Back to Languages

Azerbaijani - Chapter 72 - Al-Jinn

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Jinn 72:1

(Ya Peyğəmbər!) De: “Mənə vəhy olundu ki, bir dəstə cin (Məkkə və Taif arasında sübh namazı vaxtı Qur’anı dinləyib öz həmcinslərinin yanına qayıtdıqları zaman) dedilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Qur’an eşitdik

Verse 2 — Surah Al-Jinn 72:2

O, (xalqa) haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq

Verse 3 — Surah Al-Jinn 72:3

Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq

Verse 4 — Surah Al-Jinn 72:4

Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş

Verse 5 — Surah Al-Jinn 72:5

Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz

Verse 6 — Surah Al-Jinn 72:6

Həqiqətən, (Cahiliyyət dövründə) bə’zi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar (cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər)

Verse 7 — Surah Al-Jinn 72:7

Onlar (o insanlar) da siz (cinlər, yaxud o cinlər də siz insanlar) təkin elə güman edirdilər ki, Allah heç kəsi (öləndən sonra) diriltməyəcəkdir

Verse 8 — Surah Al-Jinn 72:8

Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün) göyə qalxmaq istədik (səmanı yoxladıq), amma onun (mələklərdən ibarət) güclü gözətçilər və yandırıb-yaxan (axan) ulduzlarla dolu olduğunu gördük

Verse 9 — Surah Al-Jinn 72:9

Biz (Muhəmməd əleyhissəlamın peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə) qulaq asmaq üçün (göyün) bə’zi yerlərində otururduq. Lakin indi kim (onların söhbətinə) qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər

Verse 10 — Surah Al-Jinn 72:10

Biz bilmirik ki, (göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə) yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir

Verse 11 — Surah Al-Jinn 72:11

Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə (məzhəblərə) ayrılmışıq

Verse 12 — Surah Al-Jinn 72:12

Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik (heç yerdə, heç zaman Allahı aciz edə bilmərik)

Verse 13 — Surah Al-Jinn 72:13

Doğrusu, biz hidayət yolunu göstərəni (Qur’anı) dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa mə’ruz qalmaqdan (başqasının günahlarının ona yüklənməsindən) qorxar

Verse 14 — Surah Al-Jinn 72:14

Şübhəsiz ki, aramızda (Allaha və Onun Peyğəmbəri Muhəmməd əleyhissəlama iman gətirən) müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır

Verse 15 — Surah Al-Jinn 72:15

(Haqq yoldan) çıxanlar isə Cəhənnəm üçün odun olacaqlar (orada yandırılacaqlar)”

Verse 16 — Surah Al-Jinn 72:16

(Sonra mənə belə vəhy olundu:) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik ki

Verse 17 — Surah Al-Jinn 72:17

Onları bununla (bu ne’mətlə) imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər

Verse 18 — Surah Al-Jinn 72:18

Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin

Verse 19 — Surah Al-Jinn 72:19

Allahın bəndəsi (Muhəmməd əleyhissəlam) Ona ibadət etmək (namaz qılmaq) üçün qalxdıqda (cinlər) az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər (izdihamın çoxluğundan bir-birinin üstünə minsinlər)

Verse 20 — Surah Al-Jinn 72:20

(Ya Peyğəmbər!) De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”

Verse 21 — Surah Al-Jinn 72:21

De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm! (Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər!)”

Verse 22 — Surah Al-Jinn 72:22

De: “Məni Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm

Verse 23 — Surah Al-Jinn 72:23

(Mənim əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Qur’anı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”

Verse 24 — Surah Al-Jinn 72:24

Onlar təhdid olunduqlarını (qiyamətdəki, və ya Bədr vuruşundakı əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər

Verse 25 — Surah Al-Jinn 72:25

De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət tə’yin edəcəyini bilmirəm

Verse 26 — Surah Al-Jinn 72:26

Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz

Verse 27 — Surah Al-Jinn 72:27

Bəyənib seçdiyi peyğəmbərdən başqa! (Qeybi nə bir mələk, nə də bir peyğəmbər bilər. Onun açarları ancaq Allahın əlindədir. Lakin Allah istədiyi peyğəmbərə bir mö’cüzə olaraq vəhy yolu ilə qeybdən bə’zi xəbərlər bildirər). Allah onların önündə və arxasında (mələklərdən ibarət) gözətçilər qoyar ki

Verse 28 — Surah Al-Jinn 72:28

(Peyğəmbərlərinin) öz Rəbbinin göndərdiklərini (nə cür) təbliğ etdiyini bilsin (bəlli etsin). (Allah) onlarda olanların hamısını (peyğəmbərlərin əhvalatını və bütün əməllərini Öz elmi ilə) ehtiva etmişdir. O, hər şeyi bir-bir sayıb yazmışdır (təsbit etmişdir)!”