Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir
Sizlərdən öz qadınlarını anaya bənzədərək özlərinə haram edənlərin zövcələri onların anaları deyillər. Anaları ancaq onları doğmuş qadınlardır. Onlar yaramaz və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, Bağışlayandır
Qadınlarını anaya bənzədib onları özlərinə haram edən, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır
Buna imkan tapa bilməyən kəs, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna gücü çatmayan kimsə altmış yoxsulu yedirtməlidir. Bu sizin Allaha və Onun Elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın qoyduğu hüdudlardır. Kafirləri isə ağrılı-acılı bir əzab gözləyir
Allaha və Onun Rəsuluna qarşı çıxanlar, özlərindən əvvəlkilərin alçaldıqları kimi alçaldılacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri alçaldıcı bir əzab gözləyir
O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcək. Allah onları hesaba almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər şeyə şahiddir
Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onlarladır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcək. Allah hər şeyi bilir
Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında xısın-xısın danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?”– deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir
Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanacağınız Allahdan qorxun
Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan şeytandandır. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Qoy möminlər Allaha təvəkkül etsinlər
Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!”– deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!”– deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır
Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız bilin ki, Allah Bağışlayandır, Rəhmlidir
Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz bunu etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır
Məgər sən, Allahın qəzəbinə gələn adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər
Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır
Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır
Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Rəsuluna düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. Allah onları ağacları altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır