Back to LanguagesPrevious ChapterNext Chapter
Azerbaijani - Chapter 19 - Maryam
Translation by Khan Musayev — Permalink
Verse 1 — Surah Maryam 19:1
Kəf. Hə. Yə. Ayn. Sad
Verse 2 — Surah Maryam 19:2
Bu sənin Rəbbinin Öz qulu Zəkəriyyaya göstərdiyi mərhəmətinin yada salınmasıdır
Verse 3 — Surah Maryam 19:3
Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib
Verse 4 — Surah Maryam 19:4
demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam
Verse 5 — Surah Maryam 19:5
Mən özümdən sonra gələn qohumlarımdan bəzisinin dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki
Verse 6 — Surah Maryam 19:6
o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!”
Verse 7 — Surah Maryam 19:7
Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”
Verse 8 — Surah Maryam 19:8
O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”
Verse 9 — Surah Maryam 19:9
Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»
Verse 10 — Surah Maryam 19:10
O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Allah buyurdu: “Əlamətin budur ki, sən sağlam ikən üç gecə adamlarla danışmayacaqsan!”
Verse 11 — Surah Maryam 19:11
O, mehrabdan öz qövmünün qarşısına çıxıb onlara işarə ilə başa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”
Verse 12 — Surah Maryam 19:12
Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– deyə vəhy etdik. Biz ona uşaq ikən hikmət bəxş etdik
Verse 13 — Surah Maryam 19:13
Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi
Verse 14 — Surah Maryam 19:14
Həm də ata-anasına qarşı qayğıkeş idi; lovğa və asi deyildi
Verse 15 — Surah Maryam 19:15
Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun
Verse 16 — Surah Maryam 19:16
Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş
Verse 17 — Surah Maryam 19:17
və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuz Cəbraili onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu
Verse 18 — Surah Maryam 19:18
Məryəm dedi: “Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma”
Verse 19 — Surah Maryam 19:19
Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”
Verse 20 — Surah Maryam 19:20
Məryəm dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”
Verse 21 — Surah Maryam 19:21
Mələk dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, hökmü verilmiş bir işdir”»
Verse 22 — Surah Maryam 19:22
Məryəm uşağa qaldı və bətnindəki ilə birlikdə gedib uzaq bir yerə çəkildi
Verse 23 — Surah Maryam 19:23
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”
Verse 24 — Surah Maryam 19:24
Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı
Verse 25 — Surah Maryam 19:25
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün
Verse 26 — Surah Maryam 19:26
Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”»
Verse 27 — Surah Maryam 19:27
Məryəm körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Onlar dedilər: “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutdun
Verse 28 — Surah Maryam 19:28
Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi”
Verse 29 — Surah Maryam 19:29
Məryəm uşağı göstərdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?”
Verse 30 — Surah Maryam 19:30
Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi
Verse 31 — Surah Maryam 19:31
Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi
Verse 32 — Surah Maryam 19:32
Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi
Verse 33 — Surah Maryam 19:33
Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”
Verse 34 — Surah Maryam 19:34
Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur
Verse 35 — Surah Maryam 19:35
Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar
Verse 36 — Surah Maryam 19:36
İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”
Verse 37 — Surah Maryam 19:37
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına
Verse 38 — Surah Maryam 19:38
Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər
Verse 39 — Surah Maryam 19:39
Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər
Verse 40 — Surah Maryam 19:40
Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır
Verse 41 — Surah Maryam 19:41
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi
Verse 42 — Surah Maryam 19:42
Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən
Verse 43 — Surah Maryam 19:43
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim
Verse 44 — Surah Maryam 19:44
Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu
Verse 45 — Surah Maryam 19:45
Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”
Verse 46 — Surah Maryam 19:46
Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim?! Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
Verse 47 — Surah Maryam 19:47
İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır
Verse 48 — Surah Maryam 19:48
Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”
Verse 49 — Surah Maryam 19:49
İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik
Verse 50 — Surah Maryam 19:50
Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik
Verse 51 — Surah Maryam 19:51
Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi
Verse 52 — Surah Maryam 19:52
Biz Musanı sağ tərəfindəki Tur dağının yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik
Verse 53 — Surah Maryam 19:53
Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik
Verse 54 — Surah Maryam 19:54
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi
Verse 55 — Surah Maryam 19:55
O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı
Verse 56 — Surah Maryam 19:56
Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi
Verse 57 — Surah Maryam 19:57
Biz onu yüksək bir məqama ucaltdıq
Verse 58 — Surah Maryam 19:58
Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır
Verse 59 — Surah Maryam 19:59
Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar
Verse 60 — Surah Maryam 19:60
Ancaq Allaha tövbə edib iman gətirənlər və saleh əməllər edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar
Verse 61 — Surah Maryam 19:61
Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn cənnətləridir. Onun vədi mütləq yerinə yetəcəkdir
Verse 62 — Surah Maryam 19:62
Onlar orada boş sözlər deyil, ancaq: “Salam!” eşidəcəklər. Orada səhər-axşam onların ruzisi olacaqdır
Verse 63 — Surah Maryam 19:63
Qullarımızdan olan müttəqilər üçün miras edəcəyimiz Cənnət budur
Verse 64 — Surah Maryam 19:64
Mələklər dedi: “Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”
Verse 65 — Surah Maryam 19:65
O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı
Verse 66 — Surah Maryam 19:66
İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?”
Verse 67 — Surah Maryam 19:67
Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı
Verse 68 — Surah Maryam 19:68
Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik
Verse 69 — Surah Maryam 19:69
Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq
Verse 70 — Surah Maryam 19:70
Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq
Verse 71 — Surah Maryam 19:71
İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır
Verse 72 — Surah Maryam 19:72
Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik
Verse 73 — Surah Maryam 19:73
Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”
Verse 74 — Surah Maryam 19:74
Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik
Verse 75 — Surah Maryam 19:75
De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”
Verse 76 — Surah Maryam 19:76
Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır
Verse 77 — Surah Maryam 19:77
Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcək!”– deyən adamı gördünmü
Verse 78 — Surah Maryam 19:78
Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vəd almışdır
Verse 79 — Surah Maryam 19:79
Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq
Verse 80 — Surah Maryam 19:80
Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir
Verse 81 — Surah Maryam 19:81
Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar
Verse 82 — Surah Maryam 19:82
Xeyr! Qiyamət günü o məbudlar onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar
Verse 83 — Surah Maryam 19:83
Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi
Verse 84 — Surah Maryam 19:84
Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq
Verse 85 — Surah Maryam 19:85
O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq
Verse 86 — Surah Maryam 19:86
Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq
Verse 87 — Surah Maryam 19:87
Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar
Verse 88 — Surah Maryam 19:88
Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!”– dedilər
Verse 89 — Surah Maryam 19:89
Siz olduqca pis bir iş tutdunuz
Verse 90 — Surah Maryam 19:90
Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –
Verse 91 — Surah Maryam 19:91
Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə
Verse 92 — Surah Maryam 19:92
Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz
Verse 93 — Surah Maryam 19:93
Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək
Verse 94 — Surah Maryam 19:94
Allah onları hesablamış və bir-bir saymışdır
Verse 95 — Surah Maryam 19:95
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək
Verse 96 — Surah Maryam 19:96
İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq
Verse 97 — Surah Maryam 19:97
Biz Quranı sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən
Verse 98 — Surah Maryam 19:98
Biz onlardan əvvəl neçə-neçə nəsli məhv etdik. Heç onlardan kiminsə mövcudluğunu hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi