Verse 1 — Surah Yusuf 12:1
Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir
Verse 2 — Surah Yusuf 12:2
Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz
Verse 3 — Surah Yusuf 12:3
Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin
Verse 4 — Surah Yusuf 12:4
Bir zaman Yusuf atasına demişdi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə səcdə etdiyini gördüm”
Verse 5 — Surah Yusuf 12:5
O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir
Verse 6 — Surah Yusuf 12:6
Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”
Verse 7 — Surah Yusuf 12:7
Sözsüz ki, Yusuf və onun qardaşlarının hekayətində soruşanlar üçün ibrətlər vardır
Verse 8 — Surah Yusuf 12:8
Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir
Verse 9 — Surah Yusuf 12:9
Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olasınız”
Verse 10 — Surah Yusuf 12:10
Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər ona qarşı hökmən nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!”
Verse 11 — Surah Yusuf 12:11
Onlar dedilər: “Ey atamız! Sənə nə olub ki, Yusufu bizə etibar etmirsən? Həqiqətən də, biz ona xeyir arzulayırıq
Verse 12 — Surah Yusuf 12:12
Sabah onu bizimlə göndərsən, bir qədər əylənib oynayar. Biz onu mütləq qoruyarıq!”
Verse 13 — Surah Yusuf 12:13
O dedi: “Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin”
Verse 14 — Surah Yusuf 12:14
Onlar dedilər: “Biz bütöv bir dəstə olduğumuz halda canavar onu yesə, onda biz ziyana uğrayarıq”
Verse 15 — Surah Yusuf 12:15
Qardaşları onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”
Verse 16 — Surah Yusuf 12:16
Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib
Verse 17 — Surah Yusuf 12:17
dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”
Verse 18 — Surah Yusuf 12:18
Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi: “Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”
Verse 19 — Surah Yusuf 12:19
Quyunun yaxınlığına bir karvan gəldi və suçularını su dalınca göndərdilər. O, su qabını quyuya saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı var!”– dedi. Karvan əhli onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi
Verse 20 — Surah Yusuf 12:20
Karvan əhli onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Yusufun qardaşları onu çox qiymətləndirmədilər
Verse 21 — Surah Yusuf 12:21
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu bunu bilmir
Verse 22 — Surah Yusuf 12:22
Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq
Verse 23 — Surah Yusuf 12:23
Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı sənin ərin mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi
Verse 24 — Surah Yusuf 12:24
Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır
Verse 25 — Surah Yusuf 12:25
Onlar bir-birini qabaqlamaq məqsədilə qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. İkisi də qapının yanında qadının əri ilə rastlaşdı. Qadın dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası, zindana salınmaqdan və ya ağrılı-acılı bir əzaba düçar edilməkdən başqa nə ola bilər?!”
Verse 26 — Surah Yusuf 12:26
Yusuf dedi: “O məni yoldan çıxartmaq istəyirdi”. Qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır
Verse 27 — Surah Yusuf 12:27
Yox əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”
Verse 28 — Surah Yusuf 12:28
Qadının əri onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Şübhəsiz ki, bu sizin qadın hiylələrinizdəndir. Həqiqətən də, sizin hiyləniz böyükdür
Verse 29 — Surah Yusuf 12:29
Yusuf, sən bundan – bu işi açıb danışmaqdan vaz keç! Sən də ey arvad, günahına görə bağışlanma dilə. Çünki sən, günah işlətmisən”
Verse 30 — Surah Yusuf 12:30
Şəhərdəki qadınlar dedilər: “Zadəgan kişinin arvadı cavan köləsini yoldan çıxartmaq istəyir. Ehtiras onu coşdurmuşdur. Biz onu aşkar bir azğınlıq içində görürük”
Verse 31 — Surah Yusuf 12:31
Qadın onların hiyləsindən xəbər tutduqda məclis qurub onları qonaqlığa dəvət etdi, onlar üçün mütəkkələr hazırladı, sonra da onların hər birinə bir bıçaq verdi və Yusufa: “Onların qarşısına çıx!”– dedi. Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: “Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!”
