Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir, səltənətində də heç bir şəriki yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir
Kafirlər isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud götürdülər
Kafirlər: “Bu, Muhəmmədin uydurduğu yalandan başqa bir şey deyil. Ona bu işdə başqa adamlar da kömək etmişlər”– dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər
Niyə ona bir xəzinə verilmədi? Niyə meyvəsindən yeyib dolanmasından ötrü bir bağı olmadı?” Zalımlar: “Siz ancaq sehrlənmiş bir adamın ardınca gedirsiniz”– dedilər
İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan cənnətlər yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır
Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir
O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”
Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”
Kafirlərə deyiləcək: “Onlar sizin dediklərinizi yalan hesab etdilər. Artıq siz nə əzabı özünüzdən dəf edə bilər, nə də başqa bir əlac tapa bilərsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”
Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınağa çəkdik ki, görək səbir edə biləcəksinizmi? Sənin Rəbbin Görəndir
Bizimlə qarşılaşacaqlarını güman etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə biz Rəbbimizi görmürük?” Onlar özləri haqqında yüksək fikirdə oldular və böyük üsyankarlıq etdilər
Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik
Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq
Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə inanmırlar
Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı”. Onlar əzabı gördükləri zaman kimin haqq yoldan daha çox azdığını anlayacaqlar
Onlara: “Mərhəmətli Allaha səcdə edin!”– deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”– deyərlər. Bu da onların nifrətini artırar
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir