Back to Languages

Azerbaijani - Chapter 76 - Al-Insan

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Insan 76:1

İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yə’ni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı)

Verse 2 — Surah Al-Insan 76:2

Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq

Verse 3 — Surah Al-Insan 76:3

Biz ona haqq yolu göstərdik. İstər (ne’mətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)

Verse 4 — Surah Al-Insan 76:4

Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu bir atəş hazırlamışıq

Verse 5 — Surah Al-Insan 76:5

Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri (Cənnətdə) kafur qatılmış (şərabla dolu) qədəhdən içəcəklər

Verse 6 — Surah Al-Insan 76:6

O (kafur) elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu (istədikləri yerə) asanlıqla axıdacaqlar

Verse 7 — Surah Al-Insan 76:7

Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar

Verse 8 — Surah Al-Insan 76:8

Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər

Verse 9 — Surah Al-Insan 76:9

(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik

Verse 10 — Surah Al-Insan 76:10

Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”

Verse 11 — Surah Al-Insan 76:11

Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir)

Verse 12 — Surah Al-Insan 76:12

Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır

Verse 13 — Surah Al-Insan 76:13

Onlar orada (o cənnətlərdə) taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər

Verse 14 — Surah Al-Insan 76:14

(Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər)

Verse 15 — Surah Al-Insan 76:15

(Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar

Verse 16 — Surah Al-Insan 76:16

Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər

Verse 17 — Surah Al-Insan 76:17

Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir

Verse 18 — Surah Al-Insan 76:18

(Zəncəfil) orada (Cənnətdə) bir çeşmədir ki, (suyu boğazdan çox rahat keçdiyi üçün) Səlsəbil adlanır

Verse 19 — Surah Al-Insan 76:19

Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən

Verse 20 — Surah Al-Insan 76:20

(Orada) hara baxsan, ne’mət və böyük bir mülk görərsən

Verse 21 — Surah Al-Insan 76:21

(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir

Verse 22 — Surah Al-Insan 76:22

(Onlara belə deyiləcəkdir:) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!”

Verse 23 — Surah Al-Insan 76:23

(Ya Peyğəmbər!) Həqiqətən, Biz Qur’anı sənə tədriclə (ayə-ayə, surə-surə) nazil etdik

Verse 24 — Surah Al-Insan 76:24

Elə isə Rəbbinin hökmünə səbr et və onlardan (Məkkə müşriklərindən) günahkar və nankor olana boyun əymə

Verse 25 — Surah Al-Insan 76:25

Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl)

Verse 26 — Surah Al-Insan 76:26

Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şə’ninə tə’riflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir)

Verse 27 — Surah Al-Insan 76:27

Həqiqətən, bunlar (Məkkə müşrikləri) tez keçib gedəni (fani dünyanı) sevər, ağır günə (qiyamət gününə) dal çevirərlər

Verse 28 — Surah Al-Insan 76:28

Onları yaradan da, güclü-qüvvətli edən də (oynaqlarını bir-birinə bağlayan da) Bizik. Əgər istəsək, onları özləri kimilərlə əvəz edərik

Verse 29 — Surah Al-Insan 76:29

Həqiqətən, bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar)

Verse 30 — Surah Al-Insan 76:30

(Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir

Verse 31 — Surah Al-Insan 76:31

(Allah) istədiyi kimsən Öz mərhəmətinə qovuşdurar. Zalımlara gəldikdə isə, (Allah) onlar üçün (axirətdə) şiddətli bir əzab hazırlamışdır