Verse 32 — Surah Yusuf 12:32
Qadın dedi: “Barəsində məni qınadığınız oğlan bax budur! Mən onu yoldan çıxartmağa çalışdım, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, əlbəttə ki, zindana atılacaq və zəlillərdən olacaqdır”
Verse 33 — Surah Yusuf 12:33
Yusuf dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”
Verse 34 — Surah Yusuf 12:34
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir
Verse 35 — Surah Yusuf 12:35
Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər
Verse 36 — Surah Yusuf 12:36
Onunla birlikdə iki gənc də zindana salındı. Onlardan biri dedi: “Mən yuxuda gördüm ki, üzümdən şərab sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan dimdikləyib yeyir. Bunun yozumunu bizə bildir. Həqiqətən, biz səni yaxşı adam hesab edirik”
Verse 37 — Surah Yusuf 12:37
O dedi: “Sizə veriləcək yemək gəlməmişdən əvvəl mən bunun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Mən Allaha iman gətirməyən, özləri də axirəti inkar edən adamların dinindən uzaqlaşmışam
Verse 38 — Surah Yusuf 12:38
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və bütün insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir
Verse 39 — Surah Yusuf 12:39
Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, hər şeyə Qalib gələn Allah
Verse 40 — Surah Yusuf 12:40
Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. O əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir
Verse 41 — Surah Yusuf 12:41
Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başından dimdikləyib yeyəcəklər. Haqqında fitva soruşduğunuz işə qabaqcadan qərar verilmişdir”
Verse 42 — Surah Yusuf 12:42
Yusuf onlardan edamdan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni yada sal!” Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı
Verse 43 — Surah Yusuf 12:43
Padşah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”
Verse 44 — Surah Yusuf 12:44
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”
Verse 45 — Surah Yusuf 12:45
O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xatırlayaraq dedi: “Mən sizə onun yozumunu bildirərəm. Bircə məni Yusufun yanına göndərin!”
Verse 46 — Surah Yusuf 12:46
O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bilsin ki, mən o adamların yanına qayıdım, bəlkə onlar da bilsinlər”
Verse 47 — Surah Yusuf 12:47
Yusuf dedi: “Yeddi il bacardığınız qədər əkin. Biçdiyinizi isə, yeyəcəyiniz az bir miqdar istisna olmaqla, sünbüldə saxlayın
Verse 48 — Surah Yusuf 12:48
Sonra bunun ardınca, toxumluq saxlayacağınız az bir miqdar istisna olmaqla, əvvəlcədən həmin illər üçün tədarük gördüyünüzü yeyəcək yeddi ağır il – quraqlıq illəri gələcək
Verse 49 — Surah Yusuf 12:49
Bunun ardınca da elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və onlar çoxlu meyvə şirəsi sıxacaqlar”
Verse 50 — Surah Yusuf 12:50
Padşah dedi: “Onu yanıma gətirin!” Elçi onun yanına gəldikdə Yusuf dedi: “Ağanın yanına qayıt və soruş gör ki, əllərini kəsən qadınların məqsədi nə idi? Şübhəsiz ki, Rəbbim onların hiyləsini bilir”
Verse 51 — Surah Yusuf 12:51
Padşah qadınlara dedi: “Yusufu yoldan çıxartmaqla nə məqsəd güdürdünüz?” Onlar dedilər: “Allah uzaq eləsin! Biz onun haqqında pis bir şey bilmirik”. Zadəgan kişinin arvadı dedi: “İndi haqq bəlli oldu. Onu mən yoldan çıxartmaq istəyirdim. Həqiqətən də, o, doğru danışanlardandır
Verse 52 — Surah Yusuf 12:52
