Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi
And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq
O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar
Onlar deyəcəklər: “Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: “Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!”
Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim (sizi əzabla) qorxutmağımın necə olduğunu mütləq biləcəksiniz
Onlardan (Məkkə mürşiklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar etməyim) necə oldu
Məgər onlar başları üstündə (səf çəkib) qanad çalaraq (qanadlarını açıb-yumaraq) uçan quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir
Yaxud bu əsgərləriniz (köməkçiləriniz) kimdir ki, onlar sizi Rəhmanın əzabından qurtara bilsinlər?! (Bəndələri Allahın əzabından Onun Özündən başqa heç kəs xilas edə bilməz!) Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar
Əgər (Allah) Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?! Xeyr onlar (cahillikləri üzündən) dikbaşlıqdan və (haqqa) nifrət etməkdən (boyun qoymamaqdan) əl çəkmirlər
Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: “Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib inanmadığınız) əzab budur!” – deyiləcəkdir
(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman gətirmək lazımdır)