Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur
And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)
Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik
(Sizin üçün həmçinin mənşə e’tibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər
Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz
Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: “Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi, (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu (Nuhun təbliğ etdiyi tövhidi) ulu babalarımızdan (keçmiş ümmətlərdən) eşitməmişik
Bu adamda, sadəcə olaraq, bir dəlilik var. (Ona cin toxunmuşdur). Hələ bir müddət gözləyin!” (Ya sağalıb xəstəlikdən xilas olar, bir də belə şeylər danışmaz; ya da ölüb gedər, canımız qurtarar)
(Nuh onların bu sözlərindən və iman gətirməyəcəklərindən mə’yus olub) belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etməklərinə qarşı mənə kömək et!”
Biz (Nuha) belə vəhy etdik: “Gözlərimiz önündə (nəzarətimiz altında) və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt. Nəhayət, (onları məhv etmək barəsində) əmrimiz gəldiyi və təndir qaynadığı (təndirdən və ya yer üzündən, yaxud gəminin qazanından su qaynayıb daşdığı) zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, (qalan) ailə üzvlərini (və iman gətirənləri) gəmiyə mindir. Zülm (küfr) edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmasını Məndən iltimas etmə). Çünki onlar suya qərq olacaqlar
Onlara özlərindən bir peyğəmbər (Hudu) göndərdik. (O, tayfasına dedi:) “Allaha ibadət edin. Sizin ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?”
Tayfasının kafir olan, axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) yalan hesab edən və dünyada ne’mət verdiyimiz ə’yan - əşrafı (tabeçiliyində olanlara) dedi: “Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir. (O nə cür peyğəmbər ola bilər)
Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, şübhəsiz ki, ziyana uğrayarsınız. (Adi bir bəşərə aldanıb dünyada şan-şöhrətinizi, ad-sanınızı itirərsiniz)
Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik
(Bir az sonra) həqiqətən, qorxunc (tükürpədici) bir səs onları bürüdü. Biz onları (sel üstündəki) saman çöpünə döndərdik. Zalım (kafir) tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun
Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun
Fir’onun və onun ə’yan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər)
(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq:) “Ey peyğəmbərlər! Təmiz (halal) ne’mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm
Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)
Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər)
Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz
Lakin (kafirlərin) qəlbləri bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət içindədir). Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar)
(Kə’bə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq (Qur’an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz)
Məgər (müşriklər) kəlam (Allah kəlamı - Qur’an) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Qur’anın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı)
Əgər haqq (Qur’an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur’anı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər
Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır
Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər)
Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar)
Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz
Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) və’d olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir
Onlar mütləq: “Allahındlr!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?”
Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz
Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır
Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır
Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar)
Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar
Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq”
Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər
Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz
Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir)
Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar
(Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan