İnsanlar arasında eləsi də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alır. Məhz onları alçaldıcı bir əzab gözləyir
Ayələrimiz onlara oxunduğu zaman sanki ona eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ
O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik
Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyil, Tərifəlayiqdir”
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm
Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır
Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir
Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir
Onlara: “Allahın nazil etdiyinə itaət edin!”– deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun
Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar hökmən: “Allah!”– deyəcəklər. De: “Həmd, Allaha məxsusdur!” Lakin onların çoxu bunu bilmir
Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Hikmət sahibidir
Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi
Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir
Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər
Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi haqdır. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın
Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, hər şeyi biləndir, hər şeydən xəbərdardır