Bu etiraf ona görədir ki, ərim yanımda olmadıqda ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin
Verse 53 — Surah Yusuf 12:53
Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”
Verse 54 — Surah Yusuf 12:54
Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın adam edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi
Verse 55 — Surah Yusuf 12:55
Yusuf dedi: “Bu yerin xəzinələrini qorumağı mənə tapşır. Çünki mən qoruyanam, bu işi bilənəm”
Verse 56 — Surah Yusuf 12:56
Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik
Verse 57 — Surah Yusuf 12:57
İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir
Verse 58 — Surah Yusuf 12:58
Yusufun qardaşları Misirə gəlib onun yanına daxil oldular. Yusuf onları tanıdı, onlar isə onu tanımadılar
Verse 59 — Surah Yusuf 12:59
Yusuf onların ərzaq yüklərini hazırlayarkən dedi: “Atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüz ki, mən ölçüyə tam riayət edirəm və mən qonaqpərvərlərin ən yaxşısıyam
Verse 60 — Surah Yusuf 12:60
Əgər onu yanıma gətirməsəniz, mənim yanımda sizin üçün bir qab belə ərzaq verilməyəcək, özünüz də mənə yaxınlaşmayın”
Verse 61 — Surah Yusuf 12:61
Onlar dedilər: “Ona görə atasını razı salmağa çalışarıq. Biz əlbəttə, bunu edərik”
Verse 62 — Surah Yusuf 12:62
O, öz xidmətçilərinə dedi: “Onların taxıl əvəzinə ödədikləri mallarını da yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar”
Verse 63 — Surah Yusuf 12:63
Onlar atalarının yanına qayıtdıqda dedilər: “Ey atamız! Daha bizə ərzaq verilməyəcək. Ölçüb ərzaq almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Şübhəsiz ki, biz onu qoruyacağıq”
Verse 64 — Surah Yusuf 12:64
O dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhmlilərin ən rəhmlisidir”
Verse 65 — Surah Yusuf 12:65
Onlar yüklərini açdıqda verdikləri mallarının da özlərinə qaytarıldığını görüb dedilər: “Ey atamız! Bizə daha nə lazımdır ki? Budur, sərmayəmiz özümüzə qaytarılıb. Biz ailəmizi ərzaqla təmin edər, qardaşımızı qoruyar və bir dəvə yükü artıq ərzaq alarıq. Bu isə satın aldığımızın az bir miqdarıdır”
Verse 66 — Surah Yusuf 12:66
Yaqub dedi: “Əhatə olunub çarəsiz qalmanız istisna olmaqla, onu yanıma gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm”. Onlar and içdikdə Yaqub dedi: “Allah söylədiklərimizə Vəkildir”
Verse 67 — Surah Yusuf 12:67
O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”
Verse 68 — Surah Yusuf 12:68
Atalarının onlara əmr etdiyi yerlərdən daxil olmalarının Allah yanında onlar üçün heç bir faydası olmadı, lakin bu, Yaqubun nəfsindəki bir istək idi ki, onu da yerinə yetirdi. Həqiqətən də, o, elm sahibi idi, çünki onu Biz öyrətmişdik. Lakin insanların çoxu bunu bilmir
Verse 69 — Surah Yusuf 12:69
Onlar Yusufun yanına daxil olduqda o, qardaşını bərk-bərk qucaqlayıb dedi: “Mən sənin qardaşınam. Onların tutduqları işlərə görə kədərlənmə”
Verse 70 — Surah Yusuf 12:70
Yusuf onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!”
Verse 71 — Surah Yusuf 12:71
Qardaşlar onlara tərəf dönüb: “Nə itirmisiniz?”– dedilər
Verse 72 — Surah Yusuf 12:72
Onlar dedilər: “Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. Carçı: “Mən buna zaminəm!”– dedi
Verse 73 — Surah Yusuf 12:73
Onlar dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz bu yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik”
Verse 74 — Surah Yusuf 12:74
Onlar dedilər: “Əgər yalançısınızsa, onda onun cəzası nədir?”
Verse 75 — Surah Yusuf 12:75
Qardaşlar dedilər: “Onun cəzası – itmiş piyalə yükündə tapılan kimsənin özünün kölə edilərək cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”
Verse 76 — Surah Yusuf 12:76
O, qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, padşahın qanunlarına görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır
Verse 77 — Surah Yusuf 12:77
Onlar dedilər: “Əgər piyaləni o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi və öz-özünə: “Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir”– dedi
Verse 78 — Surah Yusuf 12:78
Onlar dedilər: “Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik”
Verse 79 — Surah Yusuf 12:79
O dedi: “Allah eləməsin ki, xurcununda malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”
Verse 80 — Surah Yusuf 12:80
Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izin verməyincə və ya mənə aid Allah hökm verməyincə, mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır
Verse 81 — Surah Yusuf 12:81
Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilənlər deyilik
Verse 82 — Surah Yusuf 12:82
Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, həqiqətən də, doğru danışırıq”
Verse 83 — Surah Yusuf 12:83
Yaqub dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Hikmət sahibidir”
Verse 84 — Surah Yusuf 12:84
Yaqub onlardan üz döndərdi və: “Heyif Yusufdan!”– dedi. Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı
Verse 85 — Surah Yusuf 12:85
Onlar dedilər: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”
Verse 86 — Surah Yusuf 12:86
O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan nazil olan vəhy sayəsində sizin bilmədiklərinizdən agah oluram
Verse 87 — Surah Yusuf 12:87
Ey oğullarım! Yusufdan və qardaşından xəbər tutmaq üçün yola düşün, Allahın mərhəmətindən ümidinizi üzməyin. Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini üzərlər”
Verse 88 — Surah Yusuf 12:88
Onlar Yusufun yanına girdikdə dedilər: “Ey hökm sahibi! Biz və ailəmiz fəlakətə uğramışıq. Bir az mal gətirmişik. Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”
Verse 89 — Surah Yusuf 12:89
O dedi: “Siz nadanlığınız dövründə Yusufa və qardaşına nələr etdiyiniz yadınızdadırmı?”
Verse 90 — Surah Yusuf 12:90
Onlar dedilər: “Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”
Verse 91 — Surah Yusuf 12:91
Onlar dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə günahkar olmuşuq”
Verse 92 — Surah Yusuf 12:92
Yusuf dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir
Verse 93 — Surah Yusuf 12:93
Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. Sonra da bütün ailənizlə birlikdə yanıma gəlin”
Verse 94 — Surah Yusuf 12:94
Karvan Misir torpağından ayrılanda ataları dedi: “Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”
Verse 95 — Surah Yusuf 12:95
Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən”
Verse 96 — Surah Yusuf 12:96
Müjdəçi gəlib köynəyi onun üzünə atan kimi gözləri açıldı və o dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan gələn vəhy sayəsində sizin bilmədiklərinizi bilirəm?”
Verse 97 — Surah Yusuf 12:97
Onlar dedilər: “Ey atamız! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Doğrudan da, biz günahkar olmuşuq”
Verse 98 — Surah Yusuf 12:98
O dedi: “Mən Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”
Verse 99 — Surah Yusuf 12:99
Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!”
Verse 100 — Surah Yusuf 12:100
O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar hamısı onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan yanıma gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Hikmət sahibidir
Verse 101 — Surah Yusuf 12:101
Ey Rəbbim! Sən mənə hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim Himayədarımsan. Mənim canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”
Verse 102 — Surah Yusuf 12:102
Bunlar sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin
Verse 103 — Surah Yusuf 12:103
Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir
Verse 104 — Surah Yusuf 12:104
Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu Quran aləmlər üçün ancaq bir öyüd-nəsihətdir
Verse 105 — Surah Yusuf 12:105
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər
Verse 106 — Surah Yusuf 12:106
Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir
Verse 107 — Surah Yusuf 12:107
Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları qaplamayacağına və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi
Verse 108 — Surah Yusuf 12:108
De: “Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”
Verse 109 — Surah Yusuf 12:109
Biz səndən əvvəl də məmləkət əhlindən yalnız özlərinə vəhy etdiyimiz kişilərdən elçi göndərdik. Məgər müşriklər yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, Axirət yurdu Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər anlamırsınız
Verse 110 — Surah Yusuf 12:110
Elçilər hər dəfə ümidlərini itirdikdə və özlərinin yalançı hesab edildiklərini güman etdikdə köməyimiz onlara gəlir və istədiyimiz kəs də nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla dəf olunmaz
Verse 111 — Surah Yusuf 12:111
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir