Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər)
Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır
Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər)
Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi
Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər
And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur)
(Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”
Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur
Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar:) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar
Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır
(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir)
O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür)
Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət ver