Back to Languages

Azerbaijani - Chapter 23 - Al-Muminun

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Al-Muminun 23:1

Həqiqətən, mö’minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar)

Verse 2 — Surah Al-Muminun 23:2

O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər)

Verse 3 — Surah Al-Muminun 23:3

O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər

Verse 4 — Surah Al-Muminun 23:4

O kəslər ki, zakat verərlər

Verse 5 — Surah Al-Muminun 23:5

O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar

Verse 6 — Surah Al-Muminun 23:6

Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar

Verse 7 — Surah Al-Muminun 23:7

Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)

Verse 8 — Surah Al-Muminun 23:8

O mö’minlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər)

Verse 9 — Surah Al-Muminun 23:9

Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar)

Verse 10 — Surah Al-Muminun 23:10

Onlardır (bilin) varis olanlar –

Verse 11 — Surah Al-Muminun 23:11

Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar

Verse 12 — Surah Al-Muminun 23:12

Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik)

Verse 13 — Surah Al-Muminun 23:13

Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik

Verse 14 — Surah Al-Muminun 23:14

Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur

Verse 15 — Surah Al-Muminun 23:15

(Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz

Verse 16 — Surah Al-Muminun 23:16

Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz

Verse 17 — Surah Al-Muminun 23:17

And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)

Verse 18 — Surah Al-Muminun 23:18

Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik

Verse 19 — Surah Al-Muminun 23:19

Sonra sizin üçün onunla (o su ilə) xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz

Verse 20 — Surah Al-Muminun 23:20

(Sizin üçün həmçinin mənşə e’tibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər

Verse 21 — Surah Al-Muminun 23:21

Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz

Verse 22 — Surah Al-Muminun 23:22

Həm onların, həm də gəmilərin üstündə (bir yerdən başqa yerə) daşınırsınız

Verse 23 — Surah Al-Muminun 23:23

Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”

Verse 24 — Surah Al-Muminun 23:24

(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik

Verse 25 — Surah Al-Muminun 23:25

Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin toxunmuşdur). Hələ bir müddət gözləyin!” (Ya sağalıb xəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölüb gedər, canımız qurtarar)

Verse 26 — Surah Al-Muminun 23:26

(Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən mə’yus olub) belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”

Verse 27 — Surah Al-Muminun 23:27

Biz (Nuha) belə vəhy etdik: “Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Çünki onlar suya qərq olacaqlar

Verse 28 — Surah Al-Muminun 23:28

Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de

Verse 29 — Surah Al-Muminun 23:29

Həmçinin (gəmidən enəndə) belə de: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”

Verse 30 — Surah Al-Muminun 23:30

Şübhəsiz ki, bunda (insanlar üçün) ibrətlər vardır. Həqiqətən, Biz (bəla, müsibət göndərməklə bəndələrimizi) imtahana çəkirik

Verse 31 — Surah Al-Muminun 23:31

Onlardan sonra başqa bir nəsil (Ad tayfasını) yaratdıq

Verse 32 — Surah Al-Muminun 23:32

Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi:) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”

Verse 33 — Surah Al-Muminun 23:33

Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada ne’mət verdiyimiz ə’yan - əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər)

Verse 34 — Surah Al-Muminun 23:34

Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. (Adi bir bəşərə aldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz)

Verse 35 — Surah Al-Muminun 23:35

O sizə ölüb torpaq və sür-sümük olduqdan sonra (qəbirlərinizdən dirildilib) çıxarılacağınızımı və’d edir

Verse 36 — Surah Al-Muminun 23:36

Və’d olunduğunuz şey çox uzaqdır, çox uzaq! (Bu, qeyri-mümkündür)

Verse 37 — Surah Al-Muminun 23:37

Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik

Verse 38 — Surah Al-Muminun 23:38

Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!”

Verse 39 — Surah Al-Muminun 23:39

(O peyğəmbər) belə dedi: “Ey Rəbbim! Onlar məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!”

Verse 40 — Surah Al-Muminun 23:40

(Allah) buyurdu: “Bir azdan peşman olacaqlar!”

Verse 41 — Surah Al-Muminun 23:41

(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun

Verse 42 — Surah Al-Muminun 23:42

Onlardan sonra başqa-başqa nəsillər (Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq

Verse 43 — Surah Al-Muminun 23:43

Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər

Verse 44 — Surah Al-Muminun 23:44

Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun

Verse 45 — Surah Al-Muminun 23:45

Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlillə göndərdik

Verse 46 — Surah Al-Muminun 23:46

Fir’onun və onun ə’yan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər)

Verse 47 — Surah Al-Muminun 23:47

(Fir’on və ə’yan-əşrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”

Verse 48 — Surah Al-Muminun 23:48

Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular

Verse 49 — Surah Al-Muminun 23:49

Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər

Verse 50 — Surah Al-Muminun 23:50

Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik

Verse 51 — Surah Al-Muminun 23:51

(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq:) “Ey peyğəmbərlər! Təmiz (halal) ne’mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm

Verse 52 — Surah Al-Muminun 23:52

Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”

Verse 53 — Surah Al-Muminun 23:53

Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)

Verse 54 — Surah Al-Muminun 23:54

(Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax

Verse 55 — Surah Al-Muminun 23:55

Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla

Verse 56 — Surah Al-Muminun 23:56

Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər)

Verse 57 — Surah Al-Muminun 23:57

Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər

Verse 58 — Surah Al-Muminun 23:58

Rəbbinin ayələrinə inanlar

Verse 59 — Surah Al-Muminun 23:59

Rəbbinə şərik qoşmayanlar

Verse 60 — Surah Al-Muminun 23:60

Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər –

Verse 61 — Surah Al-Muminun 23:61

Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər

Verse 62 — Surah Al-Muminun 23:62

Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz

Verse 63 — Surah Al-Muminun 23:63

Lakin (kafirlərin) qəlbləri bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət içindədir). Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar)

Verse 64 — Surah Al-Muminun 23:64

Nəhayət, onların naz-ne’mət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər

Verse 65 — Surah Al-Muminun 23:65

(Onlara belə deyirlər:) “Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!”

Verse 66 — Surah Al-Muminun 23:66

Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab edib inanmırdınız)

Verse 67 — Surah Al-Muminun 23:67

(Kə’bə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq (Qur’an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz)

Verse 68 — Surah Al-Muminun 23:68

Məgər (müşriklər) kəlam (Allah kəlamı - Qur’an) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Qur’anın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı)

Verse 69 — Surah Al-Muminun 23:69

Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər

Verse 70 — Surah Al-Muminun 23:70

Yaxud: “Onda divanəlik var?” – dedilər. Xeyr, Peyğəmbər onlara haqqla (Qur’anla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır

Verse 71 — Surah Al-Muminun 23:71

Əgər haqq (Qur’an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur’anı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər

Verse 72 — Surah Al-Muminun 23:72

Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır

Verse 73 — Surah Al-Muminun 23:73

Əslində sən onları doğru yola (islam dininə) də’vət edirsən

Verse 74 — Surah Al-Muminun 23:74

Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır

Verse 75 — Surah Al-Muminun 23:75

Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər)

Verse 76 — Surah Al-Muminun 23:76

Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər)

Verse 77 — Surah Al-Muminun 23:77

Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar)

Verse 78 — Surah Al-Muminun 23:78

Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın ne’mətlərinə) çox az şükür edirsiniz

Verse 79 — Surah Al-Muminun 23:79

Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz

Verse 80 — Surah Al-Muminun 23:80

Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz

Verse 81 — Surah Al-Muminun 23:81

Xeyr, onlar da əvvəlkilərin (keçmiş ümmətlərin) dedikləri kimi dedilər

Verse 82 — Surah Al-Muminun 23:82

(Keçmiş ümmətlər) belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?”

Verse 83 — Surah Al-Muminun 23:83

Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) və’d olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir

Verse 84 — Surah Al-Muminun 23:84

(Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?”

Verse 85 — Surah Al-Muminun 23:85

Onlar mütləq: “Allahındlr!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?”

Verse 86 — Surah Al-Muminun 23:86

De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?”

Verse 87 — Surah Al-Muminun 23:87

(Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?”

Verse 88 — Surah Al-Muminun 23:88

De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?”

Verse 89 — Surah Al-Muminun 23:89

Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz

Verse 90 — Surah Al-Muminun 23:90

Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar

Verse 91 — Surah Al-Muminun 23:91

Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır

Verse 92 — Surah Al-Muminun 23:92

O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır

Verse 93 — Surah Al-Muminun 23:93

(Ya Rəsulum!) De: “Ey Rəbbim! Əgər (müşriklərə) və’d etdiyin əzabı mənə göstərəcəksənsə

Verse 94 — Surah Al-Muminun 23:94

Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!” (“Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!”)

Verse 95 — Surah Al-Muminun 23:95

(Ya Rəsulum!) Biz onlara və’d etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik

Verse 96 — Surah Al-Muminun 23:96

Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik

Verse 97 — Surah Al-Muminun 23:97

Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram

Verse 98 — Surah Al-Muminun 23:98

Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!”

Verse 99 — Surah Al-Muminun 23:99

Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar

Verse 100 — Surah Al-Muminun 23:100

Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır

Verse 101 — Surah Al-Muminun 23:101

Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar)

Verse 102 — Surah Al-Muminun 23:102

Məhz tərəziləri ağır gələnlər (dünyada yaxşı əməlləri çox olanlar) nicat taparlar

Verse 103 — Surah Al-Muminun 23:103

Tərəziləri yüngül gələnlər (dünyada çoxlu günah qazananlar) isə özlərinə ziyan edənlərdir. Onlar Cəhənnəmdə əbədi qalarlar

Verse 104 — Surah Al-Muminun 23:104

Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar

Verse 105 — Surah Al-Muminun 23:105

(Onlara deyilər:) “Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!”

Verse 106 — Surah Al-Muminun 23:106

Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq

Verse 107 — Surah Al-Muminun 23:107

Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq”

Verse 108 — Surah Al-Muminun 23:108

(Allah) buyurar: “Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)”

Verse 109 — Surah Al-Muminun 23:109

Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər

Verse 110 — Surah Al-Muminun 23:110

Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz

Verse 111 — Surah Al-Muminun 23:111

Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!”

Verse 112 — Surah Al-Muminun 23:112

(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?”

Verse 113 — Surah Al-Muminun 23:113

Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər

Verse 114 — Surah Al-Muminun 23:114

Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır)

Verse 115 — Surah Al-Muminun 23:115

Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?”

Verse 116 — Surah Al-Muminun 23:116

Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir)

Verse 117 — Surah Al-Muminun 23:117

Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar

Verse 118 — Surah Al-Muminun 23:118

(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan