Back to Languages

Azerbaijani - Chapter 50 - Qaf

Translation by Vasim Mammadaliyev And Ziya Bunyadov — Permalink

Verse 1 — Surah Qaf 50:1

Qaf! (Ya Peyğəmbər!) Şanlı Qur’ana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)

Verse 2 — Surah Qaf 50:2

Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər:” Bu əcaba bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər)

Verse 3 — Surah Qaf 50:3

Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!”

Verse 4 — Surah Qaf 50:4

Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır

Verse 5 — Surah Qaf 50:5

Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər)

Verse 6 — Surah Qaf 50:6

Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi

Verse 7 — Surah Qaf 50:7

Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi

Verse 8 — Surah Qaf 50:8

(Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik

Verse 9 — Surah Qaf 50:9

Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik

Verse 10 — Surah Qaf 50:10

Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) –

Verse 11 — Surah Qaf 50:11

Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir

Verse 12 — Surah Qaf 50:12

Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi

Verse 13 — Surah Qaf 50:13

Ad (qövmü), Fir’on (əhli), Lut qardaşları

Verse 14 — Surah Qaf 50:14

Əykə əhli və Tübbə’ qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara və’d etdiyim (əzab) gerçəkləşdi

Verse 15 — Surah Qaf 50:15

Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! (Eləcə də qiyamət günü ölüləri diriltməkdən aciz qalmayacağıq!) Onlar yeni yaradılış (təkrar dirilmə) barəsində şəkk-şübhə içindədirlər

Verse 16 — Surah Qaf 50:16

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha mə’lumdur)

Verse 17 — Surah Qaf 50:17

Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur

Verse 18 — Surah Qaf 50:18

Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır

Verse 19 — Surah Qaf 50:19

Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir

Verse 20 — Surah Qaf 50:20

(Öləndən sonra yenidən dirilmək üçün) sur çalınacaqdır. Bu və’d olunmuş gündür (əzab günüdür)

Verse 21 — Surah Qaf 50:21

Hər bir kəs (Rəbbinin hüzuruna) bir sürüyən (sürüyüb məhşərə gətirən) və bir də şahidlə (iki mələklə) gələcəkdir

Verse 22 — Surah Qaf 50:22

(Ona belə deyiləcəkdir:) “Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!”

Verse 23 — Surah Qaf 50:23

Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: “Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!”

Verse 24 — Surah Qaf 50:24

(Allah o iki mələyə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri

Verse 25 — Surah Qaf 50:25

Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni

Verse 26 — Surah Qaf 50:26

O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!”

Verse 27 — Surah Qaf 50:27

Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!”

Verse 28 — Surah Qaf 50:28

(Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim

Verse 29 — Surah Qaf 50:29

Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!”

Verse 30 — Surah Qaf 50:30

O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir

Verse 31 — Surah Qaf 50:31

Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir

Verse 32 — Surah Qaf 50:32

(Onlara deyiləcəkdir:) “Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan

Verse 33 — Surah Qaf 50:33

Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür

Verse 34 — Surah Qaf 50:34

Ora sağlıqla (əmin-amanlıqla) daxil olun. Bu, əbədiyyət günüdür!”

Verse 35 — Surah Qaf 50:35

Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö’minlərin təsəvvür edə bilmədikləri ne’mətlər, Allahın rizasını və s.) mövcuddur

Verse 36 — Surah Qaf 50:36

Biz onlardan (Məkkə müşriklərindən) əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. (Onlar:) “Görəsən, (ölümdən qaçıb) can qurtarmağa bir yer varmı?” (deyərək) ölkə-ölkə gəzib dolaşmışdılar

Verse 37 — Surah Qaf 50:37

Şübhəsiz ki, bunda qəlb (ağıl) sahibi, yaxud (moizə edildiyi zaman bütün varlığı ilə) hazır olub (ona cani-dildən) qulaq asan kimsə üçün öyüd-nəsihət vardır

Verse 38 — Surah Qaf 50:38

And olsun ki, Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq da üz vermədi

Verse 39 — Surah Qaf 50:39

(Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər de

Verse 40 — Surah Qaf 50:40

Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)

Verse 41 — Surah Qaf 50:41

(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir)

Verse 42 — Surah Qaf 50:42

O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür

Verse 43 — Surah Qaf 50:43

Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır

Verse 44 — Surah Qaf 50:44

O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür)

Verse 45 — Surah Qaf 50:45

Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət ver