Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz
Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır
O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır
Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz
Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyil. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcək. Həqiqətən, O, kökslərdə olanları bilir
İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən həzər edən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”
Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”
Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”
Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət var
Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər
Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir
Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur
Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz
Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”
Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən
Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır
Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, bəs necə olsun?”
Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər
Yer üzündə olanların hamısı, üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri bir əzab üz verəcəkdir
İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir
Onlar etdikləri pis əməllərin cəzasına çatdılar. Bunlardan zalım olanlara da qazandıqları günahların cəzası yetişəcək və onlar qaçıb canlarını qurtara bilməyəcəklər
Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır
Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”
Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!”
Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır
Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcək. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcək
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”
Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”
Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir