahdan nazil olmuş) bir kitabınız vardır ki, (bunları) orada oxuyursunuz

Verse 38 — Surah Al-Qalam 68:38

Yaxud orada bəyənib seçdiyiniz hər şeyin sizin olacağı yazılmışdır

Verse 39 — Surah Al-Qalam 68:39

Və ya hökm edib istədiklərinizin sizin olacağınıza dair Bizdən qiyamət gününədək davam edəcək əhd almısınız

Verse 40 — Surah Al-Qalam 68:40

(Ya Peyğəmbər!) Onlardan soruş ki, hansı biri buna zamindir

Verse 41 — Surah Al-Qalam 68:41

Yoxsa onların (axirətdə müsəlmanlardan üstün və ya onlarla eyni olacaqları barədəki iddialarını təsdiq edən) şərikləri vardır?! Əgər doğru deyirlərsə, qoy şəriklərini gətirsinlər

Verse 42 — Surah Al-Qalam 68:42

İş çətinləşəcəyi (baldırlar açılacağı, lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) də’vət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar

Verse 43 — Surah Al-Qalam 68:43

Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə də’vət olunurdular

Verse 44 — Surah Al-Qalam 68:44

(Ya Peyğəmbər!) Artıq bu kəlamı (Qur’anı) yalan sayanları Mənə tapşır. Biz onları özləri də bilmədən tədriclə əzaba giriftar edərik

Verse 45 — Surah Al-Qalam 68:45

Onlara (daha çox günaha batmaq üçün bir müddət) möhlət verərəm. Həqiqətən Mənim əzabım dözülməz dərəcədə şiddətlidir

Verse 46 — Surah Al-Qalam 68:46

Yoxsa sən (risaləti təbliğ etmək müqabilində) onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar

Verse 47 — Surah Al-Qalam 68:47

Yoxsa qeyb (lövhi-məhfuz) yanlarındadır və onlar (səninlə mübahisə etdikləri məsələləri, qiyamət günü kafirlərin Allah yanında mö’minlərdən üstün olacağını oradan öyrənib) yazırlar

Verse 48 — Surah Al-Qalam 68:48

(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi

Verse 49 — Surah Al-Qalam 68:49

Əgər Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı

Verse 50 — Surah Al-Qalam 68:50

Amma (tövbə etdikdən sonra) Rəbbi onu (Öz bəndələri içərisində) seçdi və salehlərdən (peyğəmbərlərdən) etdi

Verse 51 — Surah Al-Qalam 68:51

(Ya Peyğəmbər!) Həqiqətən, kafirlər Qur’anı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər

Verse 52 — Surah Al-Qalam 68:52

Halbuki bu (Qur’an) aləmlərə (insanlara və cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Onun nazil olduğu kimsə heç vaxt divanə ola bilməz)